“Sosial mediadakı söyüş və aqressiya cəmiyyətdəki durumdan qaynaqlanır”


Elçin Şıxlı: “Problemi həbs gücünə ortadan qaldırmaq mümkün deyil”




Sosial şəbəkələrdə söyüş söyənlərin cəzalandırılması son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir. Maraqlıdır, sosial mediada təhqir və söyüşdən istifadə edənləri hüquqi müstəvidə cəzalandırmaqla bu sahədə müəyyən bir nizam yaratmaq mümkündürmü?


Moderator.az -a açıqlama verən Ayna.az saytının baş redaktoru, media eksperti Elçin Şıxlı sosial mediadakı aqressiyanın cəmiyyətdəki durumdan qaynaqlandığını vurğuladı:

“Sosial şəbəkələrin  heç biri bizim mülkiyyətimiz deyil. Onların Azərbaycana aidiyyatı yoxdur. Onların yiyəsi var. Sosial şəbəkələrdən ən böyüyü Facebookdur, sahibi də Mark Zukenberqdir. Onun da bu məsələ ilə bağlı öz qaydaları mövcuddur. Əgər kimsə nalayiq sözlər işlədirsə, etik qaydaları pozursa, onunla bağlı Facebook-a şikayətlər ünvanlanır. Əgər şikayətlərin sayı bəlli bir miqdarda olarsa, o zaman həmin profillər blok olunur. 

Azərbaycan qanunları ilə kiminsə bu məsələ ilə bağlı hüquqi müstəvidə necə, hansı şəkildə cəzalandırılması haqqında isə hüquqşünaslar danışa bilər. Lakin onu deməliyəm ki, mövcud situasiya söyüş və aqressiyanın bolluğundan irəli gəlir. Bu, cəmiyyətdəki problemdir. Bunu isə cəmiyyətdəki aqressiv mühiti aradan qaldırmaqla həll etmək olar. Lakin indiki halda kimsə söyüşə görə həbs ediləcəksə, o zaman onun qohumları, yaxınları söyməyə başlayacaq. Hesab edirəm ki, sosial mediadakı söyüş və təhqiri həbs gücünə ortadan qaldırmaq mümkün deyil”.

Seymur Əliyev 
Tarix: 6-04-2018, 09:12
Xəbəri paylaş





Xəbər lenti