Rusiya və Azərbaycanın ardınca Ermənistan da seçki zolağından çıxmaq üzrədir. Artıq Qarabağ məsələsini irəli aparmaq üçün, necə deyərlər, seçki əngəli qalmır. Ancaq nəzərə alsaq ki, problemin həllində şimal qonşumuz müstəsna rol oynayır və əksər analitiklərə görə, hələ uzun müddət də oynayacaq, o zaman ciddi təşəbbüslərin də məhz Moskvadan gəlməli olduğu qənaəti qətiləşər.
Bu reallıq da var ki, Rusiya Azərbaycan ərazilərinin faktiki işğal ortağıdır və Qarabağ münaqişəsində vasitəçidən çox, tərəfdir, üçüncü tərəfdir. Bunu Kremldə etiraf eləməsələr də. Azərbaycan üçün vəziyyətin ən qəliz tərəfi və konfliktin həllini əngəlləyən də elə budur - Ermənistan yox, Rusiya amili.
Ötən həftə Türkiyədə səfərdə olmuş politoloq Elxan Şahinoğlunun sözlərinə görə, qardaş ölkənin hakimiyyət, parlament və siyasi-ekspert dairələrində də Rusiya faktorunun hələ bir müddət vazkeçilməz olacağını diqqətə çatdırıblar və ixtilafın nizamlanmasında “Moskva ilə işləməyi” vacib sayıblar. O da vurğulanıb ki, Rusiyaya təsiri artırmaq üçün Azərbaycan daha da qüdrətlənməli və qardaş ölkə ilə bundan da sıx siyasi-hərbi ittifaqda olmalıdır.
Bu xüsusda ekspertin gəldiyi qənaətlər arasında bunlar da var: “Türkiyədə daxili və xarici siyasət məsələlərində bir-birini kəskin tənqid edən partiyalar və deputatlar Azərbaycan və Dağlıq Qarabağ məsələsində faktiki eyni mövqedən çıxış edirlər. Əsas fikir bundan ibarətdir ki, Türkiyə həmişə Azərbaycanın yanında olmalı və onun haqlı maraqlarını qorumalıdır. Türkiyə Dağlıq Qarabağ məsələsində dialoqu Azərbaycanın lehinə dəyişdirməyə çalışmalıdır; Azərbaycan və Türkiyə iqtisadi və hərbi baxımdan güclü olmalıdırlar ki, Qarabağla bağlı danışıqlarda güclü olsunlar; Rusiya-Türkiyə ittifaqını pozmağa çalışan qüvvələr var. Bu ittifaq dağılmasa, Suriya ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Türkiyə-Rusiya ittifaqı iradə ortaya qoyarsa, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll oluna bilər; Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə qoşulmağa çalışmalıdır; Ankara Moskvanı inandırmalıdır ki, Qarabağ münaqişəsi həll olunmadan bölgədə sabitlik olmayacaq”.
*****
Rusiyanın başı isə son aylar Qərblə getdikcə daha da gərginləşən münasibətlərə qarışıb. Belədə aydındır ki, Kreml Güney Qafqazda 30 illik konfliktin həllində həvəsli olmaz. Yaxud olsa belə, öncədən bunun ona konkret hansı siyasi, geosiyasi və hərbi dividendlər gətirəcəyinə əmin olandan sonra problemə girişər. Cənubi Qafqazı isə Moskva öz “həyati maraqlar” zonalarından biri, daha dəqiqi, “arxa bağça” hesab edir.
Lakin problemin həllində dönüş yarada biləcək bir faktor da, deyəsən, yavaş-yavaş gündəmə gəlməkdədir. Bu da Türkiyə və Rusiya arasında getdikcə genişlənən strateji tərəfdaşlıq əlaqələridir. Bəzi siyasi müşahidəçilərə görə, o səbəbdən Azərbaycan üçün unikal şans yetişə bilər. O mənada ki, Bakı Qarabağı Rusiyadan yox, əslində Rusiya-Türkiyə cütlüyündən istəyə bilər. İddialara görə, proseslər hətta ona doğru gedir.
Bununla bağlı rusiyalı tanınmış politoloq və tarixçi-analitik Oleq Kuznetsovun minval.az saytına müsahibəsində söylədiyi bir fikir maraq doğurur. Politoloq deyib ki, günün birində Moskva Ankara ilə güclənən əlaqələr fonunda Bakıya ərazilərini güc yolu ilə qaytarmaq razılığı da verə bilər. Rusiyalı analitik hətta təxmini tarix də deyib - uzağı 2020.
*****
İstənilən halda, yəqin hamıdan yaxşı elə Rusiya rəhbərliyi anlayır ki, konfliktin bunca uzanması, sülh danışıqlarında xroniki nəticəsizlik Kremlin Bakıya “dobro” verib-verməməsindən asılı olmayaraq, müharibəni gec-tez qaçılmaz edəcək. Çünki mövcud status-kvo Moskva və İrəvanı, Qərbi haradasa qane eləsə də, Azərbaycanı, Azərbaycan xalqını qane və məmnun edə bilməz. Azərbaycan xalqının səbri hüdudsuz deyil...
“Biz hərbi əməliyyatlar keçirib ən azı 3-4 rayonu almalıyıq”. Bunu “Yeni Müsavat”a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov deyib. Keçmiş nazirə görə, ümid məhz savaş variantına qalır. “Mən 30 ildir deyirəm ki, qanla işğal olunan torpaq qanla geri alınmalıdır. Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq, sonra danışıqlar masası arxasında söhbətlər aparıla bilər”, - deyə o qeyd edib. Onun fikrincə, İrəvanda son baş verənlər Azərbaycana fürsət yaradır: “Belə fürsətlər bizim əlimizə çox düşüb. Bundan əvvəl də seçkilər ərəfəsində Serj Sərkisyan Qarabağdakı qoşunu İrəvana çağırmışdı, onda əsl məqam yetişmişdi. Bu günlərdə də vəziyyət çox gərgindir. Ermənistanın döyüşən hissələri Dağlıq Qarabağdadır, onları geri çağıra bilərlər. Çünki Sərkisyan özü Dağlıq Qarabağdandır. O zaman Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb hərbi əməliyyatlara başlaya və ərazilərimizi azad edə bilər”.
*****
Bəs hərbi əməliyyatların bərpa ehtimalı bu il üçün necədir, o, gerçəkləşə bilərmi?
Bu arada ABŞ Xarici İşlər Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, Dövlət Departamentinin keçmiş analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl Qarabağ ixtilafı kontekstində maraqlı açıqlama verib (Axar.az).
“Corc Buşun dönəmində Con Bolton Azərbaycanı Rusiya Federasiyasının təcavüzündən qorumaq lazım olduğunu demişdi. Hazırda Bolton ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri olmaq üzrədir. Bu, ABŞ-ın Azərbaycan siyasətinə təsir göstərə bilərmi” sualına cavabında politoloq deyib: “Ümid edirəm ki, cənab Bolton nə dediyini xatırlayır və buna uyğun davranacaq. Azərbaycanın Qafqazda müstəqil bir dövlət kimi fəaliyyəti və rəsmi Moskvadan asılı olmaması olduqca mühümdür”.
Amerikalı ekspert regionda Rusiya ilə İranın vəziyyətinin gərginləşməsi ilə Azərbaycan üçün çətin vəziyyət yarana biləcəyi haqda fikirlərə də münasibət bildirib. “Rusiya hazırda öz sərhədlərində yaranacaq hər hansı problemdən çəkinir. Buna görə də keçmişdə etməsinə baxmayaraq, qonşuları üçün narahatlıq yaratmayacaq. Moskvanın Cənubi Qafqazdakı siyasəti dəyişməz olaraq qalır: Gürcüstanı keçid yolu, Ermənistanı alət kimi istifadə edərək Azərbaycanı qazanmaq. Mənim təxminlərimə görə, rəsmi Moskva Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərəcək və Ermənistanı uzaqlaşdıracaq. Bu, qeyri-real səslənə bilər, amma Rusiya, Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün bu addımı atacaq kimi görünür. Rusiya Azərbaycana bundan artıq heç nə təklif edə bilməz”, - deyə o əlavə edib.