Yeni geosiyasi ittifaq: Güney kənarda qalır?


Türkiyədə dərc olunan “Aydınlık” qəzeti yazır ki, Türkiyəni illər boyu dəhşətli və o qədər də real olmayan Rusiya ilə hədələyərək aldadıblar və Qərb dövlətləri ilə ittifaqda sığınacaq tapmağa məcbur ediblər.Müəllifin fikrincə, deyilənlərin əksinə olaraq, döyüş meydanında Türkiyənin strateji tərəfdaşlıq qura bildiyi əsas nümunə məhz Rusiya oldu. Türkiyə ilə Rusiya arasındakı təbii qaz boru kəmərinə investisiyalar özünü “Türk axını” layihəsi ilə büruzə verdi. Bundan əlavə, “Akkuyu” atom-elektrik stansiyasının tikintisi ilə bu tərəfdaşlığa enerji sahəsi də qatılıb.

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alışı ilə həmin tərəfdaşlığın hərbi sahədə genişləndirilməsinə səbəb olub.Bunlardan savayı, iki ölkənin işbirliyi kənd təsərrüfatı, heyvandarlıq və turizm sektorlarını da əhatə edir və bu əməkdaşlıq durmadan inkişaf edir.Yaxın gələcək üçün nəzərdə tutulan nəhəng layihələr isə həmin bu strateji xarakterlik tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Daha əvvəllər Astanada və Soçidə aparılmış, aprelin 4-də isə Ankarada təşkil olunacaq danışıqlar onu nümayiş etdirir ki, Türkiyə-Rusiya tərəfdaşlığına İran da qoşulur. Bildirilir ki, bu ittifaqa Suriyanın, İraqın, Livanın, Qətərin və Azərbaycanın da qoşulması ilə strateji tərəfdaşlıq müstəqil “Qərbi Asiya İttifaqı” adlı qütbə çevriləcək. Müəllif iddia edir ki, bununla da, dünyanın təkqütblü sistemdən çoxqütblü sistemə keçdiyi bir dövrdə dünyada yeni və fövqəlgüclərlə rəqabət apara biləcək qütb formalaşır.

Qərbi Asiya İttifaqına İranın qoşulması Güney Azərbaycan ideyasının unudulması demək deyilmi?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə deyib ki, Güney Azərbaycan türklərinin milli haqlarının əldə olunması məsələsi xaricdən kiminsə vasitəsilə yeridilən ideya deyil:

“Bu, Azərbaycan türklərinin üzləşdiyi problemin ortaya çıxardığı məsələdir. Güney Azərbaycan türkləri 100 ilə yaxındır ki, İran mərkəzli fars düşüncə sisteminin ideologiyası əsasında təzyiqlərə məruz qalırlar. Azərbaycan türklərinin milli varlığı, dili danılır, mədəniyyəti təhqir olunur, müxtəlif formalarda aşağılanır. Bunu Məhəmməd Rza şah Pəhləvinin  dövründə də edirdilər, bu gün İrandakı teokratik rejimin dövründə də edirlər. Bu basqılardan qurtarmaq üçün Azərbaycan türkləri milli haqları uğrunda mübarizə aparır.Bu, onun özünü qorumaq kimi milli bir mübarizəsidir, həmçinin instinktdir.İstənilən insan özünü xarici təcavüzdən necə qoruyursa, Azərbaycan türkünün də özünü və milli varlığını qoruması bir instinktdir.Bu, həm İran qanunları ilə, həm BMT-nin nizamnamələri ilə, eləcə də bütün dünya beynəlxalq hüquq və normaları ilə Azərbaycan türklərinin təbii haqqıdır.Bu baxımdan bölgədə hansı təşkilatların, hansı dövlətlərin hansı işlər görməsindən asılı olmayaraq Güney Azərbaycan türklərinin milli haqları təmin olunmalıdır.Əks halda, perspektivdə problemlərlə üzləşiləcək.Adətən, narazılıqlar xaricdən dəstəklənir.Rusiya həmin blokun etibar edilən bir üzvüdür.Odur ki, Rusiyada narazı olan etnik qrupun milli haqqı təmin olunmazsa, burada da oxşar hadisə baş verə bilər.Digər bir məsələni də nəzərə almaq lazımdır ki, Rusiyanın yaratdığı və ya yaratmaq istədiyi bu tip bloklar, sadəcə olaraq Qərbin rəsmi Moskvaya etdiyi təzyiqlər qarşısında davam gətirməkdən ötrüdür.Məsələn, Türkiyə Qərblə strateji müttəfiqdir, həmçinin NATO-nun üzvüdür, eləcə də Avropa Birliyinə inteqrasiya etmək yolunu tutub və.s.Rusiya isə Krımı ilhaq etdikdən sonra, ABŞ başda olmaqla Qərb dövlətlərinin ciddi sanksiyaları ilə üzləşib.İran isə insan haqlarını pozduğuna və atom nüvə proqramının bir sıra məsələlərini və şəffaflığı gözləmədiyinə görə sanksiyalarla üzləşmişdi.Həmin sanksiyanın gələcəkdə tətbiq edilməsi ilə bağlı təhlükə qalmaqdadır.Qətər isə terrorçuları maliyyələşdirməkdə ittiham olunur.Yəni, fərqli situasiyalı və fərqli mövqeli dövlətlərdir.İranın, Rusiyanı, Qətərin mövqeləri ilə, Azərbaycanın və Türkiyənin vəziyyəti tam fərqlidir.Azərbaycan işğala məruz qalmış, Türkiyə isə terrorçulara qarşı mübarizə aparan bir dövlətdir.Türkiyənin ərazisi neçə illərdir təhdid olunur”.

“Çeşidli siyasi-iqtisadi mövqeli dövlətlərin bir araya gəlib qüdrətli siyasi blok yaratması şansı çox zəif görünür”

Ekspertin qənaətincə, son 20 ildə Rusiyanın yaratdığı birliklərin perspektivi yoxdur:

“Məsələn, MDB nə iş görə bilər, eləcə də Avrasiya İttifaqı? Qərbi Asiya İttifaqı da həmin təşkilatlardan biri kimi.Azərbaycanın ərazilərinin işğal olunmasında Ermənistanın başlıca havadarlarından biri Rusiyadır.Azərbaycan regionda heç bir layihədən və heç bir blokdan geri qalmır.Demək olar ki, rəsmi Bakı bütün regional məsələlərdə iştirak edir.Bunu həm də beynəlxalq münasibətlər çərçivəsində həyata keçirir.Bunun həm Azərbaycanın, həm də bölgə dövlətlərinin xeyrinə olmasını düşünür. Bu tip təşkilatlar çoxdur, amma faydası olacaqmı? Azərbaycanın həm Rusiya, həm İran, həm də Türkiyə ilə ikitərəfli münasibətləri var. Qərbi Asiya İttifaqı heç nə verməyəcək.Bu, sadəcə olaraq ortaya atılmış bir ideyadır.Qətər pullu dövlətdir və Amerikadan incikdir.Halbuki Qətər Amerika ilə hərbi texnikanın alınması sahəsində əməkdaşlıq edir.Fərqli çeşidli iqtisadi, siyasi mövqeli dövlətlərdən bir buket hazırlamaq istəyirlər.Amma bu dövlətlərin ortaq mənafeləri müəyyən həddə qədərdir.Bundan sonra mənafelər toqquşur və ayrılma nöqtələri başlayır.Necə ki, Rusiya PKK-nı terrorçu təşkilat kimi tanımır, amma PKK və onun müxtəlif qolları Türkiyənin ərazi bütövlüyünün parçalanması ilə məşğuldur.Yaxud İran, vaxtilə Türkiyəyə qarşı Suriyadan və İraqdakı qüvvələrdən istifadə edərək terrorçu PKK-nı dəstəkləyib və.s. Çeşidli siyasi-iqtisadi mövqeli, münasibətli dövlətlərin bir araya gəlib qüdrətli siyasi blok və ya təşkilat yaratması və yaxud tək qütblü sistemə çevrilməsi şansı çox zəif görünür. Bu, Rusiyanın növbəti qütb yaratmaq cəhdidir və inanmıram ki, uğurla nəticələnər.SSRİ dağılan kimi MDB yaratmaq istədilər ki, guya Amerikanın tək qütblüyün qarşısını alsın”.

“Qərbi Asiya İttifaqının uğur qazanacağı ehtimalı azdır”

Sədrəddin Soltan hesab edir ki, yaranacaq ittifaq neftin qiymətini müəyyən edə bilməyəcəksə, dollardan asılılığı davam edəcəksə, bu təşkilatın aqibəti yoxdur:

“Nə qədər ki, bu cür siyasi və iqtisadi bloklar yaradan dövlətlər dollardan və neftin qiymətindən, eləcə də hərbi-texniki avadanlıqdan asılıdırlar, həmçinin müasir texnologiyadan bəhrələnmədən mərhumdurlar onların bloklarının ömrü uzun olmur və perspektivsizdir. Şübhəsiz ki, Qərbi Asiya İttifaqının uğur qazanacağı ehtimalı azdır.Güney Azərbaycan məsələsi isə bir və ya üç günlük məsələ deyil.Bu baxımdan bölgədə hansı ictimai-siyasi, iqtisadi blokların yaranmasından asılı olmayaraq, Güney Azərbaycan məsələsi buradakı türklərin öz milli haqlarını təmin edənə qədər davam edəcək”.(Cebhe.info)



Tarix: 4-04-2018, 21:48
Xəbəri paylaş





Xəbər lenti