“Bu mübarizədə öz sözümüzü deməliyik”


Hürrü Əliyev: “Xalqın əsas tələbatı ideoloji təlabatdır”




Bu günlərdə Hürrü Əliyev tərəfindən “Bəyaz” Hərəkatının yaradılması ölkənin ictimai-siyasi həyatında diqqət çəkən başlıca məqamlardan biri kimi yadda qaldı. Bu hərəkatın hansı səbəblə yaradıldığı, hansı zərurətdən irəli gəldiyini öyrənmək, eləcə də hərəkatın qarşısına hansı məqsədlər qoyduğunu aydınlaşdırmaq üçün “Bəyaz” Hərəkatının sədri Hürrü Əliyevə müraciət etdik:

“Bu hərəkatın hansı zərurətdən yaranması çoxlarını düşünüdürür. Bir çoxları hesab edə bilər ki, istər bütöv Azərbaycan, istər turançılıq ideologiyasını digər təşkilatlarla birlikdə yürütmək olardı. Mən çox istərdim ki, cəmiyyət bizim məqsədimizi, məramımızı doğru anlasın.

Bu gün Azərbaycan insanı ölkədən baş verən proseslərdən, eləcə də müxalifət və iqtidar düşərgəsindəki olaylardan kifayət qədər xəbərdardır. “Bəyaz” hərəkatının meydana çıxmasını zəruri edən ən başlıca amil bu günə qədər aparılan mübarizədə doğru xəttin, doğru istiqamətin seçilməməsidir.

Diqqət etsək görərik ki, yaxın tariximizdə 60-cı illlərdən başlayaraq Azərbaycanın azadlığı üçün mübarizə aparan Əbülfəz Elçibəy faktoru və ondan sorna yaşanan azadlıq hərəkatı var. Ə.Elçibəyin Azərbaycanın özgürlük qazanmasına, rus-fars şovinizminin təsirlərindən qurtulmasına çalışırdı. Bu, bir ideoloji sistem idi. Ə.Elçibəy Azərbaycan müstəqillik əldə etdikdən sonra Bütöv Azərbaycan ideologiyasını ortaya qoydu. Yəni mübarizənin birinci dövrü uğurla başa çatmış,  müstəqillik əldə edilmişdi. Bundan sonra qarşıda yeni mübarizə, yeni hədəflər dayanırdı. Məqsəd isə torpaqları azad etmək, Bütöv Azərbaycanın formalaşmasına nail olmaq idi. Lakin təəssüflər olsun ki, 2000-ci ildə Ə.Elçibəy dünyasını dəyişdi və bundan sonra bu sistemi onun varisləri davam etdirə bilmədi. Yəni onların mübarizə fəaliyyəti hakimiyyətin əldə edilməsinə yönəldi. Bunlar isə uğursuzluqla nəticələndi. Çünki xalqın əsas tələbatı ideoloji bir təlabatdır.  Ortaya Azərbaycan torpaqlarının azad edilməsi, Bütöv Azərbaycan, turançılıq qoyulmalıdır. Xırda piket və toplantıları çıxmaq şərti ilə, cəmiyyəti Qarabağ adı ilə meydanlara səsləyən heç bir təşkilat yoxdur. Bir daha deyirəm ki, söhbət hansısa auditoriyalarda keçirilən tədbirlərdən getmir. Bu cür çağırışlar olmadığı üçün xalqın ideoloji inkişafı ləngidildi. Ə.Elçibəydən sonra milli ideoloji sistem çökdü. Bunun uğursuzluqları isə Elçibəy varislərinə yönəlir. Söhbət təşkilatlardan getmir. Təşkilatlarda kifayət qədər vətənpərvər, bu ideogiyaya sadiq olan minlərlə insan var.

Yüz illərdir ki, Azərbaycan xalqı rus-fars şovinizmindən əziyyət çəkir. Biz ermənilərlə nə əsrin əvvəllərində, nə də əsrin sonlarında savaş aparmamışıq.  Biz rus-fars şovinziminə qarşı mübarizə aparmışıq. Bu gün də rus-fars şovinizminə qarşı mübarizə aparmaq zərurəti aydın hiss olunur. Bir sözlə, hesab edirik ki, qarşıya qoyulan məqsədlərə çatmağın yolu ideoloji mübarizədən gedir və biz bu mübarizədə öz sözümüzü deməliyik”.

Tarix: 3-04-2018, 15:02
Xəbəri paylaş





Xəbər lenti