Əli Orucov: “Məcburi əməkdaşlıq sonda yenidə qarşılıqlı ittihamlarla müşahidə ediləcək”
11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi indiyə qədər dəfələrlə yaşanan növbəti nonsens baş verdi. Ölkənin aparıcı müxalif qurumlarından sayılan Müsavat və əsasən, AXCP-dən ibarət olan Milli Şura yenidən bir araya gəldi.
Seçkilərdə iştirakdan imtina edən Milli Şuranın ardınca Müsavat da eyni yolu getdi. Ardınca da, illərdir bir-birilə savaşan, müxalifət düşərgəsində lider olmaq mübarizəsi aparan hər iki qurum seçkilərlə bağlı birgə etiraz mitinqi keçirmək qərarı verdilər. Artıq iki belə mitinq keçirilib və hər iki qurum hələ ki mehriban görünür. Ekspertlər bu vəziyyətin uzun müddət davam etməyəcəyini, seçkilərdən dərhal sonra kəbinsiz birliyi xatırladan yaxın münasibətlərin qırılacağını, qarışıqlı ittihamların havada uçuşacağını proqnozlaşdırırlar. Əslində bu qənaətə gəlinməsinə rəvac verən çoxsaylı tutarlı arqumentlər var. Belə ki, indiyə qədər elə bir seçki olmayıb ki, AXCP və Müsavat bir arada olmasın. Bütün birliklərin də ömrü çox qısa olub.
Bu dəfə necə olacaq?
AMİP katibi Əli Orucov bildirdi ki, Müsavatla Milli Şuranın birgə mitinqlər keçirməsi heç onların birləşməsi və bir yerdə olmaları anlamına gəlməməlidir: “Milli Şuranın özəyini və əsasını AXCP təşkil etdiyini nəzərə alsaq aydın görünər ki, bu birlik müvəqqətidir. Müsavatla AXCP 1993-cü ildən üzü bəri müxtəlif formatlarda və adlarda bir yerdə olublar, müttəfiqlik ediblər, seçki blokları yaradıblar. Lakin bütün bunların ömrü çox qısa olub. Yaradılan birlik formatları və bloklar dağılandan sonra isə qarşılıqlı ittihamlara, ən ağır suçlamalara əl atılıb və söz dueli uzun müddət davam edib. Hətta bu münasibətlər düşmən münasibətlərinədək gedib çıxıb. Mərhum Elçibəyin vəfatından sonra 2000-ci ildə AXCP parçalananda bu prosesdə hakimiyyətlə yanaşı Müsavat Partiyası da aktiv rol oynayaraq Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi klassiklər qanadını dəstəkləyərək, AXCP kimi rəsmən tanıyıb. Hər iki partiyanın istər rəhbərlikləri, istərsə də, siravi üzvləri səviyyəsində bir-birlərinə antipatiyaları var. Və ciddi rəqabətdədirlər. Bunların ideoloji xətləri də bir-birlərinə ziddir. Baxmayaraq ki, hər ikisi Rəsulzadə-Elçibəy ideologiyasına əsaslanaraq onları lider kimi qəbul edirlər. Lakin Müsavat liberal ideologiyanin, AXCP isə sağ mərkəzçidir. Müsavat sözü “bərabərlik” deməkdir və sol təmayüllüdür. Sosial bərabərlik şüarları solçulara xas şüarlardır. Amma indiki Müsavat liberal yönüm götürüb və 2007-ci ildən Avropa Liberal Demokrat İslahatlar Partiyasının üzvlüyünə qəbul edilib. İdeologiyaların fərqliliyi hər iki partiyaların birləşmələrində və ayrılmalarında vacib əhəmiyyət daşımır. Çünki Azərbaycanda ideololji təşkilatlanma və alt yapı yoxdur. Fəaliyyət göstərən siyasi qurumlar liderlər ətrafında formalaşdığından və dediyim kimi cəmiyyətdə ideoloji daşıyıcılarin demək olar ki, olmaması, zəif demokratik idarəçilik nəticə etibarı ilə qərarların verilməsi də liderlərin iradə və istəyindən asılı olur. Baxın Müsavat və AXCP də zaman-zaman müxtəlif ittifaqlarda olublar, ayrılmaları da məhz liderlərin maraqlarına və istəklərinə bağlı olub. Daha bir səbəb də odur ki, bu partiyaların maliyyələşməsi sponsorlardan asılı olduğundan kənardan gələn diktəni icra etmək məcburiyyəti yaranır.
Dünənə kimi özünü əsas və yeganə müxalifət partiyası adlandıran, Müsavatı iqtidarla işbirliyində suçlayan, ondan gələn əməkdaşlıq təkliflərini geri çevirən Milli Şura birgə aksiyaların keçirilməsinə razılaşmasının köklü səbəblərindən biri də bu sadaladığım faktorlara əsaslanır. Hakimiyyətin özü də müxtəlif vaxtlarda bu partiyalara fərqli davranmaqla, yəni bir müddət Müsavata, bir müddət də AXCP-yə güzəşt göstərməklə bu partiyalar arasında şübhə toxumları əkməyə və qarşılıqlı inamsızlıq mühiti yaratmağa nail olub. Misal üçün AXCP-nin 2000-ci ildə Milli Məclisdə 6 mandat yeri Müsavatı, Müsavatın isə 2005-də 5 mandat yeri AXCP-ni kəskin şəkildə qıcıqlandırdı və bu partiyaları üzün müddət qarşı-qarşıya gətirməklə münasibətləri gərginlikdə saxladı. Prezident seçkiləri ərəfəsində də Müsavat Partiyası ilə Milli Şuranın birgə addımları bundan əvvəlkilər kimi müvəqqətidir və məhdud dönəm üçündür”.
A.Orucov tezliklə yaxın münasibətləri qarışıqlı ittihamların əvəzləyəcəyini düşünür: “Siz özünüz də şahidi olacaqsınız ki, bu məcburi əməkdaşlıq sonda yenidə qarşılıqlı ittihamlarla müşahidə ediləcək. Əgər keçmiş təcrübələr olmasaydı müxalifət partiyaları arasında konsalidasiyaları, əməkdaşlığı və birliyi təqdir edərdim. Zahirən elə görünür ki, ölkədəki son durum, siyasi institutların acınacaqlı vəziyyəti, siyasi proseslərin axarı bu qurumları birgə addımlar atmağa vadar edib. Birgəlik nümayiş etdirmə görüntüsü yaratmağa çalışılsa da, sosial medianı və sosial şəbəkələri izləmək kifayətdir ki, Müsavatın və Milli Şuranın bir yerdə olmadığını, rəqabətin davam etdiyini, qeyri-sağlam münasibətləri görə biləsən. Siz özünüz də dediyiniz kimi cəmiyyətin özü də bu qüvvələrin birgə yol gedə biləcəyini, ölkədəki demokratik dəyişikliklər uğrunda mübarizə aparacaqlarına o qədər də ciddi yanaşmır. Nə qədər ki, Müsavatla AXCP arasında uzun illərdən bəri çözülməyən problemlər öz həllini tapmayıbsa, bir-birlərini sıradan çıxarmağa və sosial bazalarına göz dikməkdən əl çəkməyiblərsə, psixoloji baryerlər aradan qaldırılmayınca, liderin önə çıxarılması cəhdləri, yaxud da liderlərin ambisiyaları, şəxsi maraqlarına uyğun idarəçilik, eləcə də qarışıqlı inamsızlıqlara və şübhələrə son qoyulmayınca, bu qurumlar heç vaxt strateji hədəflərə söykənən uzunmüddətli birliklər yarada bilməyəcəklər. Bu kimi taktiki addımlar isə səmərə verməyəcək. Özlərini ölkənin ən güclü və nüfuzlu siyasi qüvvəsi hesab edən Müsavat və Milli Şuranın məhsul stadionunda gerçəkləşdirdiyi mitinqlər bir daha göstərdi ki, nə buraxılan səhvlər təhlil edilib, nəticə çıxarılıb, nə pafos dəyişib, nə də yeni simalar. Üstəlik kütləvilik də alınmadı, narazı kütlənin diqqətini də özünə çəkmədi. Deməli, üzərində işlənilməli çox şeylər var. Ancaq xalqın iradəsi ortada olsa, o zaman mövcud mənzərə də, taktiki addımlar da, liderlərin anbisiyaları da dəyişəcək. Bax, əsl birlik, ittifaq onda yaranacaq”.
Cavanşir ABBASLI