Seçki debatları yekunlaşdı


Prezidentliyə namizəd daha 3 debatın keçirilməsi təklifini verdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Azərbaycan Prezidentliyinə namizədlər üçün ayırdığı ödənişsiz efir vaxtı başa çatıb. Şirkət namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırıb.

Martın 19-dan başlayan debatlar hər həftənin I, II, III günləri saat 22:00-dan 23:00-dək keçirilib. Sonuncu həftə isə debatların vaxtı dəyişdirilib. Sonuncu debat aprelin 3-də olub.

Bundan sonra prezidentliyə namizədlər ödənişli efir vaxtından isə istifadə edə bilərlər. İTV-də prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-da saat 8-də dayandırılacaq.

Namizədlər və onların səlahiyyətli nümayəndələrinin yerlərdə seçicilərlə görüşləri isə davam edir.

SÉrdar CÉlaloÄlu ile ilgili görsel sonucu

ADP-nin prezidentliyə namizədi Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, ödənişsiz efir vaxtının müddəti, həmçinin seçki təşviqatının başa çatmasından 6 gün öncə ödənişsiz efir vaxtının başa çatdırılması Seçki Məcəlləsinin tələbi deyil. Bu, siyasi bir qərara bənzəyir: “Efirdə seçki debatları seçicilərin seçkilərdə aktiv iştirakı üçün çox ciddi rol oynayır. Məhz bu debatlar cəmiyyətdə seçkiyə müəyyən qədər marağı artırırdı. Debatların seçkiyə bir həftə qalmış dayandırılması seçkidə insanların aktivliyinə mənfi təsir edəcək, passivlik yenidən yaranacaq. Ona görə də İTV-də daha üç debat təşkil edilsə, ümumi işin xeyrinə olar. Söhbətlərimizdən belə qənaətə gəldim ki, debatlarda çıxış edən digər namizədlər də debatların tez dayandığı və əlavə bir neçəsinə ehtiyac olduğu düşüncəsindədir. Baxaq görək Mərkəzi Seçki Komissiyası və digər aidiyyəti orqanlar bu məsələyə necə yanaşırlar. Ödənişli efir vaxtı da var. Lakin bizim maliyyə imkanlarımız yoxdur ki, saniyəsi ən azı 20 manat olan efir vaxtından istifadə edək. Maliyyə imkanlarımız olsa ödənişli efir vaxtından tam olaraq istifadə edib seçicilərə sözümüzü daha ətraflı çatdırardıq. Yerlərdə seçicilərlə görüşlərimiz olur və qarşıdakı günlərdə də davam etdirəcəyik. Ancaq bəllidir ki, bu görüşlər efir vasitəsilə xalqla təmasları əvəz edə bilməz. Məsələn, mən Gəncə şəhərində bir zalda 300 nəfər seçici ilə görüşəcəyəm. Fikirlərimi yalnız o zaldakılar eşidəcək. Efirdəki çıxışlarımı isə yüz minlərlə Gəncə sakini eşitmək imkanındadır. Görünür, səsimizi bu şəkildə bütün xalqa ətraflı çatdırmağımızı istəmədikləri üçün ödənişsiz efir vaxtını həm az verdilər, həm də elə edildi ki, seçkiyə bir həftə qalmış bu imkan əlimizdən çıxdı.

AzTV-də prezidentliyə namizədlərə ödənişsiz efir vaxtının ayrılmaması, ümumiyyətlə, orada heç bir seçki müzakirələrinin aparılmaması isə nonsensdir. Prezident seçkisi dövlətin bir nömrəli siyasi aksiyasıdırsa, dövlət televiziyasında bu proses xüsusilə işıqlandırılmalıdır, müzakirələr təşkil edilməlidir. Hətta namizədlərin keçirdiyi görüşlər barədə AzTV-də xəbər verilmir. Sanki dövlət televiziyası mühüm dövlət aksiyasından tamamilə kənarda qalıb. Dövlət qəzetlərində namizədlərin təşviqat materialları çap edilir. Lakin dövlət televiziyası bunu da eləmir. Bu çox ciddi qüsurdur. Televiziya debatlarına əhali arasında, hətta Azərbaycanın hüdudlarından kənarda çox ciddi maraq var. Bundan istifadə edib xalqın seçkidə ciddi şəkildə iştirakına nail olmaq olar". 

                 ***

Aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları isə gücləndirilmiş iş rejiminə keçəcək. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Dünən həmçinin məlumat verilib ki, prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək. Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.


Tarix: 5-04-2018, 08:33
Xəbəri paylaş





Xəbər lenti