Samir Şərifov yeni kabinetdə olacaqmı? - Gözlənti


Samir Şərifov yeni kabinetdə olacaqmı?
Prezident İlham Əliyev inaqurasiya mərasimindən sonra Nazirlər Kabinetinin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb.

Hazırda yeni formalaşacaq hokumətin tərkibində kimlərin yer alacağı məsələsi müzakirə olunur.

Dia.az xəbər verir ki, məsələ ilə bağlı bakuPost-a açıqlama verən REAL partiyasənın Ali Məclisinin üzvü Natiq Cəfərli bildirib ki, konkret proqnozlar vermək çətin olsa da, dəyişikliklərin olacağını demək mümkündür:

"Hətta baş nazir, baş nazirin birinci müavinləri səviyyəsində belə kadr dəyişikliklərinin olması ehtimalı var. Növbədənkənar seçkilərdən sonra prezidentin qarşısında 7 illik müddət var. Bu zaman islahatların olması ilə bağlı özünün də bəyənatı var. Həm də yüksək vəzifəli şəxslərin islahatlarla bağlı bəyənatları oldu. Azərbaycanın belə islahatlara böyük ehtiyacı var. Bu islahatların aparılması da yeni komandanın olması ehtimalını yüksəldir. Lakin konkret adların kimlərin olmasını demək çox çətindir. Amma dəyişikliklərin olması ehtimalı yüksəkdir”.

N. Cəfərli sürpriz dəyişikliklərlə də qarşılaşa biləcəyimizi istisna etməyib:"Gömrük Komitəsi ləğv olunub Vergilər Nazirliyinə birləşdirilə bilər. Bundan başqa Fövqaladə Hallar Nazirliyində dəyişiklik ola bilər. Yəni nazirlik statusu komitə statusuna dəyişdirilə bilər. Bu tipli struktur dəyişikliklərin olması da gözlənilir.Adları isə indidən söyləmək çox təəssüf ki, çətindir. Bəlkə indi bunu prezidentdən başqa bilən də yoxdur”.

FHN-nin statusu barədə ətraflı məlumat verən N. Cəfərli fövqəladə hallarla məşğul olan qurumun nazirlik statusunda olmasını doğru hesab etmədiyini dilə gətirib:"Nazirlik status komitə statusundan yüksəkdir Amma FHN həm nazirlik, həm də siyasi qurumdur. Fövqaladə hallarla məşğul olan qurumun siyasi qurum olması doğru deyil. Onun sırf texniki və komitə şəklində olması peşəkarlardan ibarət olması daha doğru olardı. Hətta bəzi funksiyalarının digər komitələrə verilməsi mövzusu da gündəmdədir. Bu barədə də müxtəlif müzakirələr var. Məsələn yanğınsöndürmə xidmətinin əvvəlki illərdə olduğu kimi Daxili İşlər Nazirliyinə daxil olması ehtimalı da dolaşan söhbətlər arasındadır”.

"Bunu Kəmaləddin Heydərovun statusunun azaldılması kimi qiymətləndirmək olarmı” sualına cavab verən N. Cəfərli keçmiş nəqliyyat naziri Ziya Məmmədov misalını xatırladıb:"Ziya Məmmədovun işdən çıxarılmamışdan öncə səlahiyyətləri əlindən alındı, müxtəlif dövlət orqanlarına verildi, sonra işdən çıxarıldı. Praktikanı nəzərə alsaq, demək olar ki, gələcəkdə bununla bağlı hansısa addım atılacaqsa, səlahiyyətlərin azaldılması prinsipi olacaq”.

Maliyyə naziri Samir Şərifovun yeni kabinetdə yer almayacağı barədə proqnozlardan da danışan siyasətçi deyib ki, o, nəinki yeni hökumətdə ola bilər, hətta yüksək vəzifəyə də təyin edilə bilər:"Samir Şərifov kabinetdə olacaq deyə düşünürəm. Hətta baş nazir olmaq ehtimalı da var. Kifayət qədər ciddi əsaslar var bunun olması üçün. Maliyyə Nəzarəti Palatasının rəhbəri ilə bağlı onu deyə bilərəm ki, bu qurumun yaradılması səhv qərar idi. Bu qurumun səlahiyyətləri ya Mərkəzi Banka qaytarılmalıdır, ya da Mərkəzi Bankın səlahiyyətləri tamamilə azaldılıb palataya verilməlidir. Paralel qurumların olması yaxşı deyil”.
 
Tarix: 19-04-2018, 09:07
Xəbəri paylaş





Xəbər lenti