ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə aid obyektləri bombalaması dünyanın gündəmində şok effekti yaratdı. Bombardmanın anonsu əslində günlər əvvəl verilmişdi və ABŞ Suriyaya müdaxiləyə haqq qazandırmaq üçün ətrafında koalisiya formalaşdırırdı. Əksər Qərb ölkələri Suriya ordusunun aprelin 7-də Duma şəhərində kimyəvi silah tətbiqinə görə cəzalandırılmalı olduğunu bildirisələr də, bəziləri əks fikirdə idilər.
Suriyanın bombardmanına qəti şəkildə qarşı çıxan ölkələrin sayı isə çox az oldu. Rusiya və İran bu siyahıdadır. Çin Rusiya ilə birlikdə Suriya hakimiyyətini dəstəkləyən ölkələrdən olsa da, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya ilə bağlı təklifinə veto qoymadı, bitərəf qaldı. Astana formatında İran və Rusiyanın müttəfiqi olan Türkiyə isə Suriyanın vurulmasını məmnuniyyətlə qarşıladı.
Publika.az “BBC Türkçə”yə istinadən Suriyaya müdaxilə ilə bağlı müxtəlif ölkələrin münasibətini təqdim edir:
ABŞ: ABŞ prezidenti Donald Tramp Duma şəhərində kimyəvi silahdan istifadəyə görə Bəşər Əsədə sərt cavab veriləcəyini bildirmişdi. Hətta buna qarşı çıxan Rusiyanı raket zərbələrinə hazırlaşmağa və öz xalqını öldürən Bəşər Əsədlə əməkdaşlığa son qoymağa çağırmış, Bəşər Əsədi isə “heyvan” adlandırmışdı.
Rusiya: Qərb koalisiyasının Suriyaya müdaxiləsinə qəti qarşı idi və hər hansı müdaxilənin cavabsız qalmayacağını bildirmişdi. Moskvaya görə, hərbi müdaxilə regionda faciəli nəticələrə gətirib çıxara bilər.
İngiltərə: İki gün əvvəl İngiltərə hökuməti Suriyaya müdaxiləyə icazə verən qərarı qəbul etmişdi. Baş nazir Tereza Mey ilk günlərdən Suriyaya hərbi zərbələrin endirilməsinin tərəfdarı idi. Hətta baş naziri parlamentin razılığı olmadan da Suriyaya hərbi müdaxilə barədə qərar verməyə hazır görünürdü. Britaniya 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsinə də ən böyük dəstək verən ölkə idi.
Fransa: prezident Emmanuel Makron da Suriyaya hərbi müdaxilənin qatı tərəfdarı idi. O, bununla bağlı İngiltərə və ABŞ-la danışıqlar aparırdı.
Almaniya: Almaniyanın kansleri Angela Merkel Suriyaya hərbi müdaxiləyə qatılmayacaqlarını açıqlamış, lakin Suriya hökumətinə kimyəvi silahdan istifadəyə görə güclü bir mesaj verilməli olduğunu söyləmişdi.