Heydərovlar ailəsi növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat kampaniyasında yaxasını kənar çəkdilər.
Ata Kamaləddin Heydərov və oğul Tale Heydərov nəzərəçarpan fəaliyyətlə gündəmdə olmadılar.
Anaxeber.Az-ın Analitik Bürosu yazır ki, ümumiyyətlə, son aylar ölkənin fövqəlgüc nazirlərindən olan K.Heydərov iclaslarda, toplantılarda gözə dəymir.
Hətta ona yaxınlığı ilə seçilən deputatlardan birinin prezidentliyə namizəd olması, debatlarda əsasən özünə işləməsi, digərləri kimi iqtidar namizədini dolayısı ilə müdafiə eləməməsi müşahidələrimizdən kənarda qalmayıb.
Necə ki, nazirin Rusiya və Türkiyə prezidentlərinin barışmasında vasitəçilik etməsi faktının üzə çıxması K.Heydərovun öz reputasiyasına divident qazandırmışdı.
O baxımdan fövqəladə hallar nazirinə yaxın prezidentliyə namizəd də özünə işlədi, Heydərov isə seçki prosesinə bu və ya digər şəkildə qatılmadı.
Ən azından, Londonda diaspora fəaliyyəti ilə məşğul olan oğlu T.Heydərov tədbir keçirib Azərbaycan iqtidarının rəhbərliyinə yönəlik məlum kampaniya ilə bağlı çıxışlar edə bilərdi.
Məsələn, deputat Adil Əliyev Bakıdan Kölnə gedərək toplantı təşkil etdi və Qərb tribunasından cavab verməyə çalışdı.
T.Heydərov isə Avropanın beyin mərkəzi və siyasi aristokratiya paytaxtı olan Londonda diaspora fəaliyyəti ilə məşğuldur, amma atasının təmsil olunduğu iqtidarın ünvanına söyüşlərə “tükünü də tərpətmir”.
Əslində, bu ayrıca mövzudur ki, Azərbaycanın diaspor təşkilatları Avropada, MDB məkanında nə iş görürlər?! Axı buna görə böyük pullar xərclənir...
***
Bəzi mənbələr K.Heydərovun seçkilər ərəfəsində özr resurslarından istifadə etməməsini, canfəşanlıq göstərməməsini hakim elita ilə olan soyuq münasibətlərə bağlayır.
Bir zamanlar hakimiyyətin güvəndiyi və az qala meneceri, xəzinədarı sayılan “fövqəlnazir” getdikcə tərki-silah edilir. Onun biznes qaynaqları, şirkətləri vergi audit yoxlamaları vasitəsi ilə əlindən alınır.
Özəlliklə, “Gilan” holdinqdəki müəssisələri mərhələli şəkildə təhvil verməsi onun biznes qürubunun başladığını deməyə əsas verir.
Bu gedişatı izləyən K.Heydərov yaxşı analiz edir ki, seçkilərdən sonrakı 7 ildə növbə ona da çata bilər.
Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov kimi oliqarxlaşmış, korrupsiyaya bulaşmış, eləcə də kurasiyasında rayonları olan, əlində biznes, media və s. resursları olan nazirlərin sonu baş veribsə, eyni imkanlara malik K.Heydərov düşünür ki, onu da analoji aqibət gözləyə bilər.
Bu merkantil proseslərin gedişi siyasi müstəviyə də keçid etməkdədir və FHN rəhbəri görüdnüyü kimi, aprel seçkiləri ərəfəsində öz resurslarını iqtidar üçün xərcləməyi lüzum bilmir.
Siyasi şərhçilər sosial şəbəkələrdə yazırlar ki, daxili təbliğatı kənara qoysaq, təkcə T.Heydərovun diaspor təşkilatı Londonda tədbir keçirib hakimiyyəti müdafiə etməklə Qərbin, beynəlxalq ictimaiyyətin diqqətini çəkəcəkdi, rezonansı böyük olacaqdı...
Amma T.Heydərovun adı “Əli və Nino” kitab evini ələ keçirmək istəməsi ilə gündəmə gəlir. Yəni, ölkənin başı nələrə qarışıb, Heydərovlar nələr eləməkdədir.
***
Mənbələr qeyd edirlər ki, Heydərovların “Gilan” holdinqi “Garant” holdiqin taleyini yaşamağa doğru getdikcə, paralel olaraq “fövqəlnazir”in illərdir nəzarətində olan gömrük sisteminin də əlindən alınacağı istisna deyil.
Son dövrlər Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi haqda səslənən təkliflər, məlumatlar aprel seçkilərindən sonra gerçəkləşə bilər.
Bu da gömrük orqanlarında şəffaflığın təmin olunması, bürokratik və inhisarçılıq kimi sahibkarların dərisini üzən mənfi halların aradan qaldırılmasına gətirib çıxaracaq.
K.Heydərovun illərdir ki, hökmranlığı altında yaradılan monopoliya, inhisarçı şirkətlər gömrük generallarının varlanmasına səbəb olub. Millət vəkilləri də belə bir struktur islahatına zərurət olduğunu qeyd edirlər.
Hökumətin yeni idarəçilik sistemində sözügedən iki qurumu birləşdirəcəyi gözləniləndir.
Artıq prezidentə nazirliklə komitənin birləşdirilməsi barədə layihə təqdim olunacaq və struktur dəyişikliyinin iqtisadi amilləri əsaslandırılacaq.
Bu dəyişiklik sahibkarların da ürəyincədir. Çünki gömrük komitəsi və onun inhisarçı brokerləri iş adamlarının “dərisinə saman təpirlər”.
Ehtimal edilir ki, Vergilər Nazirliyinin proqnozunun icrasındakı kəsirini qabartmamaq üçün ilin sonunadək gömrük və vergi orqanları birləşdirilsin, illik proqnozun mədaxili barədə operativ məlumat yeni yaradılan qurum üzrə cəmlənib, elan olunsun.
Belə olsa, ilin yekununda operativ məlumatın açıqlandığı vaxt verginin kəsiri gömrüyün təmin etdiyi artıq əməletmə hesabına diqqət cəlb etməyəcək. Axı, qarşıdakı 2018-ci ilin hər ayında eyni problem olacaq.
Beləliklə, büdcənin vergi və gömrük ödənişləri üzrə mədaxilinin bir qurum üzrə elan olumasını birdəfəlik bu ildən həll etmək düşünülə bilər. Həm də nəzərə alaq ki, gömrük ödənişlərinin 70%-ni idxala görə ƏDV təşkil edir.
Daxildəki ƏDV ilə idxaldakı ƏDV məbləği cəmlənəcək, büdcə daxilolmalarının tədiyyə növləri üzrə bölgüsü operativ məlumatlarda açıqlanmaya bilər.
Anaxeber.Az