Növbədənkənar parlament seçkiləri gündəmdə


Siyasətçilər konkret məlumata malik olmasalar da, bunu istisna etmirlər

11 apreldə keçirilən növbədənkənar prezident seçkisindən sonra növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi barədə iddialar var. 2020-ci ilin noyabrında keçirilməli olan seçkilərin ya bu ilin payızında, ya da gələn il baş tutacağı bildirilir.

“Yeni Müsavat” 2016-cı ilin sentyabrında keçirilən referendumdan sonra redaksiyamıza daxil olan mötəbər mənbələrin məlumatı əsasında dəfələrlə ölkədə növbədənkənar prezident və parlament seçkilərinin olacağı barədə yazılar dərc edib. Artıq bunlardan biri reallaşıb. İndi də redaksiyamıza yaxın zamanlarda parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumat daxil olub. Bunu deyən mənbə bildirir ki, bu ilin sonunda qanunverici orqana seçkilər keçirilə bilər. Mövcud şəraitdə də hakimiyyətin parlament seçkilərini 2 il tezləşdirməkdə maraqlı olduğu vurğulanır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu iddialarla bağlı danışıb. Deputat deyir ki, tezliklə Azərbaycanda seçkilər gözlənilmir: “Açığı, bu ilin payızında parlament seçkilərinin keçirilməsinə ciddi əsasların olduğunu görmürəm. Hər hansı bir hadisə gümanlar üzərində reallaşmır. Bu ola da bilər, yəni bunu istisna etmirəm. Ola bilsin ki, seçkilər üçün görmədiyim əsaslar siyasi dairələrdə daha ciddi şəkildə arqumentləşdirilib, ortalığa gələ və seçkilər keçirilə bilər. Bütün bunlar mümkünsüz deyil. Lakin indiki halda buna ehtiyac görmürəm. Mətbuatda bunları oxuyandan sonra xeyli düşündüm, özüm üçün araşdırmalar apardım və bu nəticələrə gəldim. Nəzərə alaq ki, deputat olmaq istəyənlərin sayı daha çoxdur və parlament seçkiləri cəmiyyətin diqqətini zəbt edir. Bu da diqqəti işğal olunmuş ərazilərimizdən müəyyən qədər yayınmasına səbəb ola bilər. Prezident seçkilərindən sonra bütün diqqətimizi işğal altındakı torpaqlarımıza yönəltməliyik. Bunun üçün artıq əlverişli situasiya da yetişməkdədir”.

FÉzail AÄamalı ile ilgili görsel sonucu

Deputat seçkilərin 2019-cu ildə ola biləcəyi barədə də iddialara toxundu: “Prezident seçkiləri ilə parlamenti eyniləşdirmək heç bir halda olmaz. Azərbaycanda prezident böyük səlahiyyətlərə malikdir. Ölkənin taleyüklü məsələlərinin həlli prezidentin üzərindədir. Vaxtilə sizin  qəzetə də vermiş olduğum açıqlamalarımın yenə də üzərində qalıram ki, prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinin iki mühüm səbəbi oldu. Birincisi, anti-Azərbaycan qüvvələrinin məkrli planlarının payız üçün hazırlanması gözlənilirdi, bu, geniş xarakter daşıya bilərdi, buna yetərincə vaxt da var idi. Bunu reallaşdırmaq həmin qüvvələr üçün o qədər çətin deyildi. Seçkilərin önə çəkilməsi həmin planları alt-üst etdi. Nəticədə həmin qüvvələr başqa planı həyata keçirməyə çalışdılar və əxlaqsız insanların söyüş kampaniyasına start verildi. İkinci vacib məsələ, qənaətimə görə, Rusiya və Ermənistanda hakimiyyətin formalaşması ilə bağlı idi. Bunun üçün Azərbaycanda da erkən seçkilərə böyük ehtiyac yaranmışdı. Biz noyabra qədər diqqətimizi prezident seçkilərinə yönəldə bilməzdik. Nə bu il, nə də gələn ildə parlament seçkilərinin keçirilməsi perspektivlərini görmürəm”.

VÄ°P sÉdri Æli Æliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev isə bildirdi ki, erkən seçkilər Azərbaycan siyasi leksikonu üçün artıq doğma ifadəyə çevrilib: “Bir neçə gün əvvəl keçirilən növbədənkənar prezident seçkiləri bir daha göstərdi ki, məqsədəuyğunluğu olduqda belə seçkilər keçirilə bilər. İnkişaf etmiş dövlətlərdə də bu praktika tətbiq edilir. Misal üçün, aprelin 17-də Türkiyə parlamentində əsas fraksiyalardan birinin-MHP lideri Dövlət Baxçalı 2019-cu ildə gözlənilən prezident seçkilərini 4 aydan sonra-avqust ayında keçirilməsi təşəbbüsünü qaldırıb. İstisna deyil ki, AKP iqtidarı da bu təşəbbüsə dəstək versin. Baxçalı qarşıdakı seçkilərdə Ərdoğanı dəstəkləmək öhdəliyini üzərinə götürüb. Çox güman ki, qardaş Türkiyə erkən seçki dönəminə daxil olacaq. Başqa dövlətlərdə də buna bənzər addımlar atılır. Bizdə də erkən parlament seçkilərinin keçirilməsi haqda söhbətlər dolaşmağa başlayıb. Bu payızda belə kampaniyanın olacağı barədə təsdiqlənməmiş məlumatlar da var. Mən belə məsələləri cəmiyyətlə bölüşməyin tərəfdarı olanlardanam. Hesab edirəm ki, ictimaiyyət siyasi proseslərdən agah olmalıdır. Konkret fikir bildirmək çətin olsa da, növbədənkənar seçkilərin keçirilməsi istisna deyil. 2020-ci ilə seçkilər qalmaya da bilər. Bunun üçün isə hakimiyyətdaxili güc dəngəsinin hansı tərəfə əyiləcəyini gözləmək lazımdır. Düşünürəm ki, yaxın 2 ayda hadisələrə qiymət vermək mümkün olacaq. Müxalifətə gəldikdə isə onu deyə bilərəm ki, boykot, imtina, özünü izolyasiya produktiv xətt deyil. Bu yol hakimiyyətə divident, sərbəst siyasi meydan verir. İndidən parlament seçkilərinin hazırlıq işləri başlamalıdır. Mümkün olan qədər koordinasiya olunan siyasət seçilməlidir. Namizədləri vahid müxalifət namizədi kimi indidən tədricən razılaşdırmaq yolu tutulmalıdır. Təkəbbür, yanlış hikkə ziyanlı taktiki seçimdir. Biz belə düşünürük”.(“Yeni Müsavat”)


Tarix: 18-04-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti