Nəyə nail oldu Əsəd? İt də getdi, ip də – Altay Göyüşov



Altay Göyüşov

Bir Hafiz Əsəd adında diktator var idi. Hər seçkidə özünə 90 faiz yazdırır, demokratik dünyəvi müxalifəti tutur, türmələrə basır, öldürürdü. Mediya və toplaşmaq azadlığını məhv edirdi. Bəzən ayrı-ayrı şəhərlərdə camaat dinc etiraza qalxanda, həmin şəhəri qanına qəltan edir, camaatı tutur, işgəncə verir, guya ki, hakimiyyətini möhkəmləndirirdi.

Bu cəllad adi demokratik siyasi mübarizənin qarşısını aldıqca, dünyəvi demokratik müxalifəti məhv etdikcə radikal dini müxalifət gizlində formalaşır və güclənirdi.

Sonra Hafiz öldü, hakimiyyəti gədəsi Bəşərə ötürdü. O da atası kimi cəlladlıq etməklə şad-xürrəm həyat sürürdü.

Bir gün uzaq Tunisdə oxşar əziyyətdən boğaza yığılmış camaat tamamilə təbii olaraq, spontan şəkildə ayağa qalxdı və öz diktatorlarını qovdu. Bu dalğa xeyli diktaturadan əziyyət çəkən ərəb ölkələrinə yayıldı.

Həmçinin Suriyada da camaat Əsəd rejiminə qarşı dinc etirazlara, küçə nümayişlərinə başladı. Amma Tunis diktatorundan fərqli olaraq cəllad Bəşər camaatı vurmaq əmri verdi. “Dövlətçilik, vətən, bizi istəməyən qüvvələr” adında həyasızlığa başladı. Dinc nümayişçilər tutuldu, söyüldü, döyüldü, öldürüldü. Camaat evlərinə çəkildi. Amma meydan boş qalmadı. Radikallar əldə silah Əsədə qarşı vuruşa girişdi, vətəndaş müharibəsi yarandı.

Nəticə nədir? Onminlərlə insan həlak oldu. Milyonlarla suriyalı vətəndən didərgin düşdü.

Ərazilərin istisnasız hamısı başqa-başqa dövlətlərin nəzarətinə keçdi. Məsələn, Türkiyə heç vaxt Afrini Əsədə qaytarmayacaq. Yaxşı da edəcək. Əsəd özü nəyə isə nəzarət edirmi, prezidentdirmi? Təbii ki, yox. Suriyanın o hissəsi Rusiyanın de-fakto əyalətidir, Əsəd özü isə Putinin girovu, əlinin altındakı gədəsi.

Yəni, bir ailənin bütöv bir ölkəni öz mülkünə çevirmək niyyəti o ölkənin tamamilə məhvi ilə nəticələndi. Əsəd gil elə belə də düşünürdülər. Əgər Suriya mənim olmayacaqsa, heç olmasın, cəhənnəmə məhv olsun, getsin. Elə də oldu. Suriya adında dövlət yoxdur. Əsəd adında dövlət başçısı da yoxdur. Dövlət, ölkə dağılmış. Əsəd və ailəsi isə girova çevrilmişdir.

Halbuki vaxtilə ata-bala diktator olan Əsədlər, cəmi bircə demokratik seçki keçirsə idilər, nə olardı?

Suriya dövləti yerində idi, Əsəd ailəsi isə lap hakimiyyətlərini itirsə idilər də, bütün dünyanın rəğbətini qazanar, tarixə məhz demokratik islahatçı kimi düşər, hal-hazırda normal həyat sürər, cəmi aləmi rahat və hörmətlə gəzər, qarşılanar, uşaqlarının normal gələcəyini təmin edər, bütün bu psixoloji travmalardan, stresslərdən qoruyardılar, tay indiki kimi nəsillikcə Rusiyanın Suriyadakı bazasında qapanıb qalmazdılar.

Diktatura və radikalın qarşıdurması arasında bütün cəmiyyəti bəlalardan qurtaracaq bir yol var, demokratiyaya keçid. Hələ ki, nəzarət edirsən, bircə demokratik seçki həm mübarizənin radikallaşmasının, qanlı inqilabların qarşısını alır, mübarizəni küçədən parlament divarları arasına daşıyır, onu küçə səviyyəsindən mədəni rəqabət səviyyəsinə qaldırır.

Dövlətin gücünü legitimləşdirir, ona xalq dəstəyini təmin etməklə yenilməz hala gətirir. Adekvat rəqabət millətin ağıllı, savadlı, bacarıqlı, vicdanlı adamlarının yüksəlişinə şərait yaradır və beləliklə bütün cəmiyyətin inkişafı, tərəqqisi labüd məntiqi yola çevrilir. Belələrini məhv edib, didərgin salıb, cəmiyyətin tör-tökülüntülərini yuxarılara qaldırmaq isə labüdən tənəzzülə və oradan da məhvə aparır.

Nəyə nail oldu Əsəd? Cavabı hamınız görürsünüz. İt də getdi, ip də…

Tarix: 16-04-2018, 22:14
Xəbəri paylaş





Xəbər lenti