Dünya illərdir ki, gərgin münasibətlər məngənəsindədir və Rusiyanın aqressiv revanşist siyasəti bu münasibətləri soyuqdan da soyuq müharibə həddinə çatdırıb. Keçən həftə isə diplomatların qarşılıqlı qovulması onsuz da soyuq olan münasibətləri buzlaşma həddinə çatdırdı və yaz gəlsə də münasibətlərin deyil, yalnız havaların isindiyini müşahidə edirik.
Moderator.az vaxtilə ABŞ-ın Rusiyada səfiri olmuş Uilyam Brensin diplomatların qovulmasından sonra, məhz diplomatiyanın baş rola keçməsi haqqında yazısını təqdim etməklə, beynəlxalq perspektiv hadisələrin hara apara biləcəyi barədə mülahizələrini oxuculara təqdim edir.
“Keçən həftə 27 dövlət 150 Rusiya diplomatını ölkəsindən çıxardı. Moskva da eynilə həmin ölkələrə cavab verdi, üstəlik, Böyük Britaniyanın çıxardığı 23 diplomatın yerinə, adekvat saydan əlavə 50 diplomatını, ABŞ-ın isə 60 diplomatını ölkədən göndərdi.
Cənab Putin əlində zəif kartların olmasına baxmayaraq böyük oynamaq qabiliyyəti ilə fəxr edir. O, xaricdə öz rəqiblərini çətinə salmaq üçün böyük imkanlara malikdir və bununla da Rusiya daxilində öz mövqelərini möhkəmlədir.
Bundan ötrü ona başqa ölkələrə təsir etmək üçün assimetrik oyun aparmaq zəruridir, açıq cəmiyyətlərin zəif yerlərindən istifadə etməklə özünün qapalı cəmiyyətinin üstünlüklərini vurğulamaqdır, çünki demokratiya, azad cəmiyyət Putinin nifrət etdiyi, özünə düşmən bildiyi dəyərlərdir.
Cənab Putin ardıcıl olaraq öz ustalığını itiləməklə məşğuldur. O ilk növbədə bunu praktik şəkildə Ukraynada tətbiq etdi. Skripal və qızına sui-qəsd onun növbəti klassik əməliyyatıdır. Bununla da Putin siyasi opponentlərinə siqnal yolladı ki, razılaşmamanın öz qiyməti var. Bu sui-qəsdlə o Qərbdəki rəqiblərinə zərbə vurmağa hazır olduğunu sübut etdi, xüsusilə onlar bu zərbələrə hazır olmayan vaxt.
Amerikanın və onun müttəfiqlərinin demokratik sisteminə və daxili işlərinə qarışmaqla Putin öz imkanlarından yuxarı tullanmaq istədi. Ağılsızlıqla sərhəd olan bir riskə getdi və o elə bir mübarizəyə qoşulub ki, bu məsələdə Qərbin imkanları onunkundan qat-qat çoxdur.
Skripal sui-qəsdinə kollektiv reaksiyanın miqyası, çox ehtimal ki, cənab Putini təəccübləndirsə də, həyəcanlandırmayıb. Qərbdəki fikir ayrılığına ümid edən Putin bu reaksiyanın başlanğıc deyil, son olacağına ümid edir.
İndi elə addım atılmalıdır ki, Putin uduzsun. Bu, hədsiz vacibdir. Bu, kor-koranə konfrantasiya deyil. Biz Putini qarşıdurma planlarından imtina etməyə zorla məcbur edə bilmərik, amma kollektiv təzyiqlə əsaslı şəkildə dəyişə bilərik. Məhz diplomatiya burda lazımdır.
Cənab Putinin aqressiv revanşizmi onun zəifliyin pərdələyə bilər, amma qurtulmağa kömək etməyəcək. O hələ də öz zəif iqtisadiyyatından asılıdır və Qərb sanksiyaları da bu işdə əlavə yükdür. O Ukrayna və Suriyadakı ağılsız avantürasına hələ nöqtə qoymayıb.
O, Çinin artan ambisiyaları ilə barışmağa məcburdur. Putinin ən zəif yeri – onun diplomatik tənhalığıdır. ABŞ və müttəfiqləri kimi onun alyans şəbəkəsi və tərəfdaşları yoxdur. Onun dostları uzaqbaşı Britaniya ilə həmrəylik nümayiş etdirmədilər, amma Rusiyaya qoşulub Qərb ölkələrinin diplomatlarını ölkələrindən qova bilmədilər. Qərb isə birləşmək bacarığını nümayiş etdirib, Rusiyaya ağır sanksiyalar tətbiq edə bildi. İndi qaykaları daha bərk sıxıb ABŞ konqresinin bəyəndiyi sanksiyaları realizasiya etmək lazımdır. Biz həm də Rusiyaya kömək edənləri cəzalandırmalıyıq.
Rusiyanı yenidən böyük etmək cəhdləri Putin və onun ətrafını zəngin etməyin ayrılmaz tərkib hissəsidir. Xeyli ölkələr uzun müddət Putinin yaxın ətrafına varlanmağa kömək ediblər. Buna son vermək lazımdır.
Diplomatların qovulmasından sonra növbəti məntiqi addım Kreml elitası nümayəndələrinin cibinə zərbə vurmaqdır. İndi biznes qaydalarının başqa cür olacağı barədə siqnallar Moskvanı həyacanlandırır. Cənab Putinin yeni aqressiv addımlar atacağı risqi hələ də qalır.
Qərbin keçən həftə atdığı addım hələ ötəri fazadır. Avropada fikir ayrılığı davam edir. Amma, Amerikanın keçən həftə hərəkəti bizə bəzi ümidlər verir. Qətiyyətli diplomatik tədbirlər ilk addımlar ola bilər. Cənab Putin bir məsələdə haqlıdır: Qərbin əlində daha güclü kartlar var. Sadəcə biz onlarla bacarıqsız oynayırıq. Biz diplomatik prosesə başçılıq etməliyik və onun gücünü və təsirini nümayiş etdirməliyik. Biz bunu etməsək, güclü kartlarımız olmasına baxmayaraq, uduzacağıq.
Uilyam Brens,
Karnegi fondunun prezidenti. ABŞ dövlət katibinin keçmiş müavini,
ABŞ-ın 2005-2008-də Rusiyada səfiri.