Hakimiyyətə yarınmaq istəyib hakimiyyətə problem yaradan deputatlar– savadsızlıq, yoxsa...


Hakimiyyətə yarınmaq istəyib hakimiyyətə problem yaradanlar

Cəmiyyətdə zaman-zaman deputatların verdiyi qalmaqallı açıqlamalar müzakirə mövzusu olur. Bəzən hansısa bölgədə baş verən olaya münasibətləri, yaxud  problemlərdən “çıxış yolu” kimi göstərdikləri məqamlar insanları qıcıqlandırır. “Yeni Müsavat” onlardan bəzilərini yada salır.

Deputat Hadı Rəcəblinin xalqın qəzəbinə səbəb olan açıqlamalarından biri “işdən sonra fəhləlik”lə bağlıdır. Həmin açıqlamanı xatırlayaq: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. Bunun nəyi pisdir ki?”

Onun daha bir açıqlaması isə məcburi köçkünlər barədə olub. Köçkünlərin yataqxanalardakı otaqlarında “plitka”nı yandırıb pəncərəni açıq qoyduqlarını bildirərək, onların bir qisminin güzəştlərdən məhrum edilməsinə haqq qazandırıb.

2016-cı ilin dekabrında YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov da xalq üçün “böhrandan çıxış xəritəsi” çəkdi: “Ayağını yorğanına görə uzat. Azdırsa az ye, çoxdursa çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.

Hüseynbala MirÉlÉmov ile ilgili görsel sonucu

2016-cı ilin dekabrında Biləsuvarda məskunlaşan məcburi köçkünlərin keçirdiyi aksiya ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev aşağıdakı fikirləri bildirib: “Onların (Rusiyada yaşayanlar) içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin ”otxodları". Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var".

2015-ci ilin dekabrında isə deputat Naqif Həmzəyev musavat.com saytının əməkdaşının Məhəmməd Əmin Rəsulzadənin başına çuval keçirilən büstü ilə bağlı verdiyi sualına kəskin cavab verib. O, Rəsulzadəni vətən xaini adlandıraraq büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bilib. Naqif Həmzəyev “Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı...” sözləri ilə özü də hiss etmədən şok açıqlama verib.

Naqif HÉmzÉyev ile ilgili görsel sonucu

Siyahını uzatmaq  da olar. Amma bunlar cəmiyyətdə ən çox səs-küy yaradan açıqlamalardır. Hər belə açıqlamadan sonra sosial şəbəkədə, mediada bununla bağlı ciddi müzakirələr gedib və cəmiyyət bu sözlərin müəlliflərinə qarşı sərt təpki göstərdi. Medianın müşahidəsinə görə, adətən bu sayaq qalmaqallara səbəb olan deputatlar uzun müddət müsahibə verməkdən qaçır və ətraflarında yaranmış bumun səngiməsini gözləyirlər. Və təkcə qalmaqala səbəb olmuş şəxslər yox, digərləri də danışdıqları zaman ciddi səs-küy yaradacaqları üçün susmağı tərcih edirlər.

hadı rÉcÉbli ile ilgili görsel sonucu

Media ekspertlərinin qənaətincə, mətbuat nümayəndələrinə, xüsusən də onların təcrübəli olanlarına müsahibə vermək ciddi hazırlıq tələb edir. Deputatlar yaxşı siyasətçi olduqlarını bu sayaq situasiyalarda göstərirlər. Qıcıqlı suallara tolerant olmaq, jurnalistin qurduğu “tələlərə” düşməmək, habelə hər fikrində xalqın tərəfində olmaq vacib şərtlərdən sayılır. Amma təhlillər onu göstərir ki, əksər deputatlar bu tələblərə cavab vermirlər. Bir çox hallarda sözün böyük mənasında siyasət yürütməyə ehtiyac görməyən deputatlar lazımsız səmimiyyət nümayiş etdirirlər ki, bu da sonradan onların əleyhinə çevrilir.

Nə hikmətdirsə, bütün bu cür səs-küylü açıqlamalarda deputatlar bir qayda olaraq xalqın qarşısında dayanırlar. Heç biri də çaşıb hakimiyyət əleyhinə, onun mənafeyinə zidd hər hansı söz danışmır. Bu halda belə onların hər dedikləri birbaşa hakimiyyətin ziyanına işləyir. Bir çox hallarda ekspertlər onların “özünü hakimiyyətə sipər” etdiyi düşüncəsində olur. Yəni hakimiyyətə yönələcək qıcıqları, neqativ reaksiyanı öz üzərlərinə çəkməklə əslində hakimiyyətə xidmət göstərmiş olurlar. Amma bu halda da hakimiyyətə problem yaratmırlarmı?

“Bu ölkənin deputatı nə vaxt xalqın yanında olacaq” haqlı sualı o səbəbdən tez-tez səslənir.(“Yeni Müsavat”)


Tarix: 12-04-2018, 09:17
Xəbəri paylaş





Xəbər lenti