“Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin” – Video-müsahibə




Azərbaycan hakimiyyətində klanlar var və onlar Mehriban Əliyevanın prezident olmasını istəmirlər, Turan agentliyinin rəhbəri Mehman Əliyev deyir.

BBC Azərbaycancanın canlı yayımda qonağı olan Mehman Əliyev aprelin 11-də keçiriləcək seçkilərdən sonra islahatlarına aparılacağını proqnozlaşdırır və seçkilərin erkən keçirilməsinin səbəbini də məhz islahatların təcili həyata keçirilməsinə yaranan ehtiyacda görür.

Onun fikrincə, Avropa qurumları və ABŞ İlham Əliyevdən siyasi islahatlar gözləyir.

Prezident seçkisinin tələsik keçirilməsinin səbəbi ondan sonra gələcək islahatlardır

Mehman Əliyevin fikrincə, Azərbaycan İlham Əliyev hakimiyyətə gəldikdən bəri ilk dəfədir ki, seçkiləri böhran şəraitində keçirir. “Hələ böhrandan çıxmamışıq. Bu da vəziyyətə təsirini göstərir.

Seçkilər vaxtından tez, tələsik formada təyin olunub. Müxalifət – AXCP və Müsavat seçkiləri boykot edir”, o deyir.

“Seçki ölkənin siyasi ictimai həyat tərzidir, amma son 15 ildə müxalifət partiyalarını, müstəqil ekspertləri görmüsünüzmü televiziyalarda? Heç bir oteldə tədbirlər keçirməyə, brifinq, mətbuat konfransı təşkil etməyə icazə vermirlər. Sərbəst toplaşma demək olar ki yoxdur. Seçiciləri düzgün informasiya qəbul etməkdən məhrum edirlər…”

O bu vəziyyəti “sistemli böhran” kimi dəyərləndirib. “İqtisadi böhran da ciddi amildir. İqtisadi böhran onu da göstərdi ki, hakimiyyət buna hazır deyil. Sistem buna hazır deyildi. İdarəetmədə ciddi pozuntu var. Əgər siz böhranı görmürsünüzsə, bu onu göstərir ki, hakimiyyətdəki şəxslər vəziyyəti adekvat qiymətləndirmirlər. Bu, bugün real vəziyyətdir”.

“Hakimiyyət artıq 2015-ci ildə özünü itirmiş vəziyyətdə idi. 2016-cı ildə hərəkət etməyə başladılar, amma gözləyirdilər ki, bəlkə də neftin qiyməti bir az da qalxar və bu bizi xilas edər. Bu baş verməyəndə anladılar ki, bu nəsə uzunmüddətli bir prosesdir və başladılar ki, hansı sahələrdə nə edək. Turizm, kənd təsərrüfatı və başqa sahələrdə də aktivlik var, deməzdim ki, yoxdur. Qəbul olunan yol xəritələri ilə bağlı hazırlıq işləri gedir və bunu qeyd etmək lazımdır. Amma bunlar hamısı onu demir ki, biz böhrandan çıxmışıq. Biz sadəcə böhrandan çıxmaq üçün cəhdlər göstəririk. Amma böhrandan çıxmaq üçün, hesab edirəm ki, daha da çevik addımlar atmaq lazım idi”.

“Canlanma var və mən hesab edirəm ki, seçkidən sonra islahatların aparılması daha aktiv şəkildə həyata keçiriləcək”, Mehman Əliyev əlavə edib.

Mehriban Əliyevanın prezidentliyə namizəd olmamasının səbəbi hakimiyyətdaxili çəkişmələridir

“Bu, hakimiyyətdaxili klanlarla bağlıdır. Hələ ki Azərbaycanda klan sistemidir; Naxçıvan klanı var, ermənistanlılar klanı var, Qarabağ klanı var, başqa klanlar var. Hələ bu, onların təsiridir. Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin və ya dövlət başçısı olsun. Onlar buna ciddi şəkildə etiraz edirlər. Bizdə klan sistemi də belədir ki, onun daxilində yuxarıda duran elitası, orta təbəqəsi, iş adamları, müxalifəti və s. var və bu, bütün sistemi bürüyür. Azərbaycanın böyük bir faciəsidir ki, bunlar klan sistemi ilə yaşayırlar”.

“Bunlar hesab edirlər ki, hakimiyyətə kiminsə gəlməyi onların maraqlarına ciddi zərbə vuracaq, çünki bizdə sistem – oliqarx sistemi belə qurulub ki, siyasi və iqtisadi maraqlar bir-birinə qarışıb. Onlar başa düşürlər ki, siyasi postdan gedən kimi sənin iqtisadi maraqların da zəifləyəcək. Buna görə istəmirlər”.

Mehman Əliyev

Avropa və Amerika ilə islahatlar razılaşdırılıb

Mehman Əliyevin fikrincə, seçkidən sonra islahatlar qaçılmazdır. “Prezident seçkilərini aprelə keçirmək, vaxtilə referendum keçirmək, vitse-prezident postlarının təyini, yaş məhdudiyyətlərinin götürülməsi – bu da göstərir ki, cavanlaşdırma prosesi gedəcək – bütün bu amillər bunu göstərir ki, dəyişmək lazımdır”.

“Avropa İttifaqı və ABŞ referendum elan ediləndə və prezident seçkiləri vaxtından tez elan olunanda heç bir təpki göstərmədi. Bununla bağlı heç bir tədqiq, heç bir bəyanatlar olmayıb ki, bu anti-demokratikdir və s. Heç bir şey yoxdur. Mən hesab edirəm ki, hansısa formada tərəflər arasında razılaşma var və əlbəttə ki, bu razılaşmalar Azərbaycanda avtoritarizmin qurulması, diktatorluğun qurulmasına hesablanmayıb”.

“Bunun arxasında həmin o ciddi islahatlar – yol xəritələri, Aİ ilə hazırlanan strateji tərəfdaşlıq haqqında saziş durur. Seçkidən sonra bu sənədlər əsasında canlanma baş verəcək”, Mehman Əliyev bildirib.

BBC
Tarix: 9-04-2018, 09:35
Xəbəri paylaş





Xəbər lenti