“Rusiya beynəlxalq hüquq normalarını pozduğuna, həqiqəti təhrif edib tarixi təzədən yazmaq cəhdlərinə görə məsuliyyətə cəlb edilməlidir. ABŞ 2008-ci ildə imzalanmış atəşkəs sazişinə uyğun surətdə Moskvanın öz qoşunlarını Gürcüstandan çıxararaq müharibəyəqədərki mövqeyə çəkməsində və Abxaziyanın, Cənubi Osetiyanın tanınması haqda bəyanatını geri oxumasında təkid edir”.
“Yeni Müsavat” apsny.ge gürcü qaynağına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının dünən yaydığı bəyanatda deyilir. Diplomatik missiyanın sənədində daha sonra deyilir: “Artıq 10 ildir ki, Rusiya alternativ reallıq yaratmağa səy edir. Gürcüstan Abxaziya və Cənubi Osetiyada yaşayan adamlarla qarşılıqlı təmas imkanları axtardığı halda, Moskva bu iki saxta dövlətlə əlaqələr yaratmaq hesabına qonşu suveren ölkənin regionlarının işğalını və onlara nəzarəti davam etdirir”.
ATƏT missiyasının bəyanatı separatçı bölgələrlə bağlı rəsmi Vaşinqtonun qonşu ölkəyə açıq dəstək ifadə edən sözlərlə bitir: “ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınan suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir”.
*****
Amerikanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə növbəti belə bir dəstəyi təqdir edilməyə bilməz. Əfsus ki, Dağlıq Qarabağ məsələsində də ABŞ-dan eyni prinsipiallıq və qəti yanaşma, beynəlxalq hüquqa söykənən mövqe sərgilənməsi görmürük. Əksinə, Vaşinqton illərdir “ikili standart” siyasəti yürüdür, separatçı rejimə maliyyə yardımları ayırır, onun cinayətkar başçısı Bako Saakyana Birləşmiş Ştatlara səfər eləməsi üçün, ABŞ Konqresini “murdarlaması” üçün vizalar verir, bəzi konqresmenlər vaxtaşırı Qarabağa qanunsuz səfərlər eləmək azmış kimi, üstəlik, Ağ Evi qondarma qurumun “müstəqilliyini” tanımağa çağırırlar.
Deyilə bilər ki, Gürcüstan NATO-ya, Qərbə inteqrasiya kursu götürdüyü və Rusiyanın birbaşa hədəfində olduğu üçün onun ərazi bütövlüyü və suverenliyinə Amerika bunca həssasdır. Lakin Azərbaycan ən azından, heç bir hərbi-siyasi bloka qoşulmayıb, Ermənistan kimi Rusiyanın regionda mövqeyini gücləndirən forpost ölkə də deyil və üstəgəl, onun da ərazisinin 20%-i Gürcüstan kimi birbaşa Rusiyanın dəstəyi ilə işğal olunub.
Yəni Ermənistan Rusiya ilə birgə başqa bir postsovet və qonşu ölkənin - Azərbaycanın ərazisinin işğal ortaqlarıdır. O zaman nədən Qarabağ məsələsində də Rusiya və onun sadiq vassalı, bölgədə müstəsna olaraq Kremlin əlinə oynayan Ermənistan eyni sərt münasibətə tuş gəlməsin?
*****
Amma bəzi ehtimallara görə, günün birində işğalçı Ermənistan da hədəf ola bilər. Ancaq o, Qarabağın, işğal məsələsinin yox, məhz Rusiyanın “badına” gedə bilər. Nədən söhbət gedir? Ondan ki, Rusiya-ABŞ münasibətləri getdikcə daha da kəskinləşir və bu kəskinləşmə, Kremlə qarşı sanksiyalar ən əvvəl Moskvanın sadiq dost-müttəfiqlərini vuracaq.
“Yeni Müsavat” xatırladır ki, bu günlərdə ABŞ Dövlət Departamenti Rusiya əleyhinə sanksiya rejimini pozan ölkə və şəxslərə yönəlik cəzalandırma tədbirlərinin dərhal görüləcəyini bəyan edib. Bəyanatda həmçinin bu rejimi pozan istənilən dövlətə qarşı tərəddüdsüz sanksiya tətbiq olunacağı vurğulanır. “ABŞ Maliyyə Nazirliyi əvvəlcədən sanksiyalar haqqında xəbərdarlıq etrməyəcək və öz hərəkətləri ilə bağlı hər hansı bir şərh verməyəcək”, -deyə Departamentin bəyanatında deyilir.
Gözlənildiyi kimi, bu xəbərdarlıq Rusiya ilə ən sıx siyasi-hərbi müttəfiqlik əlaqələrinə malik işğalçı ölkədə dərhal təlaş yaradıb. Məsələn, Musavat.com-un məlumatına görə, erməni ekspert, amerikaşünas Areq Qalstayn 1in.am saytına müsahibəsində Tramp administrasiyasının əsasən mühafizəkarlardan təşkil olunduğunu, onların isə xarici siyasətdə olduqca açıq mövqe sərgilədiklərini xatırladaraq söyləyib: “ABŞ-ın dostları da var, düşmənləri də. Yəni əgər demokratlar heç olmasa azca da olsa bəzi ölkələrdəki situasiyalara anlayış göstərirdilərsə, hazırkı administrasiya Ermənistanı keçmişdəkilər qədər anlamaya bilər. İndi atmosfer tam fərqlidir, sanksiya paketi isə olduqca ciddidir, belə olan vəziyyətdə heç şübhəsiz ki, ABŞ Ermənistan üçün heç bir istisna edən deyil. Əgər Ermənistana qarşı sanksiya tətbiq etmək zərurəti yaransa, rəsmi İrəvanın Rusiya ilə malik olduğu hərbi-siyasi əməkdaşlığı necə anlatmasından asılı olmayaraq bu baş verəcək”.
Qalstyanın fikrincə, yalnız Amerikadakı erməni lobbisi situasiyanı qismən tarazlaşdırmaq iqtidarındadır: “Lakin erməni lobbisi obyektiv olaraq bu cür məsələlərlə məşğul olmaq halında deyil. Onun Ağ Evə təsiri, demək olar ki, qalmayıb. Senatda isə mövqeləri olduqca zəifdir. Erməni lobbisi əsasən Senatın Beynəlxalq məsələlər üzrə komitəsindəki işlərə köklənib. Lakin bu gün həmin komitə ciddi siyasi qərarların qəbuluna mühüm təsir göstərə bilmir. Daha doğrusu, Ermənistandakı mürəkkəb situasiyanı amerikalılara anladacaq həvəsi və halı yoxdur. Azərbaycan və Türkiyə lobbilərinin gördükləri işləri də buraya əlavə etsək, vəziyyət heç də Ermənistanın xeyrinə görünmür”.
Öz növbəsində digər erməni politoloq Ruben Mehrabyan hesab edir ki, Ermənistan sanksiyalarla bağlı birinci risk qrupuna daxil olan ölkələr sırasındadır. “Ermənistanın Rusiya ilə əlaqələrinin dərinliyi və çoxnövlülüyü heç kimə sirr deyil. Putinə yaxın biznesmenlərlə bağlı elan olunan sanksiyalar Ermənistana da təhlükə vəd edir. Çünki bu iş adamlarının Ermənistanda maraqları mövcuddur. Onlardan bəziləri hətta burada inhisarçı mövqelərə malikdir və siyasi konyukturaya ciddi surətdə təsir göstərə bilir. Beləliklə, Ermənistanın qarşısında duran birinci vəzifə sanksiyaların təsiri altına düşməmək olmalıdır”, - deyə o xəbərdarlıq edib.
Erməni politoloq Ermənistanın tək əlacının “ABŞ və Avropa Birliyi ilə fasiləsiz məsləhətləşmələr aparmaq olduğunu” söyləyib. O, bu xüsusda Ermənistanla dost ölkə sayılan və beynəlxalq donorlardan 11 milyard dollarlıq yardım almış Livanı nümunə kimi göstərib. “Ermənistan sanksiya altına düşsə, nə edəcək və kim buna cavab verəcək” - Mehrabyan əlavə edib.
Sonuncu sual daha çox ritorik xarakter daşıyır, təbii ki. Yəni cavabı kifayət qədər aydındır. İrəvanin hədəfdən yayınmaq üçün ABŞ və AB ilə intensiv məsləhətləşmələr aparması da çətin ki, onun karına gələ. Çünki Rusiya ilə işğal və maraq ortağı olmaq Ermənistanı avtomatik şəkildə ABŞ üçün ciddi hədəf ortağı edir...
Siyasət şöbəsi