Rusiya ordusu Qafqazda niyə hərəkətə gətirildi? - TƏHLİL
Rusiyanın müdafiə konsepsiyasında Azərbaycan qətiyyən düşmən ölkə kimi müəyyən edilməyib. Azərbaycan Rusiyaya yaxın və tərəfdaş ölkədir.
Bu sözləri Axar.az-a Rusiya Cənub Hərb Dairəsinin Azərbaycan sərhədlərində, üç istiqamətdə eyni vaxtda hərbi təlimlərə başlamasını şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, sözügedən təlimlər Rusiyanın hücum strategiyasının gücləndirilməsinə xidmət edir:
“Bunun isə qəti surətdə ölkəmizə aidiyyəti yoxdur. Moskvanın hesabları başqadır. Bakı Moskva ilə hərbi sahədə müdafiə kompleksləri səviyyəsində yaxından əməkdaşlıq edir və Rusiya üçün çox əlverişli bir tərəfdaşdır. Azərbaycan Rusiyanın müasir silah növləri və texnologiyalarından yararlanır”.
Politoloq vurğulayıb ki, Cənub Hərb Dairəsinin hərbi təlimlərinin əsas məqsədi Rusiyaya qarşı mümkün təhdidlərın önlənməsidir:
“2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi çox çəkməsə də, rus ordusu Qafqazda müəyyən çətinliklərlə rastlaşmışdı. Əgər Gürcüstan qoşunları Rok tunelini dağıtsaydı, onda Rusiya qoşunlarının Cənubi Qafqaza və Gürcüstan ərazisinə keçməsi problemə çevriləcəkdi və ümid yalnız hava vasitələrindən istifadəyə qalacaqdı. O baxımdan bəzi hallarda Rusiyanın Ermənistana verdiyi silahların Azərbaycana qarşı olması ilə bağlı rəylər səslənir. Xeyr. Ermənistan Rusiyanın forpostudur. Rusiya üçün hazırda vacib olan Gümrü və Erebuni hərbi bazalarında silahların keyfiyyət və kəmiyyətinin yüksək olmasıdır. Bununla Moskva özünə qarşı ola biləcək təhdidləri dəf etməyi hədəfləyir”.
Politoloq təlimlərin həm də xarici faktorlardan qaynaqlandığını deyib:
“İndi Yaxın Şərqdə böyük proseslər gedir, Fələstin-İsrail qarşıdurmasının yeni gərginlik fazası yaşanır. Digər tərəfdən, Tramp guya qoşunlarını Suriyadan çıxaracağını qeyd edir. Maraqlıdır, Pentaqon bu məsələni heç şərh belə etmir. Çünki ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq. Əksinə, İraqda böyük hadisələr gözlənilir, çünki bir neçə aydan sonra seçkilər olacaq. ABŞ-ın qəti düşmənləri olan şiə qüvvələri parlamentdə çoxluğu əldə etmək üçün fəallaşıblar. Bu baxımdan ABŞ-n birtərəfli şəkildə İraq və Suriyada əməliyyatlara başlaması istisna olunmur. Rusiya da bu fonda əsas rəqib kimi öz hazırlıqlarını görür və bir neçə istiqamətdə hərbi təlimlər keçirir. Çünki ora gedən yol Ermənistandan keçir. Bu baxımdan da cənub cinahda yerləşən rus qüvvələri müxtəlif səviyyəli təlimlər, koordinasiya işlərini sınaqdan keçirirlər ki, Rusiyaya qarşı ola biləcək təhdidlərə adekvat cavab versinlər”.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsinin birləşmələri Ermənistan, Abxaziya və Krasnadorda hərbi təlimlər keçirir.
Təlimlərin ən azı aprelin 15-nə qədər davam edəcəyi bildirilir.