XARİCİ SİYASƏTİMİZİN XARİCİ GÖRÜNÜŞÜ – Yenəmi Elmar Məmmədyarov?…
Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sergey Skripal və qızının zəhərləndiyi maddənin Rusiya deyil, Böyük Britaniya və ABŞ-da istehsal olunduğuna dair rəsmi bəyanatla çıxış etdi. Artıq 70 yaşını haqlamaqda olsa da, Lavrov bəyanat mətnini həsəd aparacaq qədər səlis və aydın şəkildə oxudu. Ümumiyyətlə, xarici işlər nazirləri başda olmaqla, diplomatların başlıca vəzifəsi təmsil etdikləri dövlətin, hökumətin mövqeyini dəqiq, konkret və səlis formada çatdırmaqdır. Bu isə siyasi biliklərlə yanaşı, yüksək natiqlik qabiliyyəti, nitq mədəniyyəti tələb edir. Həmçinin, diplomat, xüsusilə də xarici işlər naziri hər zaman beynəlxalq əlaqələrin təkmilləşdirilməsi, konfliktlərin çözülməsi, ölkənin imicinin yüksəldilməsi və ən əsası da haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında hətta ölkə başçısından da bir addım öndə və çox fəal olmalıdır. İndi gələk bizim hazırkı xarici işlər nazirimiz, hörmətli Elmar Məmmədyarova. Elmar müəllimin ilk diqqət cəlb edən xüsusiyyəti qeyri-adi nitqidir. Əlbəttə ki, nitqdəki qüsur digər fiziki qüsurlar kimi təbiətin insana verdiyi qismətdir və buna görə kimisə qınamaq, lağ obyektinə çevirmək ədəbdən kənar, mədəniyyətsiz hərəkətdir. Biz də qətiyyətlə belə yanaşmadan uzağıq. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, diplomatiya dəqiq, səlis nitq, böyük natiqlik qabiliyyəti tələb edir – bunlarsa etiraf edək ki, E.Məmmədyarovda yoxdur!Adam bu cür natiqliklə mühəndis, mühasib, maliyyəçi və digər peşə sahibi ola bilər və burada heç bir qəbahət yoxdur, ancaq diplomat, həm də mürəkkəb regionda yerləşən, Qarabağ kimi ciddi problem yaşayan və beynəlxalq aləmdə qoç kimi əlləşməli olan bir ölkənin xarici işlər naziri olmaq, bu artıq nonsensdir…Əlbəttə ki, bu bizim subyektiv fikrimizdir və kimlərsə razılaşmaya bilər. Ancaq deməmək olmur ki, belə natiqlik qabiliyyətinə məxsus şəxsin xarici işlər naziri olması 1 metr yarım boyu olan futbolçunun qapıçı olması kimi bir şeydir, yəni gülməlidir…
Suriyanın xarici işlər naziri var –Vəlid əl Mualim. Bu şəxs 2006-cı ildən həmin postdadır və artıq 77 yaşı var. Yaşına və ölkəsinin dünya arenasında demək olar ki, təklənməsinə baxmayaraq, o qədər güclü xarizmaya və natiqlik bacarığına malikdir ki, istənilən təşkilatın tribunasından etdiyi hər çıxışı, demək olar ki, böyük hadisəyə çevrilir.Bəşər Əsəd hökumətinin ən ağır və ümidsiz vaxtlarında belə, ölkəsinin mövqeyini o qədər qətiyyətli, inamla və səlis şəkildə çatdırırdı ki, istənilən kənar izləyicini Suriya hökumətinin və Əsədin bəlkə doğrudan da günahsız olduğu barədə düşünməyə vadar edirdi. Bəs bu qədər haqsızlığa uğramış bir ölkə olaraq, bizim Vəlid əl Mualimdən 20 yaş kiçik və 20 dəfə artıq enerjili olmalı nazirimizin beynəlxalq aləmdə, mətbuatda geniş müzakirə mövzusuna, gündəmə çevrilən, böyük səs-küyə səbəb olan, dövlətimizin gücünə güc qatan hansısa çıxışını, yaxud müsahibəsini və s. xatırlaya bilərsinizmi?Heç olmasa, ildə bir dəfə xarici və yerli jurnalistləri yığıb, geniş mətbuat konfransı keçirmək, Azərbaycanın mövqeyini, danışıqların nəticəsiz qalmasının səbəblərini və s. dünyaya çatdırmaq olmazmı? Əksinə, fikir vermisinizsə, nazir bütün suallara çox qısa və qısa olmasına baxmayaraq, yenə də çətin anlaşılan tərzdə cavab verir. Belədə nazirin dediklərini biz başa düşə bilmiriksə, xaricilər necə başa düşsün(lap Məşədi İbadın “Tarixi nadir” barədə məşhur sözləri yada düşür-C.M.)? Nazirimizin şəxsi kefiyyətlərini və peşəkarlığını bir tərəfə qoyub, ümumilikdə XİN-in fəaliyyətinə qısaca nəzər salaq. Bu yaxınlarda Bəxtiyar Vahabzadənin uzun müddət XİN sistemində çalışmış oğluİsfəndiyar Vahabzadənin səs-küyə səbəb olan müsahibəsini xatırlayın.Sabiq səfir deyir ki, BMT-nin Avropa bölməsində səlahiyyətli nümayəndə kimi Azərbaycanı İsveçrədə Rusiya vətəndaşı, əri erməni olan bir xanım təmsil edib. Özü də Fransada erməni qəsəbəsində yaşayıb… Bu fakt Azərbaycan xarici siyasətinin hansı vəziyyətdə olduğunu ortaya qoymurmu?
Yaxud, ötən ilin sonlarında Ukraynanın Xerson şəhərində erməni soyqırımı abidəsi qoyuldu. Tədbirdə Xerson şəhər meri, Ukraynadakı erməni kilsəsinin baş kahini və Ermənistanın Ukraynadakı konsulu da iştirak edib. Bununla əlaqədar olaraq, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Xerson şəhərinin merinə məktub ünvanlayaraq, etirazını bildirməklə yanaşı, bu ölkədəki səfirliyimizi belə hadisələrə çevik reaksiya göstərməməkdə günahlandırmışdı. Səfirlik isə H.Cavadovun tənqidinə cavab olaraq, qəribə açıqlama vermişdi:“Səfirlik Xarici İşlər Nazirliyinin tabeliyindədir. Bizə hər hansısa formada məktub gəlməsə, heç nə edə bilmərik. Təlimatımız olmalıdır…” Baxın, nəyə görə nazirlik belə məsələlərdə səfirliklərin əl-qolunu bağlamalıdır? Heç olmasa belə məsələlərdə çeviklik göstərmək, səfirliklərimizə sərbəstlik vermək olmazmı? Elə təkcə sadaladığımız bu iki fakt XİN-in fəaliyyətinin effektivliyinin hansı səviyyədə olması barədə az-çox təsəvvür yaradır. Ümumiyyətlə, hörmətli Elmar müəllimin bu posta təyinatının hansı peşəkar kefiyyətlərinə görə gerçəkləşdirildiyi barədə bir şey deyə bilmərik, ancaq onu xatırlada bilərik ki, mərhum Heydər Əliyevin hakimiyyəti dövründə onun tutduğu ən yüksək post ABŞ–dakı səfirliyimizdə müşavirlik olub… Sözsüz ki, bizim subyektiv fikirlərimizə görə heç kim Elmar müəllimi işsiz qoyan deyil. Heç biz də bunun tərəfdarı deyilik, yəqin ki, Elmar müəllim yeni kabinetdə də öz yerini qoruyacaq və xarici siyasətimiz yenə Məmmədyarova yar olacaq. Ancaq bu yerdə yeni hökumətdə ən çox müzakirə olunan və barəsində proqnozlar verilən postun baş nazir vəzifəsi olduğunu da xatırlatmaqda fayda var.Bəli, niyə də olmasın? Artur Rəsizadədəki bütün kefiyyətlər E.Məmmədyarovda var – iddialı deyil, hakimiyyətə sədaqətinə şübhə ola bilməz, dindirən olmasa danışmaz və ən əsası – Azərbaycan dilində də eynilə Artur müəllim kimi danışır və sair… “KVN Parni İz Baku”nun E.Məmmədyarovu parodiya etdiyi bir səhnə var. Həmin səhnənin yer aldığı konsertdə nazir də zalda idi və səhnədəki əksinə baxıb, özü də gülürdü – doğrudan da gülməlidir… Cəlal Məmmədov AzPolitika.info