SABAH AZƏRBAYCAN HÖKUMƏTİ İSTEFAYA GEDİR! – Yeni baş nazir, nazirlər gəlir…
Bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov andiçmə mərasiminin artıq sabah olacağını bildirib.
O, xatırladıb ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən dərhal sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefaya göndəriləcək.
“Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq”.Deməli, artıq sabah – Prezident İlham Əliyev and içdikdən dərhal sonra Azərbaycan hökuməti istefaya getmiş hesab olunacaq. Bəs yeni hökumət nə vaxt formalaşdırılacaq?Müşahidələr belə deməyə əsas verir ki, Prezident yeni hökumətin formalaşdırılmasını yubatmayacaq. Hətta mümkündür ki, sabah və ya birisigün yeni hökumət elan olunsun. Məsələ ondadır ki, qəfil elan olunan növbədənkənar Prezident seçkilərindən sonrakı proseslər də görünməmiş tələskənliklə aparıldı. Diqqət edin:
MSK seçkilərin yekun nəticələrini aprelin 16-da, Konstitusiya Məhkəməsi isə cəmi bir gün sonra – aprelin 17-də təsdiq etdi. Aprelin 18-də isə artıq Prezidentin andiçmə mərasimidir. Bu tələskənlik nə ilə bağlıdır, demək çətindir. Açıq görünür ki, Prezident formal prosedurlara vaxt itirmək istəmir. Deməli, yeni hökumətin formalaşdırılması da uzanmayacaq. Çox böyük ehtimalla, yeni siyahı hazırdır və inauqurasiyadan dərhal sonra elan olunacaq. Yəni, mümkündür ki, məsələn, aprelin 19-u Azərbaycanın artıq yeni baş naziri iş başına keçsin.
Fikrimizcə, məhz yeni hökumətin elan olunmasından sonra növbədənkənar seçkilərin əsl səbəbi tam olaraq bilinmiş olacaq.Rasim ƏLİYEVAzPolitika.info
Tarix: 17-04-2018, 23:11