Rusiya-Ermənistan hərbi ittifaqına cavab: “Naxçıvanda Türkiyənin hərbi bazası qurulsun”
Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqliyin daha da dərinləşdirilməsinə yönəlik çağırışlar intensivləşib. Yenicag.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Mehti Eker bölgənin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlığın gücləndirilməsinə çağırıb. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi, xüsusilə hərbi əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər zaman-zaman gündəmə gətirilir. AKP rəsmisinin bu məsələni yenidən gündəmə gətirməsi isə Türkiyə ilə Azərbaycanın yerləşdiyi bölgənin mövcud reallığından irəli gəlir. Bununla belə, indiki şəraitdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün hansı istiqamətlərin prioritet götürülməsi müzakirə mövzusu olaraq qalır. Bəhs olunan məsələniYenicag.az-a dəyərləndirən politoloqQabil Hüseynli bu fikirdədir ki, ikitərəfli strateji əməkdaşlığın daha da dərinləşməsi üçün hərbi əlaqələrin önə çıxarılmasına ehtiyac var: “Fikrimcə, Türkiyə-Azərbaycan arasında strateji əməkdaşlığının əsas formasını iki ölkə arasında hərbi sazişin imzalanması təşkil etməlidir. Bildiyiniz ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası fəaliyyət göstərir və o qurum çərçivəsində bu məsələlər müntəzəm müzakirə olunur. Aparılan müzakirələrin nəticəsi olaraq, qeyd etdiyimiz istiqamətdə bir sıra vacib məsələlər öz həllini tapıb. Amma düşünürəm ki, Rusiyanın Ermənistanla 25 il müddətinə hərbi saziş imzaladığını nəzərə alaraq, Azərbaycanla Türkiyə də analoji müqavilənin imzalanmasına doğru addım atılmalıdır. Lakin son zaman Rusiya ilə münasibətlərini xeyli yaxşılaşdıran Türkiyədən bildirirlər ki, bunun üçün NATO-nun müvafiq razılığı tələb olunur. Ölkələrimiz arasında belə bir hərbi sazişin imzalanmasına və ona uyğun olaraq ölkəmizin ərazisində, xüsusən də Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına ciddi ehtiyac duyulur. 1923-cü ilin mayında imzalanan Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantlarından biridir. Bu nöqteyi-nəzərdən, strateji əməkdaşlığın daha da dərinləşməsi yolunda ilkin addım qismində hərbi sazişin imzalanması çox məqsədəuyğun olardı. Bu saziş imzalandıqdan və Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra gələcəkdə hətta konfederativ birliyin yaradılması istiqamətində də müzakirələr açmaq olar. O məsələdə isə əlbəttə ki, hər iki xalqın rəyi əsas götürülməlidir”.