SURİYADA VURULAN İRAN, MESAJ İSƏ RUSİYAYADIR –TƏHLİL



Nihal Bengisu Karaca

“Habertürk”, Türkiyə, 17 aprel 2018-ci il

 

Prezident Tramp narsist və boş təhdidlər yağdırmaqdan zövq alan biri olsa da, ABŞ-ın Dumadakı kimyəvi hücumu tamamən cavabsız buraxmayacağı məlum idi. 12 aprel tarixli “ABŞ və Rusiya hara qədər gərilə bilər?”başlıqlı yazımda bunu da əlavə etmişdim: “Sadəcə Rusiyanı çox incitməyəcək bir hücum olacaq”.

Elə də oldu. ABŞ, İngiltərə və Fransa ortaq əməliyyat keçirərək, Suriyadakı bəzi hədəfləri vurdu. Baş qərargah rəisi ordu generalı Cozef DanfordSuriyaya yönəlik raket hücumundan bir neçə dəqiqə sonra bu açıqlamanı verdi: ”Hücum sadəcə 60 dəqiqə sürdü və başa çatdı”. Və əlavə etməyi unutmadı: “ABŞ öz hədəflərini rus birliklərini hədəf alma riskini azaldacaq şəkildə seçdi”.

Yaxşı, nə baş verir?

 

Verilən sözlər

 

Görünüşə görə, ABŞ kimyəvi silahdan istifadə edən Suriya rejimini və onun hamisi olan Rusiyanı azacıq cəzalandırır.

Amma, məncə, bu, çox qısa bir xülasə olardı.

Daha doğru olan şərh isə, ABŞ-ın Rusiyanı 11 noyabr 2017-ci il tarixdə informasiya agentliklərinə məlum olan toplantıda alınan qərarlara, o toplantıda verdiyi sözlərə uymağa məcbur etməsidir.

Yəqin xatırlayırsınız, iki dövlətin liderləri 2017-ci ilin noyabrında Vyetnamda bir araya gəlmiş və Kreml “Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın Suriyada həllin hərbi deyil, siyasi olması məsələsində anlaşdıqları” haqqında bir açıqlama vermişdi.

İşin mahiyyəti bu idi: Rusiya Suriyada strateji və hərbi baxımdan mövcud olmaqmı istəyir? Olsun. ABŞ burada əsgər itirməkdənsə, daha da önəmlisi bura pul tökməkdənsə “problemləri həll edilmiş” bir Suriyada pul qazanmaq istərdi. Rusiya rejimin qalmasınımı istəyir? Tamam, rejim də qalsın.

İran məsələsi mürəkkəb idi. İran, özü ilə üzvi əlaqədə olan “Əsəd ailəsi gedərsə, olmaz”, – deyirdi. O, həm Rusiyanın müttəfiqi, həm də meydanda sülh ehtimalını sonsuzadək baltalayacaq gücdə olan bir “yerli” aktyor idi. Yaxşı, o zaman hələlik Əsəd də qalsın! Amma madam ki, Rusiya bütün bu şərtləri idarə edə biləcəyini vəd edirdi, onda Əsədə nəzarət etmə, İranı balanslaşdırma, İsrailin təhlükəsizliyini təmin etmə sözlərinə də olduğu kimi uymalı idi. Əsəd qalsa da belə, onun dəyişdirilməsi, çevrilməsi (siyasi baxımdan – tərc.) mühüm idi.

Adamın üstünda allah var, Rusiya Astana prosesini yaxşı apardı. Türkiyənin də daxil olması ilə danışıqların müəyyən bir nöqtəyə gəlməsi təmin edildi. Artıq konstitusiya müzakirə edilirdi. Seçkilər və mümkün idarə üsulları belə müzakirə edilməyə başlanmışdı. Rusiya xal toplayırdı.

Ancaq nəticəyə yaxınlaşma əlamətləri ortaya çıxdıqca, müttəfiqlər arasında nüanslar özünü göstərməyə, İran “ipə un sərmə”yə başladı. Çünki İran, Əsəd rejiminin getməsi bir tərəfə, “yeni bir Əsəd”ə belə razı deyil. Arxası da var, öz milliyətçi və məzhəbçi yayılma modelinin önündə əngəl ola biləcək heç bir idarəçilik modelinə razı deyil.

Nəyəsə nail olma ehtimalı ortaya çıxdıqca, Rusiyanın razılıq verdiyi məsələlərdə İrandan tam dəstək alan Əsəd öz bildiyini etməyə davam etdi. Rusiyanın verdiyi razılıqlar Tehran-Bağdad-Dəməşq-Livan xəttini Əsədin həyatda qalması və Türkiyənin təhlükəsizlik qayğıları sayəsində toparlamaq istəyən İranın arzuları ilə toqquşdu. Bu toqquşmaların sinergik təsirində Səudiyyə Ərəbistanının da payı vardır.

 

Az xərc, çox pay

 

ABŞ Suriyaya endirdiyi nümayişkaranə zərbələrlə Rusiyanı Əsəd və İranı “tutmağa”, “balanslaşdırmağa” məcbur edir. Ona “Suriyadan çıxmağa hazıram, ancaq sən də vədini yerinə yetir”, – deyir. Yaxşı, nə üçün? Çünki hər məcburetmə müharibədən sonra Suriyanın bərpası və inşası, Kərkükdən Şərqi Aralıq dənizi qazına qədər uzanan enerji xətti bazarlıqlarında daha artıq pay mənasına gəlir. Söhbət ABŞ-dan gedirsə, bu, iki dəfə doğrudur.

Xülasə, bütün oyunçuların artıqlamasıyla çirkin olduğu bu dueldə nə “Aman, İran hədəfdə” deyərək üzülməyin mənası, nə də “Yenə nə varsa ABŞ-da var” deməyin bir vicdani tərəfi var. Çünki an etibarı ilə İran, tərəfləri az-çox qane edəcək bir həlli əngəlləyən və yanğını körükləyəndir. ABŞ isə, Suriyaya baxarkən, “Az xərclə necə çox söz və pay sahibi ola bilərəm?” sualından başqa bir şey görməyəndir.

Tərcümə Strateq.az-ındır

Tarix: 17-04-2018, 08:13
Xəbəri paylaş





Xəbər lenti