Bizi, adi insanları böyük siyasət mənsublarından və onların eynəkli-saqqallı ideoloqlarından fərqləndirən cəhətlər çoxdur. Ən birincisi də budur ki, onlar müharibə, ölüm və insan tələfatları haqqında elə sakit, elə təmkinlə, elə emosiyasız danışırlar ki, biz adi insanlar heç bir halda bunu bacarmarıq.
Bəli, biz, məsələn, yoldaş Cuqaşvili - Stalin kimi “Bir insanın ölümü faciə, yüz insanın ölümü isə statistikadı!” deyə biləmərik, çünki yüzlərlə insanın ölümünü ifadə etmək üçün bizim leksikonumuzda bir söz var və o da DƏHŞƏTdir...
Regiondakı və dünyadakı proseslərdən çox yazırıq. Əslində bu təhlillər bizim də hissiyyatımızı və əsəblərimizi cilalamalı idi. Amma bəri başdan deyim ki, hörmətli professor A.Duqinin dünya müharibəsi haqdakı kiçik açıqlamasını oxuyanda bunu tamam yaddan çıxardıq.
Dünya müharibəsi haqqında elə sakit, elə təmkinlə danışır ki, sanki daha bir dünya müharibəsi labüd və qaçılmazdır və biz bu prosesdən keçməliyik. Hamısı da nədən ötrü? Ondan ötrü ki, bunların transendental və ya irriasional bir sevgi ilə sevdiyi Rusiyaya dünyadakı yeri dar gəlir...
Hörmətli Duqin müəllimin fikirlərinə reaksiya vermək bizim üçün artıq adi bir hal olub. Amma bu dəfə bunu etməyə də bilərdik və heç etmək də fikrimiz yox idi, əgər bir-iki ay bundan irəli V.Putinin dilindən başqa bir fikri eşitməsəydik: “Rusiya olmayan dünya nəyə lazımdır?!.”...
Aydındır ki, heç kimin- istər fərd olsun, istərsə də böyük dövlət- kimsənin Rusiyanı dünya üzündən silmək fikri yoxdur; bu dövlət olub, var və olacaq! Amma cənab Putinin sözlərini başqa cür başa düşmək və başqa cür yozmaq lazım gəlir: o, demək istəyir ki, dünyanın ağalarından biri Rusiya olmayacaqsa, belə bir dünya nəyə gərəkdir?!.
İndi anladınızmı, əzizlərim?.. İşin qəlizliyindən də indi bu başabəla Rusiya ətrafında çox qəzliz proseslər gedir, ətrafındakı iqtisadi, siyasi və diplomatiya həlqəsi günbəgün daralır.
Amma bu qovğada bir qaranlıq şəxs var ki, o da cənab D.Trampdır. Hiss olunur ki, ABŞ siyasət maşını ilə prezidentin arasında əsl mübarizə gedir.
Tramp hələ də deyir ki, Rusiya ilə dil tapmalıyıq. Bir tərəfdən hər gün yeni bir sanksiya tətbiq edir, o biri tərəfdən də V.Putinlə görüşə can atır, özünün biznes məntiqilə ABŞ üçün Rusiyanın yox, məsələn, Çinin daha ciddi təhlükə olduğunu iddia edir. Pentaqon da, elə diplomatları da onun tələsik qərarlarına düzəliş verməkdən artıq beziblər.
Məsələn, bu yaxınlardaca D.Tramp dedi ki, son 17 il ərzində Yaxın Şərqdə 20 trilyon dollar xərcləmişik, ona görə də Suriyanı tərk eləmək lazımdır. Amma Pentaqon buyurdu ki, yox, hələ tezdir.
Bu əlbəyaxa çəkişmə nədənsə mənim yadıma mərhum C.Kennedini salır. Onun ölümü haqqında yüzlərlə ehtimal var. Onların arasında ən sirli, konspiroloji örtüyə bükülmüş fərziyyələr də az deyil. Onlardan biri də budur ki, o vaxt ölkənin hərbi-siyasi elitası Kennedidən yamanca narazı idi, çünki bu adamların fikrincə, C.Kennedi Karib böhranı zamanı tarixi fürsəti əldən vermişdi - belə ki, o vaxt ABŞ-ın nüvə arsenalı SSRİ-dən qat-qat artıq idi...
Təbii, bu, sadəcə, maraqlı, özü də yüzlərlə qeyri - adi, hətta fantastik ehtimallardan biridir. Onların heç biri indiyədək nəinki sübut olunmayıb, heç ciddi fərziyyə kimi də araşdırılmayıbdır. Amma məsəl var, deyirlər ki, Şeytan nəylə zarafat etmir?
Qayıdaq dünya müharibəsi məsələsinə. A.Eynşteynlə də bağlanan məşhur məsəl var. Deyilənə görə, ondan soruşurlar ki, professor, deyə bilərsinizmi, üçüncü dünya müharibəsində insanlar hansı silahlardan istifadə edəcəklər?
Eynşteyn də maraqlı bir cavab verir: “Üçüncünü bilmirəm, amma dördüncü müharibə zamanı yenidən ox və nizə ilə vuruşacaqlar”... Bəli, düşünürük ki, burada əlavə nəsə demək artıq olardı...
Amma A.Saxarov da insanlıq qarşısındakı xidmətini təkcə hüquq müdafiəsi sahəsindəki fəaliyyətində görmürdü. O, düşünürdü ki, nüvə silahının yaradılması insanlığı birdəfəlik qlobal müharibələrdən qurtarıb, çünki bütün Yer kürəsini məhv etmək üçün cəmi 3-4 hidrogen bombası da yetər...
Bəli, Saxarov da belə düşünürdü və o, çox hörmətli filosof A.Duqin cənablarından heç də ağılsız deyildi. Amma bəla bundadır ki, dünya yaranandan onu heç də ən ağıllılar idarə etməyiblər...