TÜRKİYƏ SURİYAYA GÖRƏ, QƏRB-RUSİYA QARŞIDURMASINDA ÇƏTİNƏ DÜŞÜB ?- AKTUAL ŞƏRH
"Türkiyə iki supergüc arasında qalsa da, öz mövqeyini qoruyur”.
Bunu "Sherg.az”a "Türkiyə hazırkı ABŞ - Rusiya gərginliyi zamanı hansı mövqedə dayanmalı ? " sualını şərh edərkən millət vəkili Rasim Musabəyov söyləyib.
O qeyd edib ki, rəsmi Ankara Amerikanın PKK-çıları silahlandırmasının əleyhinədir:
"Digər tərəfdən isə Bəşər Əsədin orada apardığı əməliyyatları, vəhşiliyi qəbul etmir. Ona görə, Türkiyə hər iki tərəflə balanslı münasibət saxlamağa çalışır, öz mövqeyində qalır. Ankara lazım olduqda sözünü Amerikanın da, Rusiyanın da üzünə deyir”.
Türkiyənin bu mövqeyinin nəticəsinə gəlincə, R. Musabəyov düşünür ki, bunu proqnozlaşdırmaq çətindir:
"Hələlik, bu mövqeyin nə ilə nəticələnəcəyi məlum deyil. Hər bir halda Türkiyə öz mövqeyindən çıxış edir, ABŞ və Rusiya ilə problem yaratmağa meyl göstərmir”.
Qeyd edək ki, Türkiyədə səfərdə olan politoloq Elxan Şahinoğlu özünün "Facebook” səhifəsində Türkiyənin Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qaldığını yazıb. Politoloq bildirib ki, Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz. Qərb də elə buna görə Əsədi cəzalandırmaq istəyir. Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib. Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir.
Aysel Aslan
Tarix: 12-04-2018, 15:16