Belarusun Azərbaycana “Polonez” raket kompleksi satması ilə bağlı xəbərlər yenidən gündəmə gəldi. “Kommersant” nəşri Belarus Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, “ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 raket kompleksi çatdırılacaq. Müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri də “öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir”.Mənbə sifarişçini açıqlamayıb, lakin Rusiya müdafiə sənayesinin iki top-meneceri nəşrə müştərinin Azərbaycan olduğunu bildirib.
Azərbaycanın “Polonez” raket kompleksi alması ilə bağlı məsələ 2016-cı ilin 28-29 noyabrında Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri zamanı gündəmə gəlmişdi.
Bakı “Polonez”ləri Rusiyanın Ermənistanda verdiyi (daha doğrusu, yerləşdirdiyi) “İsgəndər”lərə qarşı əldə etmək istəyirdi. “İsgəndər”lərin Ermənistan silahlı qüvvələrinin balansına verilmədiyi, rus hərbiçilərinin nəzarətində olduğu məlumdur. O da məlumdur ki, Moskvanın “İsgəndər” gedişinin arxasında iki hədəf var idi:
1. Həmin vaxt Ermənistanda yüksələn anti-rus əhval-ruhiyyəsini sındırmaq.
2. Azərbaycanın “İsgəndər”lər qarşısında güc balansını bərpa etmək üçün Rusiyadan yeni silahlar alması.
Lakin Bakı “İsgəndər”lərə qarşı fərqli gediş etdi: “Günbəz” (İsrail) və “Polonez” (Belarus). Hətta müdafiə naziri Zakir Həsənov Belarusa səfər edərək, “Polonez”lərə baxış da keçirtdi. Bu, o demək idi ki, Belarus raketlərinin alınması daha tez reallaşdırılacaq. Həmçinin, “Polonez”lər rusların “İsgəndər”lərinə qarşı əsas rəqib hesab olunur. (Təbii ki, İsraildən “Günbəz”lərin alınması da gündəmdədir).
Daha sonra “Polonez” məsələsi ikinci plana keçdi və Belarusun Azərbaycana bu raket kompleksini satmasının mümkünsüz olduğu dilə gətirildi. Bu, Belarusla Ermənistanın rus ittifaqlarında birgə təmsil olunması ilə də əlaqələndirildi.
“Komsomolskaya pravda Belarus” qəzetinə danışan hərbi ekspert Aleksandr Alesinin dediyinə görə, Azərbaycana “Polonez” raketlərinin satılmasına Ermənistan imkan verməyib.
“Biz Azərbaycana “Polonez” raket komplekslərini satmaq niyyətində idik. Lakin Ermənistan KTMT üzvü olduğumuzu xatırladaraq buna razı olmadı. Biz də KTMT üzrə müttəfiqimizin əleyhinə gedə bilmədik. Nəticədə Azərbaycanla sövdələşməmiz baş tutmadı. Yəqin ki, “Polonez”lərin ilk alıcısı Qazaxıstan olacaq”, - deyə belaruslu ekspert bildirirdi.
Lakin doğrudanmı “aprel müharibəsi”ndə İrəvanla eyni ittifaqda olmasına rəğmən Bakının mövqeyini açıq şəkildə müdafiə edən Minsk “Polonez”lərin satışını Ermənistanın istəyi ilə dayandırıb?! Bu sual kimi, onun cavabının “bəli” olması da ritorik görünür. Böyük ehtimalla oyunun arxasında ruslar və onların bazar maraqları dayanırdı. Və cavab olduqca sadədir: Moskva “İskəndər” gedişi ilə Bakının rus silahını almasını istəyirdi, onun yerini başqasının tutmasına da göz yuma bilməzdi, hətta bu, müttəfiqi olsa belə...
Və burada 2016-cı ilin 15 dekabrında erməni hərbi birləşmələrinin Çinari kəndi yaxınlığında təxribatı yenidən gündəmə gəlir. Həmin hücum “aprel müharibəsi”ndə Bakıya açıq dəstək verən Qazaxıstan və Belarusu fakt qarşısında qoymaq və rus ittifaqlarındakı fikir ayrılığını aradan götürmək idi.
Bu hadisənin Lukaşenkonun Bakı səfərindən və “Polonez” razılaşmasından bir ay sonra baş verməsi də təsadüf deyildi. Və iki il sonra Azərbaycanın “Polonez” alacağı xəbərinin məhz Rusiya nəşrində “ictimailəşdirilməsi” də diqqətçəkən detaldır.
Xəbər doğrudursa və Azərbaycan 10 ədəd “Polonez” raket kompleksi alacaqsa...a) Bu, hər şeydən öncə Azərbaycan rəhbərliyinin bütün oyunlara rəğmən öz iradəsinə uyğun davranması deməkdir.
b) “İskəndər”lərə qarşı Rusiyadan yox, başqa ölkədən müdafiə sistemləri almaq təhlükəsizliyin qarantıdır. Çünki Rusiyanın öz “İsgəndər”inə qarşı Azərbaycana davamlı müdafiə sistemi satacağına, yaxud satacağı müdafiə sistemlərinin kodlarını əlində saxlayamacağına heç kim zəmanət verə bilməz.
c) “Polonez”lərin alınması Ermənistanın “İsgəndər” dayağının sıradan çıxarılmasıdır.
“Polonez” raket kompleksi: hər biri 450 kiloqram döyüş başlıqlı 8 raket daşıyır; 8 hədəfi eyni anda vura bilir, sapma ehtimalı 20-30 metrdir; 300 kilometr məsafədə hədəfi məhv edə bilir; hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malik “İsgəndər”lə müqayisədə daha güclüdür.
Deməli, mümkün Qarabağ müharibəsində Ermənistanı rus “İsgəndər”i belə xilas edə bilməyəcək./publika.az/
Tarix: 19-04-2018, 22:25