Hollandiyada ən böyük “erməni soyqırımı” abidəsi açılır, İrəvana 24 apreldə nazir göndəriləcək
Hollandiyanın Amsterdam şəhərində qondarma “erməni soyqırımı” abidəsi açılacaq. BBC-nin məlumatına görə, Hollandiyada ilk olmayan bu abidə Ermənistanda hazırlanıb. Ancaq 21 apreldə açılışı olacaq abidə Amsterdam erməni-apostol kilsəsinin xarici divarına vurulacaq və ölkədə digər analoji abidələrdən daha məşhur olacaq. Çünki daha əvvəlki abidələr qəbiristanlıqda quraşdırılıb və göz önündə olmayıb.
Heykəlin qoyulmasına ayrılan yer üçün pulu da yerli ermənilər toplayıb. Yerli ermənilərin fikrincə, bu heykəlin açılması Hollandiyada “erməni soyrıqımı”nın tanınmasını sürətləndirəcək. Məsələ ondadır ki, bu ilin fevralında Hollandiya parlamenti “1915-ci ildə Anadoluda baş verən hadisələrin soyqırımı olaraq tanınması” ilə bağlı qanun layihəsini qəbul edib.
Türkiyə hökuməti bu qərara sərt etiraz edib. Bundan sonra Hollandiya hökuməti parlamentin qərarını dəstəkləmədiyini və “soyqırımı tanımadığını” elan edib. Ancaq bununla yanaşı, Hollandiya hökuməti ermənilərə bəzi ciddi “reveranslar” edib. 24 apreldə İrəvana bir hollandiyalı nazir göndəriləcək. Hollandiyadakı türk dərnəkləri isə abidə ilə bağlı etiraz bəyanatı yayıb.
Məsələ ondadır ki, son illərdə Avropa ölkələri ilə Türkiyə arasında münasibətlərin soyuması, hətta bəzi ölkələrlə, xüsusən də Almaniya, Avstriya və Hollandiya ilə Ankara arasında ciddi problemlərin olması ermənilərin işinə yarayır. Daim belə məqamlardan kəmfürsətcəsinə yararlanan erməni lobbisi məhz Avropada artan türkiyə əleyhdarlığından istifadə edir, “erməni soyqırımı”nın tanınması üçün cəhdləri artırır. Son illərdə xüsusən də adlarını qeyd etdiyimiz ölkələrdə ermənilərin fəallaşması müşahidə olunur. Türkiyə diasporu isə güclü olmasına rəğmən erməni yalanlarına ciddi təpki verə bilmir. Çünki bir tərəfdən onsuz da son illərdə Avropada müsəlmanlara, türklərə münasibət soyuqlaşıb, digər tərəfdən də Türkiyə hökuməti ilə Avropa ölkələrinin bir çoxu arasında gərginliklər baş verir və bu da istər-istəməz siyasətə, eləcə də bu kimi mövzulara təsir edir.
Hollandiya hökuməti hələlik açıq şəkildə “soyqırımı” tanıya bilmir, amma parlament artıq bu addımı atıb. Almaniya parlamenti isə iki il əvvəl, 2016-cı ilin mayında “erməni soyqırımı” layihəsini müzakirəyə çıxararaq tanıyıb. Bir çox müşahidəçilər bu qərarın sırf siyasi olduğunu və Türkiyə ilə pisləşən münasibətlərə reaksiya olduğunu qeyd edirdilər. Çox güman ki, bu tendensiya yüksələn xətt üzrə davam edəcək. Erməni diasporu Avropada, eləcə də dünyanın başqa regionlarında fəaliyyətini davam etdirəcək. Xüsusən də Türkiyə ilə münasibətləri soyuqlaşan, Ankaraya təzyiq etmək istəyən hökumətlər məhz ən zəif yerdən “erməni kartından” yapışacaqlar.
Beləliklə, Türkiyə siyasi hakimiyyətinin Avropa ilə münasibətləri və yaranmış boşluqlar ermənilərin işinə yarayır, daha dəqiqi ermənilər bu vəziyyətdən yararlanır. Analoji vəziyyət Azərbaycanla da yarana bilər. Erməni diasporu məhz Azərbaycanın əlaqələrinin zəif olduğu və ya soyuq olduğu ölkələrdə daha rahat çalışır və siyasi dairələrdəki antipatiyanı və ya soyuq münasibətləri öz xeyirlərinə çevirə bilirlər.
Ankara Avropa ilə anlaşmaq istəməsə və münasibətlərdə soyuqluq davam edərsə, daha ciddi problemlərlə qarşı-qarşıya qala bilər. Xüsusən də erməni məsələsində.(“Yeni Müsavat”)