İrəvanda son etiraz aksiyalarına rəğmən Serjik Sərkisyan baş nazir təyin edildi. Lakin etirazlar səngimək bilmir. Hazırda İrəvanın respublika meydanında müxalifətçi deputat Nikol Paşinyanın rəhbərliyi ilə böyük mitinq keçirilir. Etirazlar yalnız paytaxtda deyil, digər şəhərlərdə, o cümlədən Gümrü və Vanadzorda da davam edir. Son məlumatlara görə, Gümrüdəki mitinqdə tələbələr daha fəallıq göstərib. Xarici ölkələrdə, o cümlədən Vaşinqtonda da Sərkisyanın təyinatına qarşı aksiyalar keçirilməkdədir.
Ancaq maraqlıdır ki, işğalçı ölkənin yeni prezidenti Armen Sərkisyan neçə gündür davam edən etiraz aksiyalarına heç bir reaksiya vermədi.
İrəvanda yaşamış, erməni dilində bilən və erməni telekanallarını mütəmadi izləyən sabiq deputat Maksim Musayev
Moderator.az–a açıqlamasında etiraz mitinqlərinin qızışmasına məhz yeni prezident Armen Sərkisyanın da gizli təsir göstərməsi ehtimalını yaradan fikirlər səsləndirdi:
“Son günlər işğalçı ölkənin hazırkı prezidenti Armen Sərkisyanın cınqırı çıxmır. Bunu “Epikentron” kanalındakı verilişlərdən birinin aparıcısı Bedros Qazaryan siyasi icmalçılaradan biri ilə söhbətində də dilə gətirdi. O, Armen Sarkisyanın səsinıin çıxmamasından, mitinqlərə heç bir reaksiya verməməsindən şübhələndiyini bildirdi. Erməni jurnalist vurğulayır ki, axı Armen Sərkisyan cəmi bir həftə öncə and içmişdi ki, ölkədə sülh və sabitliyin qarantı olacaq, daxili qarşıdurmalara imkan verməyəcək. Maraqlıdır ki, ümumiyyətlə, hökumət nümayəndələrindən heç kəs səsini çıxarmadı.
İrəvanlı sabiq deputat müxalifətçi Nikol Paşinyan haqda da maraqlı fikirlər söylədi:
“Hesab edirəm ki, Erməni parlamentinin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Serjik Sərkisyanı aldatdı. İlk vaxtlar elə təəssürat yaratdı ki, guya Sərkisyan iqtidarının saxta, oyuncaq müxalifətidir. Bir müddət də saxta müxalifət rolunu oynadı. Gah Respublika partiyasına tərəf keçirdi, gah bu tərəfə keçirdi. Cəmi bir neçə ay bundan öncə Paşinyan o qədər də radikal deyildi. Bu dəfəki etiraz mitinqlərinin isə bilavasitə təşkilatçısı məhz Paşinyan oldu. Mənə elə gəlir ki, onun arxasında hakimiyyət daxilindən də, xaricdən də kimsə dayanır. Çünki onun tərəfdarları hətta metronun da işini əngəlləməyə cəsarət edir. Gedib metronun qapılarını kəsirlər, sərnişinləri ora buraxmırlar. Yalnız metropoliten əməkdaşlarının müdaxiləsindən sonra sərnişinlər içəri keçə bilir...”
“Ermənistanda hakimiyyətdaxili və tayfalararası ziddiyyətlər Azərbaycandakından daha güclüdür…”
M.Musayev əvvəlki mitinqlərdən fərqli olaraq bu dəfəki aksiyalarda gənclərin daha çoxluq təşkil etdiyini bildirdi və bunun bir səbəbinin də Sərkisyan rejiminin işğal altındakı Azərbaycan torpaqlarında erməni gəncləri mənasız yerə qırğına verməsi ilə əlaqələndirdi:
“Əvvəlki illərdəki mitinqlərdən fərqli olaraq bu mitinq iştirakçılarının əksəriyyəti gənclərdir. Özü də Paşinyan bir fənd işlətdi mitinqlər başlayan kimi tərəfdarları universitetlərə gedərək içəri daxil oldu və gəncləri onlara dəstək verməyə dəvət etdi. Gənclər də qoşuldu. Erməni gənclərin fəallığının bir səbəbi də Serjikin bu günədək gəncləri əsgər kimi Qarabağda havayı qırdırmasıdır. Bundan əlavə, iqtisadi tənəzzül səbəbindən gənclərin çoxu işsizdir, yoxsul vəziyyətdə yaşayır, xaricə getməyə məcbur olur. Yadınızdadırsa, təxminən iki il öncə erməni gəncləri ölkədə nəqliyyatda gediş haqqının qaldırılmasına kəskin etiraz mitinqləri təşkil etdilər və bunun qarşısını almağa nail oldular. Hətta gənclərin nümayəndəsini baş nazir, digər hökumət adamlar qəbul etdi. Görünür, o vaxtkı qələbədən ruhlanan gənclər indi də Paşinyana qoşulublar...”
“İrəvanda davam edən etiraz aksiyalarının arxasında hakimiyyətdəki Qarabağ klanı ilə İrəvan klanı arasındakı ziddiyyətlərin dayandığını düşünmək olarmı” sualını isə Maksim Musayev belə cavablandırdı:
“Bəli, hakimiyyətdəki Qarabağ klanıyla yerli hesab olunan (əslində onlar da xaricdən gəlmədir) İrəvan klanı arasındakı tarixi ziddiyyətlərin də rolu çox böyükdür. Onu da deyim ki, bəzən bizə elə gəlir, yalnız Azərbaycanda müxtəlif tayfalar, bölgələr arasında müəyyən ziddiyyətlər var. Ermənistanda belə ziddiyyətlər daha çox və güclüdür. Bu, başqa söhbətin mövzusudur...”
Sultan Laçın