ATƏT-in müşahidə missiyasının 11 aprel seçkilərinə dair hesabatını təqdim edən, etmək istəyən əməkdaşların üstünə o cür kükrəmək, ha yandan baxsan, jurnalist işi deyil.
Bundan ötrü hakim partiyanın funksionerləri, seçki təbliğat və təşviqatı aparan fəallar, namizədlərin vəkilləri, seçkini təşkil MSK-nin rəhbərləri, hüquqşünasları və sair və ilaxır yetkililər var.
Bu yetkili postlar zəncirində jurnalistlərə aid halqa yoxdur və onlar, əslində öz üzərlərinə seçkini təşkil etmiş strukturun funksiyasını götürüb tənqid edənləri qınaya, pisləyə, onlara etiraz edə bilməzlər.
Necə ki, müşahidə missiyası seçkiyə müdaxilə etmədən eləcə prosesi müşahidə edir, qeydlər aparırdılar, jurnalistlər də həm seçki prosesini, həm də ona qiymət verilməsi, dəyərləndirilməsi prosesini gendən müşahidə edib, öz qeydlərini apara, sonradan istəsələr, bu mövzuda yaza, istəməsələr, yazmaya bilərlər.
Bunun yerinə müşahidə missiyasının əməkdaşlarının üstünə yerimək, onlara qarşı təhqiramiz ifadələr işlətmək, əsəbi və polifonik etirazlar bildirmək taktiki məqsədinə çatmış olsa da, strateji anlamda yersiz idi.
Gördüyünüz kimi, müşahidəçilərin təmsilçiləri dava-şavaya qarışmadılar, sakitcə, başlarını bulaya-bulaya dönüb getdilər.
Bu çılğın etiraz onları gəldikləri qənaətdən döndərəcəkmi? Döndərməyəcək? Onlar hesabatı lazım bildikləri kimi lazımi instansiyaya təqdim edəcəklərmi? Edəcəklər.
Bəs bu cür etirazın faydası nə oldu? Bəlkə də oldu, bunu həmkarlarımızın hərəkətini təqdir edənlər daha yaxşı bilər. Ancaq ATƏT müşahidəçiləri bu hərəkəti ayrıca qeyd edəcək, ölkəmizdə jurnalistikanın icra hakimiyyətinin əlavəsi kimi qələmə verəcəklər.
Bax, ən qorxulu olan da budur. Adi bir hərəkət, etiraz ölkənin beynəlxalq təşkilatdakı reputasiyasına mənfi xallar gətirəcək.
Halbuki bundan qat-qat gərgin, dava-dalaşlı, pozuntulu, əyintili keçirilən seçkilərdə ATƏT-in müşahidə missiyasının üzvləri seçkiyə yekun qiymət verərkən prosesi “ümumilikdə irəliyə, demokratiyaya doğru bir addım” kimi qiymətləndirir, çıxıb gedirdilər.
İndi həmin təşkilatın tənqidlərinə dözmək olardı.
Ancaq bir şey maraqlıdır ki, necə oldu ATƏT təmsilçiləri bu dəfə prinsipiallıq göstərmək istədilər? Əvvəllər belə deyildilər axı. Yola verirdilər. Göz yumurdular. Son qiyməti verərkən guya ki, sifətlərini qoruyur, tənqidi qeydlər səsləndirirdilər, amma Azərbaycanla dekanların “kafi qiymət yazıb kursdan-kursa keçirdikləri tələbə” kimi davranırdılar. Nə oldu birdən-birə?
Bəlkə də iqtidaryönlü deputatları əsəbiləşdirən də elə budur, bu ikili standartdır, özləri demişkən.
Bu dəfə seçki sakit keçmişdi axı - əvvəldən sona qədər.
Birincisi, 6-7 ay ərzində “bu il seçki ilidir, nələr olacaq, kimlər nə edəcək, hansı bloklar, birliklər formalaşacaq” kimi ənənəvi “fikir fırtınaları” etməyə macal və ehtiyac olmadı, ortalıq süni şəkildə gərginləşdirilmədi.
İkincisi, daha güclü partiyalar və siyasətçilər seçkiyə qatılmadı, onların tərəfdarları seçki atmosferinə ayaq uyduraraq fəallaşmadılar. Nəticədə nə təqib edilən, nə tutulan, nə döyülən, nə də müxalifət liderinə imza verdiyi üçün bığı qırxılmaqla hədələnən, namizədlərin seçkiqabağı təbliğat mitinqinə getdiyi üçün işindən qovulan, namizədlərin camaatla görüşünə mane olmaq üçün yolları qazıb-tökən, səsvermə günü protokola qol çəkmədiyi üçün gecəylə prokurorluğa aparılan, səsvermə günü müşahidəçi olduğu məntəqədən zorla, təhqir edilərək çıxarılan, seçkinin ertəsi günü 15 ildən bəri üzv olduğu partiyadan istefa verdiyi barədə AzTV kamerası önündə bəyanat oxumağa vadar edilən olmadı.
Bu dəfə əvvəlki seçkilərdən fərqli olaraq o qədər rahatlıq, sakitlik, asudəlik vardı ki... Heç debatlarda açıq-açıq söyüşən, bir-birinin üstünə su dolu stəkan atan, rəqiblərini repressiya ilə hədələyən, mediada rəqibini aşağılayan, təhqir edən, yolverilməz qara piar aparan da olmadı.
Belə şeylərin, hələ bundan qat-qat artıq pozuntuların olduğu seçkilərdə prosesə “kafi” qiymət verən ATƏT bu cür dinc-dinməz, sakit seçkiyə “qeyri-kafi” qiymət verib, tənqidlər səsləndirməsi, prinsipcə, iqtidaryönlü jurnalistlərin hiddətinə səbəb ola bilərdi.
Yenə də dözümlü olmaq, ATƏT müşahidəçilərinə anlatmaq olardı ki, bu da “demokratiyaya doğru bir addımdır”. Düzdür, böyük addım deyil, bir az xırda addımdır, amma olsun, ATƏT, AŞ və sair beynəlxalq üst qurumlar buna dözməlidirlər.
Ancaq belə anlaşılır ki, ATƏT son seçkini “demokratiyaya doğru addım” hesab etmir, hesab edir ki, biz bu seçkidə bir az geri getmişik.
Məsələ budur ki, 2018-ci il seçkisi Rusiyadakı seçkidən o qədər də fərqlənmədi. Biz vahid postsovet məkanının subyektləriyik, addımlarımız hər zaman həmahəng və nizamlıdır - sovet dövrünün parad əsgərlərininki kimi.