MERKEL SURİYAYA HÜCUMDAN NİYƏ YAYINIR? –Almaniyanın "İskəndər" qorxusu - TƏHLİL



Oleq Nikiforov

“Nezavisimaya qazeta”, Rusiya, 13 aprel 2018-ci il

 

Almaniyada ölkənin Əsəd rejiminin ortadan qaldırılmasına verdiyi töhfə ilə bağlı mübahisə qızışır. Bu günlərdə alman Azad Demokratlar Partiyasının (Az.DP) xarici siyasət məsələləri üzrə nümayəndəsi Aleksandr Qraf Lambsdorf kansler Anqela Merkelin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın birgə döyüş əməliyyatlarında iştirakdan imtina etməsini kəskin tənqid edib.

Alman “Zeit” qəzeti yazır ki, Almaniyanın NATO üzrə müttəfiqləri – ABŞ, Böyük Britaniya  Fransa Suriya qoşunlarının Dəməşqin peyk şəhəri olan Dumada zəhərli maddədən istifadə etməsi iddiası ilə əlaqədar Suriya hökumətinə qarşı hərbi aksiya keçirilməsində iştirakla bağlı öz hazırlıqlarını artıq təsdiqləyiblər.

Merkel ötən cümə axşamı verdiyi bəyanatında Almaniyanın bu aksiyada iştirakının mümkünlüyünü tamamilə istisna edib. “Almaniya tərəfindən hərbi aksiya müzakirə mövzusu deyil” – deyən indiki Xarici işlər naziri, sosial-demokrat Heyko Mas da onu dəstəkləyib.

“Zeit” yazır ki, Lambsdorfun nöqteyi-nəzərinə görə, əgər Almaniya belə aktual vəziyyətdə öz qərb tərəfdaşlarının yanında olsaydı, daha düzgün olardı.

Bu durumda Merkelin mövqeyi belə bir faktın işığında tamamilə anlaşılandır ki, Suriyaya hücum Rusiya silahlı qüvvələrinin Qərbə cavab zərbəsinə gətirib çıxara bilər və Rusiyada aparılan hazırlıqlara görə, zərbə yalnız Suriya ərazisindən və ona bitişik Aralıq dənizindən vurulmaya bilər.

Rusiya mətbuatının məlumatlarına əsasən, “İsgəndər” raket kompleksləri də, o cümlədən Kalininqrad vilayəti ərazisində döyüş hazırlığı vəziyyətinə gətirilib. Bununla əlaqədar, bu komplekslərin nə olduğunu xatırlatmaq faydalı olardı.

 

“İsgəndər” kompleksi

 

İndeksi 9K720 olan, ABŞ MN və NATO təsnifatına görə “SS-26 Stone” adlandırılan “İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) “İsgəndər-K” “İsgəndər-M” modifikasiyaları da var. “İsgəndər” OTRK-nın əsas təyinatı – rəqibin Hava Hücumundan Müdafiə (HHM) və Raket Hücumundan Müdafiə (RHM) sistemlərinin, həmçinin onlar tərəfindən qorunan mühüm obyektlərinin məhv edilməsidir.

Qərb təhlilçilərinin fikrincə, “İsgəndər” OTRK, S-400 HHM sistemləri və gəmiəleyhinə olan “Bastion” sinfinə aid sahil kompleksləri ilə birgə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin (RF SQ) Qərbdə “girişə qadağan zonası” kimi tanınan (Anti-Access/Area Denial, A2/AD) konsepsiyasında həlledici rol oynayır. Bu konsepsiyanın mahiyyəti odur ki, NATO qoşunları qəbuledilməz ziyan riski olmadan A2/AD qadağan zonasının təsir radiusunda ola və hərəkət edə bilməzlər.Amerikanın “National Interest” nəşrinə görə, “İsgəndər” OTRK RF SQ-nin ən təhlükəli silahıdır, çünki qeyri-nüvə istifadəsi həddi çox aşağıdır, lakin onlarla aerodromlara, logistika mərkəzlərinə və digər bənzər obyektlərə zərbə vurulduğu halda, raketlərin mənzilinin uzaqlığı və onların RHM-i dəfetmə imkanları həmən çox böyük ziyanlara gətirib çıxara bilər.

Verilən səciyyədə ən başlıcası odur ki, “İsgəndər-K” komplektləşdirilməsi variantında bu kompleks kələ-kötür relyefli ərazilərdə 6-7 metr yüksəklikdə, ifrat aşağı yüksəklikli uçuş trayektoriyası olan qanadlı R-500 raketlərini istifadə edir. Rəsmi olaraq bu raketlərin uçuş mənzili 500 km-dir, lakin Pentaqonun ekspertləri hesab edir ki, bu, “Qısa və orta mənzilli raketlərin ləğv edilməsi haqqındakı müqavilə”nin pozulmasını gizlətmək məqsədilə qəsdən saxtalaşdırılmış aşağı göstəricilərdir, bu raketlərin real uçuş mənzili isə 2000-5000 km-dir. Mümkündür ki, böyüdülmüş yanacaq çənləri hesabına bu qanadlı raketlərin uçuş mənzili 5500 km-ə çatır, bu da onu “Qısa və orta mənzilli raketlərin ləğv edilməsi haqqındakı müqavilə”nin təsiri altından çıxarır.

Bu o deməkdir ki, Rusiyanın qərb regionlarından Almaniya ərazisinə də “İsgəndər”lərlə zərbə vurmaq tamamilə mümkündür. Ona görə də Suriyada ABŞ-ın iştirakı ilə silahlı münaqişənin baş verməsi halında, onun Rusiya ilə ABŞ arasında birbaşa toqquşmaya, hətta hər iki tərəfin nüvə silahından istifadə etməyə başlamağa keçməsinin mümkünlüyü tamamilə ehtimal daxilindədir. Bu halda Suriya ərazisindəki hərbi əməliyyatlarda Almaniyanın iştirak etməsi, çətin ki, hazırda ABŞ Hərbi Dəniz Donanmasının zərbə qrupuna qoşulmaq üçün Suriya sahillərinə doğru istiqamət alan alman esminesi “Hessen”in məhv edilməsi ilə məhdudlaşsın. Almaniyada ABŞ nüvə silahının varlığı Rusiyanı onların anbarlarına da zərbə endirməyə məcbur edəcək.

Aydındır ki, Almaniyanın belə münaqişəyə cəlb olunmasının onu nə ilə təhdid etdiyini Merkel və Mas gözəl anlayır. Alman azad demokratları isə başqa mövqe tuturlar. Yaxınlarda onların lideri Kristian Lindner “Welt am Sonntag qəzetinə bildirib ki, Qərb Moskvanı öz siyasətini dəyişməyə meyl etdirmək üçün silahlanma yarışına hazır olmalıdı. Bundan əlavə, Lindnerin sözlərinə görə, Almaniya qərb regionu Ayfeldə yerləşdirilən ABŞ nüvə silahının ölkə ərazisindən çıxarılmasına nail olmağa çalışmamalıdı. O, “bu silahların modernləşdirilməsi haqqında ABŞ qərar verməlidir” deyərək, bildirib: “İstənilən halda, bu anda biz artıq çıxarılma haqqında, Az.DP-nin hələ 2009-cu ildə mümkün hesab etdiyi kimi, danışmamalıyıq”.

Demək çətindir, Lindner özünə hesabat verirmi ki, bununla o, bu regionun mülki əhalisini mümkün zərbə altında qoyur?

Ədalət naminə demək lazımdır, Lindner hesab edir ki, Qərbin müdafiə qabiliyyətinin yüksəldilməsi Rusiya ilə münasibətlərdə gərginliyin azaldılmasına nail olma cəhdlərilə paralel olaraq həyata keçirilməlidi. Bu barədə alman dövlət informasiya agentliyi Deutsche Welle (DW) yazır. Onun fikrincə, belə dialoqun təşəbbüsçüsü kimi AFR-ın yeni hökuməti çıxış edə bilər.

O, daha sonra qeyd edir: “Mən Moskva ilə mövcud kommunikasiya kanallarının aktivləşdirilməsini məsləhət görürəm”.

Bundan əlavə, alman liberallarının lideri G7 çərçivəsində Rusiya ilə dialoqun yenidən başladılmasını mümkün hesab edir. O, təklif edib ki, “G7+1”formatı aralıq addım ola bilər. Əlbəttə, bütün bunlar rasional təkliflərdir və Rusiya ilə Qərb arasındakı münasibətlərdə gərginliyin artması işığında onları alqışlamaq olardı. Lakin Lindner tərəfindən yanlış anlaşılan atlantik həmrəyliyi onu heçə endirir, Az.DP liderlərinin tutduğu mövqe isə, ümumiyyətlə, alman hökumətini Rusiya ilə mümkün silahlı münaqişədə iştirak etməyə birbaşa qızışdırmağa daha çox bənzəyir.

Tərcümə Strateq.az-ındır

Tarix: 13-04-2018, 21:23
Xəbəri paylaş





Xəbər lenti