“BAŞ NAZİR, MÜAVİNLƏRİ VƏ BƏZİ NAZİRLƏR GEDİR…” – Ramiz Mehdiyev istefaya göndəriləcəkmi?
“Seçkidən sonra həm institusional, həm kadr islahatları getməlidir. Mən bunu gözləyirəm. Ümumiyyətlə, getdikcə cəmiyyətdə də münasibətlərdə dəyişikliklər olmalıdır, həm iqtisadi, həm də siyasi zəmində. Yetişib artıq…”“AzPolitika.info”nun məlumatına görə, bunları Turan İnformasiya Agentliyinin rəhbəri
Mehman Əliyev prezident seçkilərindən sonra gözlənilən islahatlarla bağlı suala cavabında deyib.
O, “Yeni Müsavat” qəzetinə müsahibəsində iddia edib ki, president seçkilərinin vaxtından əvvəl keçirilməsi də bununla bağlı olub. Sitat:
“Seçkilərin özünün də tez, çevik şəkildə keçirilməsi onu göstərir ki, tələsirlər. Artıq İlham Əliyev özü də tələsir. Onu heç kəs tələsdirmirdi. Yəni o, seçkini payızda da normal şəkildə keçirə bilərdi. Ancaq o da başa düşür ki, artıq prosesləri sürətləndirmək lazımdır”. M.Əliyevin fikrincə, inauqurasiyadan sonra Prezident yeni komanda formalaşdıracaq:
“Açığı, mən fərdlər səviyyəsində yeni komandada kimlərin olacağını bilmirəm. Amma yeni komandanın formalaşması aktualdır, lazımdır. Baş nazir, baş nazirin müavinləri, bəzi nazirlər gedəcək”.Qeyd edək ki, Prezidentin inauqurasiyasından dərhal sonra hökumət avtomatik istefaya göndəriləcək. Yeni hökumətin formalaşdırılması zamanı
ən prinsipial məsələ isə yeni baş nazirin kim olacağıdır. İki ehtimal var: Ya bu vəzifəyə gənc, enerjili və nüfuzlu bir şəxs təyin olunacaq və beləliklə də Nazirlər Kabineti işlək bir quruma çevriləcək, ya da Artur Rəsizadə tipli ləng, iddiasız biri təyin olunacaq və Nazirlər Kabineti bundan sonra da kölgədə saxlanılacaq. Bəs kimlərin baş nazir olmaq şansı var? Bu barədə təbii ki, yalnız mülahizələr irəli sürmək olar. Bəzi müşahidəçilərin fikrincə, ən şanslı namizədlərdən biri
baş nazirin hazırki birinci müavini Yaqub Eyyubovdur. Onu şanslı edən faktorlardan ən mühümü kimi
“Rusiyanın adamı” olması göstərilir.
Y.Eyyubovdan başqa Vergilər naziri Mikayıl Cabbarovun, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da adları baş nazirliyə namizədlər kimi çəkilir. Lakin çox böyük ehtimalla, yeni baş nazir, həmişə olduğu kimi, heç kimin gözləmədiyi, adı hallanmayan bir şəxs olacaq. Ən çox maraq doğuran məsələlərdən bir digəri isə inauqurasiyadan sonra Prezident Administrasiyasının rəhbərinin dəyişib-dəyişməyəcəyidir.
Akademik Ramiz Mehdiyevin də istefaya göndərilməsi ehtimalı yüksək qiymətləndirilir.Bu iki posta – baş nazir və PA rəhbəri postlarına təyinatlar hakim komanda daxilində qüvvələr nisbətini həlledici şəkildə dəyişmək iqtidarındadır.Qarşıda bizi çox maraqlı günlər gözləyir…Rasim ƏLİYEV
Tarix: 13-04-2018, 23:12