Bu günlər bir rus yazıçısının romanını oxuyuram, əsərdə hadisələr 104 il öncə Bakıda baş verir.Yazıçı bir əsr əvvəlin Bakısını gözəl təsvir edib: şoranlıq, neft tullantılarının yaratdığı gölməçələr, mazuta bulaşmış torpaq, qara tüstülü səma, böyük pulların dövr olunduğu, ilk baxışdan sırf Avropa şəhəri kimi görünən mərkəz, onun içindəki Asiya-Şərq gettosu və s.
Romanda bir neçə detal var ki, həm bu günlə səsləşir, həm də tarixi gerçəkliyi əks etdirir. Yazıçı Bakıdan bəhs edərkən onu tez-tez “Rusiya imperiyasının ucqar şəhəri” adlandırır, eyni zamanda qeyd edir ki, Bakı rus imperiyasının ən varlı, ən bahalı şəhəridir.
“Abşeron yarımadasındakı milyonçuların sayı bütün Rusiyadakı milyonçuların sayından çoxdur” - bu, həmin romandan sitatdır. Bu da: “Rusiyanın başqa yerində 100 min rublu olan adam zəngin sayılırsa, Bakıda zənginlik milyondan başlayır”.
Bu, 104 il əvvəlin söhbətidir. 100-120, hətta 70-80 il öncə Bakı Rusiyanın qida mənbəyi olub, imperiya gözünü yurdumuzun paytaxtına ona görə acgözlüklə, iştahla dikib ki, buranın sərvətindən istifadə eləsin, daha dəqiqi, onu sümürüb aparsın.
O dövrdə qəzetlər belə bir təzaddan yazıblar: “Qafqaz canişinliyinin mərkəzi Tiflis olsa da, Tiflisin meri Bakının merindən 5 dəfə az maaş alır”. Elə bolşevik inqilabçılar (o cümlədən Stalin, Beriya, Mikoyan və b.) da Bakıya ona görə daraşıblar ki, inqilabi fəaliyyətlərini maliyyələşdirmək, qəzetlərini burada çıxarmaq üçün maddi vəsaiti Bakıda daha asan tapırmışlar. Bakıda xərac yığmaq, soyğunçuluq etmək üçün geniş imkalar varmış.
Moskvanın, Kremldəkilərin Bakıya ənənəvi münasibəti hələ də dəyişməyib.
Bakı hələ də onlar üçün neft və milyardlar səltənətidir və rus siyasilər bu sərvətdən barınmaq üçün əllərindən gələn hər fırıldağa, təzyiqə əl atırlar.
Budur, mediada belə xəbərlər var: Rusiya Ermənistana faizsiz kredit verəcək ki, ermənilər “İsgəndər” raket kompleksləri alsınlar.
Aydın məsələdir ki, ermənilər bu “İsgəndər”ləri bizə tuşlamaq üçün alırlar, İrana, Türkiyəyə tuşlayası deyillər ki. Onlar məhz bizimlə müharibə vəziyyətindədirlər.
Bu halda biz nə etməliyik? Əlbəttə, biz də həmin silahların eynisindən almalıyıq ki, özümüzü, torpağımızı qoruyaq.
Belə olanda qara neftdən gələn yaşıl pullar əlimizdən çıxacaqmı? Çıxacaq. Həm də konteynerlərlə.
Yaxşı, Rusiya bu və ya digər silahları bizə ucuza, yaxud da faizsiz kreditlə verəcəkmi? Əsla. Biz o silahları daha baha qiymətə alacağıq, “sizin sərvətiniz, valyuta ehtiyatınız çoxdur” deyə bizə endirim də etməyəcəklər. Hər halda, indiyədək etməyiblər.
Amma olub ki, Ermənistana 1 milyard dollarlıq silah-sursatı müftə-müsəlləm veriblər. Onlara müftə, bizə baha-baha - budur Kremlin Qafqaz siyasəti.
Bu, həm 104 il öncə belə olub, bu günlərdə də belədir, ötən əsrin ən sakit onilliklərindən olan 60-70-ci illərdə də beləyidi. Kreml Azərbaycanda qazanılan pulların böyük hissəsini mərkəzi bankda saxlayır, sonra ondan Ermənistana dotasiya ayırırdı.
Məsələn, Moskva neftdən gələn hər 100 manatın 93-nü götürür, 7-sini ölkəmizə verirmiş. Bunu sovet dönəmində neft sənayesində çalışan mütəxəssislər daha dəqiq bilər.
Ancaq sovet dönəmində milyonçu sovxozlardan birinin rəhbəri olmuş şəxs bu sətirlərin müəllifinə şəxsən danışıb ki, 1981-ci ildə onun təsərrüfatının qazandığı 10 milyon rubl pul sovxozdan alınaraq ümumittifaq büdcəsinə köçürülüb, oradan da Ermənistanın təsərrüfatlarına verilib.
Başqa sözlə, sovet dönəmində Azərbaycan həm də Ermənistanı dolandıran bir respublika olub. Bəlkə də bu üzdən idi ki, Azərbaycanda ərzaq və geyim sarıdan qıtlıq olduğu halda qonşu dövlətdə hər şey tapılırdı və bol idi.
Moskvanın bu iki Qafqaz dövləti arasında yeritdiyi ayrı-seçkilik siyasəti hələ də davam edir.
Qeyr-rəsmi söhbətlərə görə, Kremldə bəzi başbilənlər hələ də Azərbaycandan fantastik məbləğdə xəraclar tələb edir.
Bu ilin payızında dövlət müstəqilliyi qazandığımızın 27 ili tamam olacaq, rus imperiyası hələ də bizdən əl çəkməyib və əl çəkənə oxşamır. Bakı Rusiya üçün hələ də Qara şəhərdir.