Ekspertlər barmağı daha çox Rusiya və İran tərəfə tuşlayırlar...
Azərbaycan müstəqil olduğu 27 ildə ölkə daim xarici təzyiq və təhdidlərlə üzləşib. Bu əsasən, gizli formada olsa da, bəzi vaxtlarda özünü açıq şəkildə də büruzə verə bilib. Azərbaycan rəsmiləri də zaman-zaman bu təhlükələrdən söz açır, xaricdəki bəzi dairələrin erməni lobbisinin, bir sıra ölkələrin dəstəyi ilə Azərbaycan əleyhinə fəaliyyət apardığını dilə gətirirlər.
Son olaraq, ölkə başçısı İlham Əliyev aprelin 12-də çıxışı zamanı bu məsələyə toxunub. Dövlət başçısı xarici dairələrdən Azərbaycanı istəməyən qüvvələrin olduğunu bildirib. Prezidentin həmin qüvvələr dedikdə, hansı ölkələri və dairələri nəzərdə tutduğu müxtəlif mövqelər var. Ölkə başçısının fikirlərində daha çox Qərbdən gələn təzyiqlərə, təhdidlərə işarə vurduğunu düşünənlər də var, qonşu Rusiya və İrana da.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, Azərbaycana ən böyük təhdid regionun iki ölkəsindən gəlir: “Azərbaycan yerləşdiyi coğrafiyaya, strateji əhəmiyyətinə və təbii iqtisadi resurslarına görə çoxlarının maraq dairəsində olub. Burada maraqlı olan güclərin bu maraqları təmin etmək yolları da fərqlidir. Bəziləri səmimi olaraq ölkədə olan nöqsanları göstərir, onların aradan qaldırılması yollarını təklif edir, həqiqi dost münasibətləri qurmaqla ölkə ilə yaxınlaşıb müxtəlif sahələr üzrə partnyorluq etmək istəyirlər. Digərləri isə ölkədə mövcud olan bir çox çatışmazlıqlardan istifadə edərək maraqlarını şantajla, təzyiqlə həyata keçirtməyə cəhd edir, nələrsə qopartmağa çalışırlar. Daha böyük maraqlar naminə iğtişaşlar olmasını istəyən güclər də mövcuddur. Əminəm ki, bu bütövlükdə Qərbin Azərbaycana münasibəti deyil.
Amma çox təhlükəlidir. Azərbaycana qarşı xaricdən ola biləcək təhlükələr nə yeni, nə də təəccüblüdür. Bu məsələdə konkret adların çəkilməməsinə gəlincə isə, diplomatiyada bu normal sayıla bilən bir addımdır. Adlar çəkiləcəksə, dövlətlərin adları çəkiləcək və bununla da münasibətlər gərginləşər və açıq qarşıdurma yaranar. Əslində isə həmin dövlətlərin bir çoxunun daxilində məsələlərə yanaşma da fərqlidir. Konkret olaraq bir dövlət ittiham olunursa, o zaman mövqeyindən asılı olmayaraq hamı hədəfə alınır və bununla da proses körpülərin yandırılması istiqamətinə gedir.Ona görə də ad çəkilmədiyinə görə heç kim bu ittihamı öz üzərinə götürmür, eyni zamanda nəyin nəzərdə tutulduğunu da anlayırlar. Bu səbəbdən dövlət başçısı ad çəkmir. Ancaq bir çox məmurlar yanlış olaraq bütövlükdə Qərb dövlətlərini açıq və kəskin şəkildə ittiham edirlər. Halbuki müstəqillik əldə ediləndən bu günə kimi Qərb dövlətləri Azərbaycanın müstəqilliyinə, dövlət təhlükəsizliyinə, ərazi bütövlüyünə təhlükə yaradan hər hansı addım atmayıb. Hətta uzun illərdir ki, Azərbaycan müxalifəti Qərbin böyük dövlətlərini Azərbaycan iqtidarını daim dəstəkləməkdə və demokratiyanı iqtisadi maraqlara qurban verməkdə günahlandırırlar. Hesab edirəm ki, Azərbaycana xaricdən olan ən böyük təhlükə Rusiya və İrandandır. Hər iki dövlət fəaliyyətləri ilə bunu təsdiq edir. Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini elan etməsi Rusiyanı da, İranı da həmişə narahat edib. Hər ikisinin dövlət maraqları müstəqil Azərbaycanı həzm etməyib. Dağlıq Qarabağ konfliktini yaradan, torpaqlarımızın işğalına dəstək olan və problemi bu günə qədər həll olmağa qoymayan Rusiya olduğunu hamı bilir. Özünü isə elə aparır ki, sanki elə belə də olmalıdır. Amma problemin həll olunmamasına görə Qərb söyülür. Bu nə dərəcə ədalətlidir? Rusiyada 2000-ci ildən sonra postsovet respublikalarına müstəqillik verilməsinin yanlış olması haqda bəyanatlar açıq şəkildə verilir. Bunun özü də xaricdən olan ən böyük təhdiddir. Ümumilikdə isə xaricdən olan bütün təhdidləri neytralaşdırıb zərərsizləşdirmək üçün ən yaxşı yol siyasi, iqtisadi islahatların aparlmasından və milli birlikdən keçir”.
Politoloq Əhəd Məmmədli də söhbətin ilk növbədə, Rusiya və İrandan getdiyini düşünür: “Söhbət Rusiya, İran və Qərbdən gedir. İlk növbədə, Rusiya və İrandır, çünki Qərb uzaqdadır. Hakimiyyət Avropadan gələn söyüş makinası ilə İranın Azərbaycandakı "Beşinci kolon"u arasında qalıb. Bunların hər ikisi də indi bir-biri ilə ittifaqdadır. İqtidar da bunu gözəl sezir. Üstəlik, hakimiyyət içərisindəki hələ də çox güclü olan Rusiya şəbəkəsini də nəzərə alsaq, onda vəziyyətin nə qədər hakimiyyət üçün qəliz olduğu göz önündədir. İlham Əliyev açıq söyləyə bilməzdi ki, fikirlərində kimi deyir. Açıq o vaxt söyləmək mümkündür ki, hakimiyyət arxasına administrativ resursları deyil, xalqını alsın. Ona görə İlham Əliyev çıxışında ünvan göstərmədən ümumi danışırdı. Lakin bəlli idi ki, hansı xarici qüvvələri nəzərdə tutur. Hakimiyyət özünü qorumaq üçün ilk növbədə, ölkəsini qorumalıdır, ölkəsini də qorumaq üçün heç kəsdən asılı olmayan milli müxalifətlə sivil münasibətlər, sağlam rəqabət qurmalıdır. Zərərverici, lazımsız düşmənçiliyə son qoyulmalıdır. Belə olan təqdirdə dövlətimiz udar".(“Yeni Müsavat”)