MSK yekun nəticələri açıqladı: Zahid Oruc Qüdrət Həsənquliyevi uddu


Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb.

Virtualaz.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb:

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,02 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,74% faizini toplayıb".

Sayılmış bülletenlərin sayı 3 962 096-dır.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Tarix: 12-04-2018, 14:45
Xəbəri paylaş





Xəbər lenti