Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsindəki mesajlar məmurların canına vəlvələ salıb
FİA.Az-ın xəbərinə görə, PA rəhbərinin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alan nüanslar dəyişikliklərin anonsu kimi qiymətləndirilib.
R.Mehdiyevə görə hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.Məqalədə deyilir ki, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir.
Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan “maneələri” asanlıqla dəf etməyə imkan verir.
R.Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.PA rəhbərinin mesajları yaxınlarda başlanacaq kadr islahatlarının anonsudur. Gözlənilir ki, artıq idarəçilikdə yeni model, reformalar köklü şəkildə həyata keçiriləcək.
Prezident onun iş prinsipi və tempinə uyğunlaşa bilməyən, korrupsiyaya uğramış məmurlarla yolları ayıracaq.
Ancaq təkcə ayırmaq deyil, onların yerinə gətiriləcək kadrlar da təmiz işləməlidirlər. Artıq məmurların özbaşınalıqları həddi aşıb, xalqla hakimiyyət arasında problemlərə səbəb olur.
Ona görə də aşağılarda rüşvətin ləğvi, bürokratiyanın aradan qaldırılması vacibdir. Bu məqamda gələn xəbərlər ondan ibarətdir ki, prezident sosial sektorda vətəndaşları narazı salan məmurları vəzifəsindən kənarlaşdıra bilər.
Məsələn, illərdir insanları incidən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Sahibkarlara Kömək Milli Fondu rəhbəri Şirzad Abdullayev, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev dəyişikliklərin ilk “qurban”ları ola bilər. Mötəbər qaynaqlardan sızan xəbərlərdə bildirilir ki, səhiyyə naziri Oqtay Şirəliyev və başqa məmurların da yola salınacağı gözlənilir.
R.Mehdiyev məqaləsində struktur islahatlarının da anonsunu verib. Belə ki, nazirlik, komitələrin ləğvi və birləşdirilməsi nəzərdə tutulur.
PA rəhbəri qeyd edir: “İdarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir.
Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur.
Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər.
Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur”.
R.Mehdiyevin məqaləsi məmurlara, icra başçılarına, nazirlər və müavinlərinin canına vəlvələ salıb.
Seçkidən sonra onlardan kimin gedəcəyi məmur korpusunu təşvişə salıb. Əslində, 33 rayonun dövlət dotasiyasının kəsilməsi icra başçılarına bir cəza idi ki, öz daxili resursları hesabına bölgələri inkişaf etdirsinlər. Hərçənd, dəstək yenə var.
İ.Əliyev müsahibəsində bildirirdi: “Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim.
Mənim regionlara dalbadal səfərlərimdən sonra yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır.
Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir.
Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq”.Aprel seçkilərindən sonra bu siyasətin təkmilləşdirilməsi regionlarda icra başçılarının bəzilərinin vəzifəsini itirməsi, bəzilərinin töhmət alması ilə müşahidə olunacaq.
Çünki elələri var ki, şəhidin haqqını yeyib, eləsi çıxışında biabırçılıq edib, eləsi böyük pullar mənimsəyib, eləsi də söyüşlə danışıb.Son zamanlar Gəncənin icra başçısı Elmar Vəliyevin, Zərdabın icra hakimi Lütvəli Babayevin, Göyçayın icra başçısı Mehdi Səlimzadənin, Laçının icra başçısı Aqil Nəzərlinin adlarını çəkmək olar. Onların adları ən rüsvayçı qalmaqallarda çəkilir.
Bundan əlavə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun, Abşeronun xanım başçısı İradə Gülməmmədovanın ad müxtəlif neqativ işlərdə keçib. Artıq prezident Administrasiyası icra başçılarının nazı ilə oynamaq niyyətində deyil.
Tarix: 18-04-2018, 20:39