Türkiyə-Rusiya yaxınlaşmasından sonra qardaş ölkənin Kremlin əli ilə Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol ala biləcəyi barədə rəylər səslənir. Sirr deyil ki, Türkiyədən sonra Azərbaycana ən yaxın ölkə bəlkə də Rusiya sayılır. Prezident İlham Əliyevin TASS İnformasiya Agentliyinə bu günlərdə verdiyi geniş müsahibədə bu məqamı bir daha vurğulayıb.
Ölkə başçısı Rusiya ilə bağlı verilən suala belə cavab verib: “Şübhəsiz, hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır. Əlbəttə, prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Sizin qeyd etdiyiniz kimi, bizim aramızda çox etimadlı münasibətlər var... Düşünürəm ki, çox cəhətdən bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacib olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da”.
Tez-tez Rusiya rəsmilərinin də bu cür açıqlamalarına rast gəlirik. Kreml də Azərbaycanın region və onlar üçün oynadığı mühüm rolu yaxşı bilir. Belə olan təqdirdə Rusiyanın Qarabağ siyasətinə nə üçün düzəliş etmək fikrində olmadığı tez-tez gündəmə gəlir.
Sabiq dövlət müşaviri Qabil Hüseynli Azərbaycan tərəfin Rusiyadan münaqişənin həlli üçün tələblərinin olduğunu istisna etmir: “Çox kəskin formada Rusiyaya tələblərimizin olduğunu düşünürəm. Bir tarixi haşiyə çıxmaq istəyirəm. Rusiyanın sabiq prezidenti Boris Yeltsinin hakimiyyətdə olduğu müddətdə mərhum Heydər Əliyevlə görüşü oldu. Bu görüşdə mən də iştirak edirdim. Heydər Əliyev çox cəsarətli bir formada Yeltsinə müraciət etdi ki, bir dəfə əlinizi stola möhkəm vurun, Cənubi Qafqazdakı bu problemi birdəfəlik həll edək getsin. Rusiya ilə yaxın dost olduğumuzu da Heydər Əliyev qeyd etdi. Mərhum prezident onu da qeyd etdi ki, iki MDB ölkəsi arasında təcavüz olayları olmamalıdır. Deyə bilmərəm ki, o zaman Yeltsin nə dərəcədə ciddi idi, o dedi ki, bəli, əlimi bir dəfə stola möhkəm vuracam, bu münaqişənin həlli ilə ciddi məşğul olacam. Görüş təxminən belə nikbin formada da bitdi. İlham Əliyevin də dəfələrlə Putinlə bu barədə söhbətləri olub, sabiq prezident Dmitri Medvedevlə də söhbətləri az olmayıb, həmçinin hazırkı XİN rəhbəri Sergey Lavrovla bu cür söhbətlərin sayı-hesabı yoxdur. Amma necə ki, o zaman Yeltsin mərhum Heydər Əliyevə verdiyi sözü yerinə yetirmədi, indi də Rusiya ilə bu istiqamətdə gedən görüşlərdə lazımı nəticələr alınmır.
Biz Kremli yaxşı başa düşməliyik. Bunu bir dəfə rusiyalı politoloq çox yaxşı izah etdi. Qeyd etdi ki, Ermənistan Rusiya ilə müttəfiqdir, siz isə tərəfdaşsınız, Ermənistanda Rusiyanın hərbi bazaları var, sizin ərazilərdə isə heç nə yoxdur. Bütün bunlar Rusiyanın siyasətinin müəyyənləşməsində əhəmiyyətli rol oynayır. Üstəlik, bir az da tarixə ekskrusiya etsək, Böyük Pyotrun vəsiyyətlərinə diqqət yetirsək, orada ermənilər üçün necə böyük rol ayrıldığını görərik. Türkiyə ilə indi Rusiyanın münasibətləri alınır. Bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatacağını düşünmürəm. Rusiyanın Qərblə yaşadığı gərginlik getdikcə artır. Dünyada təklənməkdən qorxan və Qərbin daxilində xof yaratmağı qarşısına məqsəd qoyan Rusiya Türkiyəni ciddi güzəştlər hesabına olsa belə, öz tərəfinə çəkməyə çalışır. Buna qismən də nail olur. Lakin elə bir məqam yetişə bilər ki, bu münasibətlər alınmaya da bilər. Rusiya elə bir dövlətdir ki, müttəfiqləri ilə münasibətləri daim qorumaq qayğısına qalmır.
Doğrudur, bizim içərimizdən də belə bir duyğu keçir ki, Rusiya-Türkiyə münasibətləri möhkəmlənsə, Yaxın Şərqdə uğur qazanılsa, gələcəkdə Türkiyə Qarabağ probleminin həllini Rusiyadan xahiş edə, hətta üçlü birlik sayılan Rusiya-İran-Türkiyə Minsk qrupunun alternativi kimi problemin həllini üzərlərinə götürə bilər. Bu məsələyə ehtiyatla yanaşmağın tərəfdarıyam. Rusiyanın sərhəd təhlükəsizliyi ilə bağlı Türkiyənin əməliyyatlarına razılıq verməsinə baxmayaraq, onun Ermənistan məsələsində belə asanlıqla yola gələcəyini gözləmirəm. Kremlə yalnız güc nümayiş etdirmək lazımdır. Amma Azərbaycanın gücü o səviyyədə deyil ki, əməliyyatlar aparacağı təqdirdə buna müdaxilə edən Rusiyanın da öhdəsindən gələ bilsin. Beynəlxalq hüquq normaları xeyrimizədir və Azərbaycan öz ərazisində əməliyyatlar apara bilər. Türkiyə ordu göndərməsə də, maddi və mənəvi baxımdan bizə kömək edə bilər”.
Q.Hüseynli onu da qeyd etdi ki, bütövlükdə proseslərə Rusiyanın qatılacağı təqdirdə Türkiyənin buna ciddi müdaxilə edəcəyini düşünmək çətindir: “Azərbaycan Rusiya ilə münasibətləri qorumaqla yanaşı, Qərblə əlaqələrini də yaxşılaşdırmalıdır. Bir gücə söykənməyimiz çox vacibdir. Bizə indiyə qədər Türkiyənin nə qədər kömək durduğu məlumdur, amma Qarabağ probleminin həlli üçün Rusiyadan xahiş, tələb, minnət edəcəyini demək mənə sadəlövhlük kimi gəlir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”