Prezident seçkilərindən sonra hökumətin tərkibində hansı yeniliklər olacaq? Bu gün cəmiyyəti ən çox düşündürən sual budur. Əsas müzakirə olunan məsələ isə hansı məmurun tutduğu postu itirəcəyidir. Əslində gözləntilər və ilkin ehtimallar var, artıq bir neçə məmurun adının “qara siyahı”da olduğu deyilir.
Analiz və təhlillər göstərir ki, seçkidən sonra postunu itirməyə ən real namizəd Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlıdır. Palata rəhbərinin etimadı doğrultmadığı hər kəsə məlumdur. Bu qurum yaradılanda qarşısına bank sistemində yaranan problemləri həll etmək, sektoru sağlamlaşdırmaq məqsədi qoyulmuşdu.
Problemli kreditlərin məmura yaratdığı “problem”
Bank sektorunun hazırkı durumuna baxdıqda Rüfət Aslanlının işinin öhdəsindən gələ bilmədiyi açıq şəkildə görünür. Bu gün hələ də fəaliyyətdə olan kifayət qədər problemli bank var. Digər tərəfdən, problemli kreditlərin həcmi sürətlə artır. Vətəndaş-bank qarşıdurmasında yaranan mənzərə acınacaqlıdır. Bu gün məhkəmələrdə baxılan işlərin 70 faizə yaxını bank-vətəndaş çəkişməsidir. Sadalanan problemlər MBNP fəaliyyətə başlamamışdan əvvəl də vardı. Ancaq məsələ ondadır ki, bu qurumun yaradılmasında məqsəd məhz sadalanan problemlərin həllinə nail olmaq idi. İndilik isə görünən odur ki, MBNP-nın rəhbəri Rüfət Aslanlının 2 illik fəaliyyəti dövründə (10 mart 2016-cı ildən - müəl.) göstərilən problemlərin həllinə nail ola bilməyib. Bütün bunlar onu deməyə əsas verir ki, seçkilərdən sonra formalaşacaq yeni komandada Rüfət Aslanlı olmayacaq.
Məlumata görə, Palata daxilində də rəhbərlikdə təmsil olunan komanda arasında narazılıq var. Qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlının səlahiyyətlərinin qeyri-rəsmi olaraq əlindən alındığı və quruma rəhbərliyi faktiki olaraq İbrahim Alışovun etdiyi deyilir. Qeyd edək ki, İbrahim Alışov Palatanın İdarə Heyətinin sədridir.
Sonu gətirən səbəblər
“Qara zolaq”da olan məmurlardan biri də kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Bu günədək Heydər Əsədovun istefaya göndəriləcəyi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılıb. Qudası, eks nazir Ziya Məmmədovun “vurulması”ndan sonra bu ehtimal daha da güclənib. Digər tərəfdən, H.Əsədovun kənd təsərrüfatının inkişafı üçün atdığı addımlar, gördüyü işlər birmənalı olaraq effekt vermir. Bunu rəsmi statistikadan da görmək mümkündür. Hökumət artıq 2 ildir ki, kənd təsərrüfatını prioritet elan etsə də, bu sektoru inkişaf etdirmək, Azərbaycanı aqrar ölkəyə çevirmək mümkün olmayıb. 2 il öncə olduğu kimi ölkə yenə də eyni ölçüdə idxaldan asılıdır. Bu da Heydər Əsədovun nazir postundan uzaqlaşdırılması üçün əsas verən məqamlardan biridir. Yeni qurulacaq hökumətin tərkibində Heydər Əsədovun olmayacağına bir çoxları artıq qəti qənaət kimi baxır.
300 milyonun “cəzası”
Nazir postunu itirməyə real namizədlərdən biri də mədəniyyət və turizm naziri Əbülfəz Qarayevdir. Bu qurumun ümumiyyətlə ləğv olunacağı gözlənilir. Belə ki, ehtimallara görə adıçəkilən nazirlik iki hissəyə bölünərək aidiyyatı üzrə digər qurumlara veriləcək. Nazirliyin turizm hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə biləşdiriləcəyi, mədəniyyət bölməsinin isə ayrıca bir komitə kimi fəaliyyət göstərəcəyi deyilir. Nazirlik tam olaraq vəzifəsinin öhdəsindən gələn qurum hesab edilmir. Azərbaycanın turizm potensialından sona qədər olmasa da, ən azından mümkün qədər çox istifadə edilərək bu sahəni ölkəyə valyuta axınını təmin edəcək qədər inkişaf etdirmək mümkün olmayıb. Daxili turuzmdəki vəziyyətdən heç danışmağa dəyməz. Ölkə vətəndaşları xarici ölkəyə səfəri bölgələrə getməkdən daha ucuz və keyfiyyətli istirahət hesab edir ki, bu məsələdə də turizm obyektlərinin fəaliyyətini “gözdən qaçıran” nazirliyin rolu az deyil. Xatırladaq ki, Hesablama Palatası Mədəniyyət və Turizm Nazirliyində apardığı yoxlamalar zamanı 300 milyondan artıq yeyinti faktı aşkarladı, ancaq nəticə etibarı ilə bu məsələyə görə heç kim cəzalandırılmadı. Görünən odur ki, növbəti komandada Əbülfəz Qarayevə yer ayrılmayacaq.
Komitə sədri də gözləyənlər arasında
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə də vəzifəsini itirməyə ən real namizədlərdən biridir. Nəzərə alsaq ki, bir müddət öncə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdiriləcəyi haqqında məlumatlar var idi. Adıçəkilən qurumların heç bir yayılan məlumatların doğru və ya yanlış olması haqqında heç biri rəsmi münasibət açıqlamadı. Üstəlik, Hesablama Palatası Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini yoxlayaraq külli miqdarda yeyinti aşkarlamışdı. Sadalanan iddialar Əhməd Əhmədzadənin də işinin çətin olacağını deməyə əsas verir.
Təkbaşına rəhbərliyə xitam
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da vəzifəsi ilə vidalaşacağı gözlənilir. Ümumiyyətlə, uzun müddətdir ki, ən çox tənqidə tuş gələn məmurlardan biri də Bakı meridir. Bir müddət öncə merin səlahiyyətlərinin bir hissəsi əlindən alındı. Daha dəqiq desək, reklam bazarından çıxarılaraq ciddi gəlir mənbəyindən məhrum edildi. Bununla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinə tabe olan qurumların dövlət büdcəsindən ayrılan vəsaitlərin lüzumsuz yerlərə xərcləməsi faktları Bakı merinin işini bir az da çətinləşdirdi.
Qeyd edək ki, bu haqda məlumatı da Hesablama Palatası yaymışdı. Digər tərəfdən, deyilənlərə inansaq, Hacıbala Abutalıbovun səhhətində ciddi problemlər var. Merin səhhəti ilə bağlı tez-tez Almaniyaya səfər etdiyi danışılır. Bu da meriyanın fəaliyyətində ciddi boşluqların yaranmasına səbəb olur, çünki Hacıbala Abutalıbov rəhbərlik etdiyi qurumun işini komanda fəaliyyəti ilə yox, şəxsi təşəbbüsləri və təkbaşına idarəçiliyi ilə qurmaqla tanınır. .Ehtimallara görə, seçkilərdən sonra Hacıbala Abutalıbovun da səlahiyyətlərinə birdəfəlik xitam veriləcək. Bakı meri də “yola” salınacaq məmurlar siyahısında öz yerini alacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun da seçkidən sonra postunu itirəcəyinə dair iddialar var.
Cəbhə.info