ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində Rusiya və İran prezidentlərini ittiham edib: “Suriyada düşüncəsiz kimyəvi hücum nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, xeyli insan həlak olub. Ərazi Suriya ordusu tərəfindən tamamilə əhatə olunub və kənardan əlçatmazdır. Prezident Putin, Rusiya və İran vəhşi Əsədə dəstəyə görə cavabdehdir. Bunun böyük hesabı verilməlidir ”-Tramp belə yazıb.
Ağ Evin başçısı həmçinin ən qısa müddətdə təcili tibbi yardım zonası açılmasına çağırıb və vəziyyəti heç bir səbəbi olmayan daha bir humanitar faciə adlandırıb.
Qeyd edək ki, rəsmi London da Suriyadakı kimyəvi hücumu təcili araşdırmağa çağırıb. ABŞ da sözügedən kimyəvi hücumun araşdırılması məsələsində ortaq mövqedən çıxış edib. Rusiyanın Xarici İşlər Nazirliyi isə Şərqi Quta şəhərində kimyəvi silahdan istifadə ilə bağlı deyilənləri “saxta təxminlər” adlandırıb.
Xatırladaq ki, Suriyanın Homs əyalətinin şərqindəki “T-4” hərbi hava bazasına raket atəşi açılıb. Hərbi bazanın ərazisinə bir neçə raket düşüb. Rəsmi Dəməşq baş verən hadisəni ABŞ-ın təcavüzü adlandırıb. Əsədə tabe olan hərbi aviasiya hissəsi Aralıq dənizindən raket atəşinə tutulduqdan bundan sonra İŞİD Homs şəhərinə hücum edib.
Suriyanın raket hücumundan müdafiə qüvvələri hərbi hava bazası istiqamətində cavab atəşi açıb.
Vaşinqton Əsəd rejiminin Şərqi Qutada müxalifətə və dinc insanlara qarşı kimyəvi silahdan istifadə etdiyini bildirir. Ona görə də siyasi ekspertlər ABŞ-ın Bəşər Əsəd rejiminin hakimiyyətdən salınması üçün hərbi əməliyyatlara hazırlaşdığını iddia edir. Kimyəvi silahdan istifadə olunduğu hələ sübuta yetirilməyib. Buna baxmayaraq, Donald Trampın son açıqlaması Ağ Evin “qırmızı xətti” keçmiş Əsədi cəzalandırmaq niyyətindən xəbər verir.
Politolioq Natiq Miri Cebhe.info-ya bildirib ki, Suriya rejiminə qarşı hərbi əməliyyatlara başlamaq üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiya üçün ciddi zəmin yaranıb: “Çünki Suriya Dumasında kimyəvi silahların mövcudluğu təsdiq olunub və artıq bu qazdan zəhərlənən onlarla qadın, uşaq var. Bu faktı gizlətmək mümkün deyil. Bu məsələnin Əsəd rejiminə qarşı istifadə etmək üçün bəhanə olaraq ortaya atıldığına dair fikirlər səslənir. Ancaq bunlar bəhanə deyil. Ona görə ki, Şərqi Qutada həyata keçirilən bombardmanlara baxmayaraq, hələ də anti-Əsəd qüvvələrini bu bölgədən çıxartmaq mümkün olmur.
Müxalifətə dəstək verən mülki əhali də hələ ərazini tərk etməyib. Bu səbəbdən də kimyəvi qazlardan istifadə etməklə kütləvi qətl törətmək və bölgədən çıxmağa məcbur etmək istəyirlər. Artıq Rusiya hərbçiləri də müəyyən etiraflar edirlər ki, kimyəvi silah məsələsində rəsmi Moskvanı ittiham etmək doğru deyil. Rusiya hərbçilərinin verdiyi izahatdan məlum olur ki, kimyəvi silahdan istifadə edən əsasən İran hərbçiləri olub. Yəni, həmin bombalar İranın vasitəçiliyi ilə atılıb. Bu da Əsəd rejiminin dəstəyi ilə həyata keçirilən əməliyyatdır. Bu baxımdan, Əsəd rejimi ilə İranın işbirliyi nəticəsində ortaya çıxan bir kimyəvi silahlardan istifadəyə dair ittihamların səslənməsinə razıdırlar. Bəzi rusiyalı siyasətçilər və ekspertlər gerçəklikləri ortaya qoyurlar. Ona görə də əhaliyə və müxalifətə qarşı kimyəvi silahdan istifadə olunması faktdır.
ABŞ-ın simasında dünya gücləri həqiqətən də Bəşər Əsəd hakimiyyətinə qarşı hərbi əməliyyat keçirmək istəsələr, bundan yaxşı bəhanə tapa bilməzlər. ABŞ-ın və Fransanın prezidentləri xəbərdarlıq etmişdilər ki, mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə edilərsə, o zaman Suriyanın hərbi bazaları bombardman ediləcək. Ona görə də ABŞ Aralıq dənizindəki hərbi gəmilərdən atdığı qanadlı raketlərdən, Fransa isə havadan Suriyanın 20-dən artıq hərbi bazasını bombardman edə bilər.
Bu da bölgədə yeni bir müharibə təhlükəsi yarada bilər. Çünki 20-dən artıq hərbi bazada Rusiya əsgərlərinin yerləşdirildiyinə dair məlumatlar var. Rusiya da xəbərdarlıq edib ki, əgər bu əməliyyatlar zamanı hər hansı rus əsgərinin zərər görəcəyi halda hücum hədəflərinə atəş açılacaq. Bu da Rusiya-ABŞ qarşıdurmasına gətirib çıxara bilər. Fikrimcə, ABŞ və Fransanın Əsəd rejiminə qarşı hərbi əməliyyat keçirməsinə ən böyük əngəl bu amildir”.