Pənah Hüseyn: “Müxalifətin bir lider problemi var”

Pənah Hüseyn: “Müxalifətin bir lider problemi var” “Milli demokratik düşərgə böhrandan çıxmaq üçün Elçibəyə qayıtmalıdır”

“Yeni Müsavat”ın bugünkü qonağı sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Pənah bəylə mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 17 illiyi, eləcə də müxalifətin hazırkı durumu və digər məsələlərlə bağlı söhbət etdik.

- Pənah bəy, Elçibəyin vəfatından 17 il ötür. Onun yoxluğunu ölkə müxalifəti və şəxsiniz üçün necə dəyərləndirirsiz?



- Pafos xatirinə demirəm, bu gün Azərbaycan milli demokratik müxalifətinin mövcudluğu, fəaliyyəti, mübarizəsi varsa, bu, Elçibəy şəxsiyyətinin, Elçibəy ideyalarının sayəsindədir. Bu baxımdan, Elçibəyi siyasi və tarixi baxımdan ölmüş hesab etmək mümkün deyil. Azərbaycanda baş verən hadisələrə və gedən proseslərə Elçibəyin adında simvolizmə olunan ideyalar hələ də təsir göstərməkdə davam edir və uzun müddət də davam edəcək. Artıq onun ölümündən 17 il keçməsinə baxmayaraq, Elçibəyin ölüm və doğum günlərinin qeyd olunması da təsadüfi deyil. Rəsulzadə və Elçibəy o şəxslərdir ki, onların həm vəfatı, həm də doğum gününü yüzlərlə, bəlkə də minlərlə insan qeyd edir, məzarını ziyarət edir. Hətta onların içərisində Elçibəyi, ümumiyyətlə, görməyən, onunla çalışmayan, yalnız onun ideyalarına görə bunu edən şəxslər, gənclər çoxluq təşkil edir. Bu gün Azərbaycan adını, dövlətini, ideyasını, demokratiyasını Elçibəysiz təsəvvür etmək mümkün deyil. Elçibəy yaşayan tarixdir.


- Sizcə, illər keçdikcə ziyarətçilərin sayı azalmır?


- Əksinə, son on ildə Elçibəyin məzarını ziyarət edənlərin sayının ildən-ilə artması müşahidə olunur. Mühüm olan odur ki, ziyarətçilər arasında gənclər çoxluq təşkil edir. Gələn il Elçibəyin 80 illiyini möhtəşəm şəkildə qeyd etmək lazımdır. Mən təkcə formal mərasimləri nəzərdə tutmuram. Hərçənd ki, bunlara da ehtiyac var. Elçibəyin yox, Azərbaycanın, bizlərin ehtiyacı var.


- Elçibəy barədə səslənən fikirlərin içərisində onun daha çox yaxşı alim olması, siyasətçi kimi zəifliyi barədə fikirlər də var. Bu fikirlərə Elçibəyi yaxından tanıyan biri kimi münasibətiniz necədir?


- Qərəzli olanları və ideoloji rəqiblərin məqsədli anti-təbliğatını bir kənara qoysaq, bunu ancaq cahil və nadan adamlar söyləyə bilər. Elçibəy bir illik prezidentliyi dövründə elə dərin siyasi yollar, cığırlar açdı ki, daxili və xarici antipodların bütün səylərinə baxmayaraq, Azərbaycanı bu yol-cığırlardan tam şəkildə kənarlaşdıra bilmədilər. Elçibəy Azərbaycan siyasətinin yaxın on illər, bəlkə də yüz illər ərzində əsas istiqamətlərini müəyyən edən bir siyasətçidir. Zaman keçdikcə onun siyasi dühası daha aydın şəkildə görünür və bu proses davam edəcək.


- Elçibəy birləşdirici bir lider idi. Amma onun ölümündən sonra demokratik düşərgədə belə bir lider meydana çıxmadı...


- Elçibəy şəxsiyyəti şübhəsiz təkrarolunmazdır. Zamanla izah olunan fenomen deyil. Lakin həm də bir qayda olaraq böyük şəxsiyyətlər böyük tarixi hadisələr vaxtı meydana çıxırlar. O cümlədən Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tariximizin ən möhtəşəm hadisəsi idi. 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində dünya miqyasında demokratik inqilablar baş verirdi. Mən, ümumiyyətlə, “bu gün yeni bir Elçibəy lazımdır” yanaşmasının əleyhinəyəm və bunu doğru saymıram. Hər şeydən əvvəl ona görə ki, bu mümkün deyil və buna gərək də yoxdur. Lakin milli demokratik müxalifətin bir lider problemi var, bunu görməməzlikdən gəlmək mümkün deyil. Müxalifətin lider probleminin həllini tapmaq lazımdır.

“Elçibəyə xəyanət edənlər özlərinə xəyanət edirlər, özləri itirirlər”

- Sizləri nəzərdə tutmasalar da, Elçibəy ən çox davamçıları tərəfindən xəyanətə uğramış şəxsiyyət kimi xarakterizə olunur...


- Elçibəyə qarşı hücumlar milli demokratik düşərgəyə qarşı hücumlardır. Bu baxımdan, Elçibəy uğrunda mübarizə Azərbaycan uğrunda, milli dəyərlər, demokratik dəyərlər uğrunda mübarizədir. Elçibəy mahiyyətcə müstəqil dəyərdir. Eyni zamanda elə xoşbəxt şəxsiyyətlərdəndir ki, ona edilən pisliklərdən və xəyanətlərdən özü heç nə itirmir. Diqqət etsəniz ideoloji mənada Elçibəydən başqa heç bir siyasətçinin komandasından bəhs etmək mümkün deyil. Bu mənada ortada başqası yoxdur. Elçibəyə xəyanət edənlər özlərinə xəyanət edirlər, özləri itirirlər. Daha geniş danışsaq, bütövlükdə milli demokratik düşərgənin son dövrdə itirdikləri də xeyli dərəcədə Elçibəy təlimindən sapmaların nəticəsidir. Mən qəti əminəm ki, milli demokratik düşərgə böhrandan çıxmaq üçün Elçibəyə qayıtmalıdır.


- Azərbaycanda prezident seçkilərinə 14 ay qalır. Amma müxalifət ümidsiz və fəaliyyətsiz görünür. Bu nə ilə əlaqədardır?


- Azərbaycanda hazırda hətta demokratik imitasiya da mövcud deyil. Odur ki, seçkidən-seçkiyə hazırlıqdan danışmaq və bu sözün ümumi qəbul olunan mənasında danışmaq qeyri-ciddi olar. Mənim qənaətim ondan ibarətdir ki, Azərbaycanda siyasi proseslər fərqli bir məcraya yönəlir, fərqli forma alır. Bu proseslər nə vaxt olacaq, hansı şüarlarla olacaq, kimlər və hansı qüvvələr tərəfindən başladılacaq, bunu söyləmək çətindir. Lakin mütləq olacaq. Seçkilərdən ciddi şəkildə yalnız bu kontekstdə danışmaq mümkündür.


- Seçki mühitinin olmadığını deyirsiniz. Bu mühiti müxalifət yaratmalı deyilmi?


- Müxalifətin özünün vəziyyəti də həmin mühitin tərkib hissəsidir. Kütlə ilə yanaşı müxalifətin də toparlanmasına çox ciddi ehtiyac var. Yeni bir velosiped icad etməyə ehtiyac yoxdur. Əvvəlki illərin təcrübələri var....


- Yeri gəlmişkən, bir müddət öncə müxalif liderlərin gizli toplantısı keçirildi. Siz də orada idiniz. Nəticə barədə dolğun məlumat verilmədi...



- Sabir Rüstəmxanlının təşəbbüsü ilə Qarabağ məsələsinin müzakirəsi, eləcə də müxalifətin durumu, ölkədəki vəziyyətin müzakirə olunduğu bir görüş olmuşdu. Fikrimcə, faydalı bir görüş olmuşdu. Görüşün nəticələri barədə danışmaq bir qədər çətin olsa da, hər halda, müsbət adlandırmaq olar. Başqa bu tipli görüşlər də ola bilər. Hazırda cəmiyyətdə söz sahibi olan nüfuzlu liderlərin üzərinə böyük məsuliyyət düşür.


- O toplantıda bəzi liderlər arasında narazılıq yaranıb. Səbəb nə idi?


- Bu barədə əlavə şərhim yoxdur.


- Son aylarda Rusiyanın “beşinci kolon”unun fəallaşdığı barədə fikirlər “ayaq açıb yeriyir”. Bu təhlükə ölkəmiz üçün varmı?


- Mən belə bir məsələ “ümumiyyətlə, yoxdur” demirəm. Ancaq mövcud real siyasi qüvvələr arasında iqtidarın siyasətinin Rusiyanın maraq və mənafelərinə əsasən cavab verdiyinə görə hesab edirəm ki, çətin ki, Rusiya mövcud iqtidara qarşı hansısa “5-ci kolon”u hərəkətə gətirsin. Ola bilər ki, Rusiyada bəzi qüvvələr Azərbaycanda daha çox rusiyapərəst siyasət arzu etsinlər. Amma mövcud iqtidarın Kremli tam qane etdiyi aydındır. Rusiyanın seçkilərlə bağlı təsir edəcəyi, sözün açığı, absurd görünür. Ciddi təhlilə belə dəyməz.


- Bəs Qərbin “5-ci kolon”u? Qərbi də Azərbaycan tərəfin siyasəti qane etmirmi?


- Biz Qərb cəmiyyətləri, dəyərləri ilə Qərb dövlətləri məsələlərini ayırmalıyıq. Qərb dövlətlərinin də dövlət olaraq öz maraq və mənafeləri var. Lakin məsələ ondadır ki, bəzən seçmək lazım gəlir. Sualınıza gəldikdə, məncə, real-politik maraqlar baxımından iqtidarla geopolitik mərkəzlər arasında Azərbaycana dair bir növ konsensus olub. Məncə, bu dövr artıq başa çatıb. Bilirsiniz, biz elə bir dönəmdən keçirik ki, demokratiya uğrunda mübarizə geopolitik qütblər arasındakı münasibətlərdən aparıcı demokratik cəmiyyətlərin öz daxilinə keçib. Yəni demokratiyanın taleyi bu gün Amerika, Avropa cəmiyyətlərinin öz daxilindəki proseslərdən daha artıq dərəcədə asılıdır. Onların başı özləri ilə məşğuldur. Ümumiyyətlə isə demokratik qüvvələrə münasibətdə Azərbaycanda Qərbin “beşinci kolon”u kimi danışmaq düzgün deyil. Çünki rusiyapərəst qüvvələrdən fərqli olaraq bu halda ideya məsələləri üstünlük təşkil edir və məzmunu dəyişir. Həm də situasiya elədir ki, Azərbaycanda demokratiya, insan haqları uğrunda mübarizə Azərbaycanın milli təhlükəsizliyi, mövcudluğu, müstəqilliyinin qorunub saxlanılması, Qarabağ uğrunda mübarizədır. Rusiyameylli qüvvələr haqqında bunu bu cür əminliklə söyləmək mümkün deyil.


Cavanşir ABBASLI
Tarix: 24-08-2017, 10:01
Xəbəri paylaş





Xəbər lenti