Kreml məcbur edilir: Putin ruslara necə izah edəcək?
Rusiyanın iqtisadi durumu ilə yanaşı, siyasi durumu da çox ağırdır.Bu sözləri
Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Qərbin kompleks tədbirləri nəticəsində Rusiyanın siyasi manevr imkanları getdikcə daralır:
“Belə bir vəziyyətdə Moskvanın bir çıxış yolu var, o da regionda tərəfdaşları ilə münasibətlərini gücləndirməkdir. Rusiya siyasi kursunu hazırkı vəziyyətdə dəyişə bilməz. Moskvanın bunun üçün hansısa imkanı qalmayıb. Zəncirvari hadisələr Rusiyanı elə bir vəziyyətə gətirib çıxarıb ki, Qərblə münasibətlərini düzəltmək üçün Moskvaya radikal addımlar lazımdır. Qərb də Rusiyadan məhz bunu istəyir”.
Politoloq qeyd edib ki, Rusiya radikal addımlar ata bilməz:
“Çünki Rusiyanın qarşısında olan tələblər də getdikcə radikallaşır. Qərbə isə artıq yarımçıq addımlarla kifayətlənən siyasət lazım deyil. Rusiya Qərbin istədiklərini yerinə yetirsə, Putin daxili auditoriyaya ölkəsinin belə asanlıqla güzəştə getməsinin səbəblərini izah etməlidir. Bu isə mümkünsüzdür”.
Politoloq artıq Qərblə Rusiya arasında dialoqun qeyri-real olduğunu düşünür:
“Çünki tərəflər fərqli iddialar səsləndirirlər. Belə olan halda Rusiya və Qərb beynəlxalq ictimaiyyətə üz tutmağa çalışır. Rusiya bu beynəlxalq dəstəyi qazanmağa qismən nail olur. Çünki Çin, bir sıra xırda ölkələr, həmçinin Yaxın Şərq və Latın Amerikasındakı bəzi dövlətlər bu və ya digər şəkildə Rusiyanın mövqeyini dəstəkləyirlər. Ancaq Qərbə dəstək verən ölkələrin sayı və qüdrəti daha böyükdür. Belə vəziyyətdə isə hərbi dildə desək, Rusiya uzunmüddətli müdafiə strategiyasını həyata keçirməyə hazırlaşır. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Bunu bilən Moskva bu ərəfədə vaxt udmağa çalışacaq. İş orasındadır ki, zaman da bir çox hallarda Rusiyanın əleyhinə işləyir. Düzdür, neftin qiymətləri qalxır və Rusiya bazarında müəyyən stabilləşmə baş verir. Ancaq paralel olaraq Rusiyaya qarşı sanksiyalar da getdikcə güclənir. Neftdən əldə olunan gəlirlərin əksəriyyəti sanksiyaların mənfi təsirlərinin azalmasına yönəldilir. Ümumiyyətlə, bu vəziyyət Rusiyanın xeyrinə işləmir. Bütün hallarda artıq seçimi olmayan Rusiya daha minimal risklərlə bu vəziyyətdən çıxma strategiyasını seçməyə məcbur qalacaq”
Siam.az
Tarix: 17-04-2018, 08:32