Ötən həftə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov maraqlı fikirlər səsləndirib. Prezidentin köməkçisi Əli Həsənov deyib ki, Azərbaycanın milli dəyərlərinə hücum var. O, hücum edən qüvvələri sadalayarkən maraqlı bir ifadə işlədib. Deyib ki, bu qüvvələr Azərbaycan dövlətini “Aran”, “Abşeron sultanlığı” adlandıran qüvvələrdir.
Sitat: “Özünü azərbaycanlı sayan heç kimin biganə qala bilməyəcəyi dəyərlərimizə haqsız, məkrli, düşünülmüş, koordinasiya edilən hücum var. Belə hallarda heç birimiz gözləmə mövqeyi tuta bilmərik. Biz ya ictimai meydanı dövlətimizi “Aran”, “Abşeron sultanlığı” adlandıran xain və məkrli qüvvələrin əlində alətə çevrilmiş qaragüruhçu ünsürlərə verməli, ya da milli elitanı, ölkə ziyalılarını səfərbər edərək bu antiəxlaq ünsürlərinə “dur” deməliyik, insanları yanlış yoldan çəkindirməyi bacarmalıyıq”.
Qeyd edək ki, prezidentin köməkçisi bu sözlərinin açıqlamasını qeyd etməyib və bu səbəbdən də bir çoxları bu tezislərdə söhbətin nədən və ya kimlərdən getdiyi anlamayıb.
Buna görə də bəzi açmalara ehtiyac duyduq. Musavat.com qeyd edir ki, Azərbaycan haqqında “Aran” deyə bəhs edən ünvan İrandakı bəzi dairələrdir. İranda, xüsusən də Cənubi Azərbaycan bölgəsində fəaliyyət göstərən bir sıra qurumlar Azərbaycan əraziləri barədə “Aran” deyə bəhs edirlər. Azərbaycanın dövlət olaraq varlığını qəbul etmirlər.
2010-cu ildə Ərdəbil şəhərində “Aran” konfransı keçirilib. Bundan başqa, İranda hazırda eyni adlı radio və Aran Agentliyi adlı mərkəz, o cümlədən onun eyni adlı sayt (arannews.com) fəaliyyət göstərir. Qeyd edək ki, bir sıra tarixçilərə görə İslamdan öncəki dövrdə hazırkı Azərbaycan adı əsasən indi Güney Azərbaycan dediyimiz ərazilərə verilib, Azərbaycan Respublikası ərazinin böyük bir hissəsi isə Aran (yaxud da Arran – K.R.) və Şirvan əyalətləri adlandırılıb.
Sirr deyil ki, İranda ulturamillətçi xətt hər zaman güclü olub. İran millətçiləri ölkənin keçmiş sərhədləri, xüsusən də Rusiya qarşısında itirilmiş torpaqlar mövzusunda xeyli dərəcədə həssaslıq göstərirlər. İran millətçilərinə görə, şah zamanında Britaniyaya güzəştə gedilmiş Bəhreyn kimi, 19-cu əsrin əvvəlində Rusiya ilə yorucu müharibədən sonra işğal olunan və ardınca Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiyaya birləşdirilən torpaqlar tarixi İran torpaqlarıdır. Özü də bura Azərbaycan deyil (Azərbaycan olaraq, daha çox Güney Azərbaycan əraziləri hesab olunur – K.R.), məhz Arran və Şirvan əyalətləridir.
Ancaq aydındır ki, bu iddialar daha çox ekspansionist dairələr tərəfindən müdafiə olunur və daha çox Azərbaycana təzyiq ünsürü kimi istifadə edilir. Aydın məsələdir ki, tarixdə Aran və Şirvan əyalətləri olub. Ancaq bu əyalətlər Azərbaycan ərazilərinin bir hissəsini təşkil edib. Hətta hazırkı Azərbaycan torpaqlarının bir qismini təşkil edən Aranı Azərbaycan olaraq tanıtmaq özü gülüncdür. Bu daha çox bir sıra dairələrin ölkəmizə qarşı siyasi təzyiq elementi kimi qəbul olunur. İran isə dövlət olaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyib. Əksinə, xüsusən də son illərdə iki ölkə hökumətləri arasında ciddi bir yaxınlaşma var. Birgə iqtisadi layihələr, nəqliyyat dəhlizi yaradılması üzərində iş gedir, ötən həftə İran prezidentinin Bakıya səfəri zamanı birgə biznes forumu keçirilib. Yəni iki ölkə arasında əlaqələrdə zahirən hər hansı problem yoxdur.
Lakin o da aydındır ki, ölkədə xüsusi məlumatlara çıxışı olan Əli Həsənov bu cür fikirləri təsadüfən işlətməyib. Bu cümlələr bəzi dairələrə yönəlik ciddi mesajlardır və onların konkret ünvanları var. O da məlumdur ki, hazırda Azərbaycan hakimiyyətinə aqressiv tərzdə ideoloji-informasiya savaşı açan qruplar əsasən, Avropada yerləşir. Prezidentin köməkçisinin çıxışında onların təsnifatı aydın göstərilib. Lakin yuxarıda qeyd olunan sitat, mümkündür ki, daha çox İrana, ya da bu ölkədəki müəyyən dairələrə aiddir.
Belə olan halda ortada iki mümkün versiya qalır. Birincisi, hakimiyyət İrandan da hansısa xətt üzərindən təhlükə gözləyir və indi yeri gəldiyi üçün necə deyərlər, buna da sətirarası eyham vurulur. Yəni belə demək mümkündürsə, hazırkı söyüş kampaniyası ilə birbaşa bağlılığı olmasa da, Azərbaycan hakimiyyəti özü üçün mümkün təhlükələr sırasında İranı və ya İran mərkəzli fəaliyyətləri də görür. Bir mənada qabaqlayıcı addımlar ataraq, bu riskə də işarə edir. Yeri gəlmişkən, bizə görə Bakının özü üçün müəyyənləşdirdiyi “risk qrupu”nda ran mərkəzli qruplar əsas yerlərdən birini tutur. Hər nə qədər hazırkı İran hökuməti ilə münasibətlər isti olsa da, Tehranda da Bakıdan narazı olan və bunu hər addımda bildirən güclü qruplar var. Bunu Bakıda da bilirlər.
İkinci mümkün versiya odur ki, hakimiyyət qarşıdakı dövrdə Qərb-İran toqquşmasının daha da dərinləşəcəyini hesablayır. Təbii ki, bu zaman Azərbaycan da risk qrupuna düşəcək, böyük ehtimalla İran-ABŞ, İran-İsrail kəşfiyyat savaşının bir cəbhə xətti də Bakı üzərindən keçəcək. Azərbaycan hakimiyyəti artıq indidən İran təsirində olan qruplara mesaj verərək, onları diqqətdə saxladığını və hədəfləri sırasında gördüyünü bildirir. Çünki aydındır ki, Bakı istənilən halda ABŞ və xüsusən də İsraillə münasibətləri kəsmək və ya zəiflətmək fikrində deyil. Bu səbəbdən də olası İran mərkəzli təzyiqlərə indidən qarşı qoymağa çalışır.
Kənan Rövşənoğlu