“Ölkə başçısı nitqində, demək olar, bütün sahələri əhatə edib”
Prezident İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində ölkənin gələcəyi, nəzərdə tutulan islahatlarla bağlı mesajları cəmiyyətdə maraqla qarşılanıb və təhlil edilməkdədir. Əksər ekspertlər bu fikirdədir ki, ölkə başçısı nitqində, demək olar bütün sahələri əhatə etməklə yanaşı, çox sürətli və ciddi islahatların olacağının anonsunu vermiş olub.
Politoloq Qabil Hüseynli prezidentin çıxışının bir sıra məqamlarını şərh edərkən bildirdi ki, bu çıxış prezidentin radikal islahatların tərəfdarı olduğunun aydın təzahürüdür. Nəzərdə tutulan radikal islahatlar idarəetmə aparatını sadələşdirəcək və oranı peşəkarların komandasına çevirəcək. Beləliklə də, ölkənin idarə edilməsi çox uğurla aparılacaq. Bu, iqtisadi islahatların gedişinə də müsbət təsir göstərəcək və ölkə regionun lider dövləti kimi daha sürətlə inkişaf edəcək: “Azərbaycanda siyasi islahatlara da ehtiyac var. Doğrudur, prezident çıxışında iqtisadi islahatların da adını çəkdi. Görünən odur ki, prezident siyasi islahatları daha çox diqqətə çəkib. Siyasi islahatlar dedikdə hazırda əsas məsələ kadrların seçilib yerləşdirilməsi ilə bağlıdır. Yəni burada söhbət peşəkar bir komandanın formalaşdırılmasından gedir. Bu, yalnız bacarıq və qabiliyyətinə görə proseslərə fəal müdaxilə etməyi bacaran şəxslərdən ibarət bir komanda olacaq.
Prezident həcmcə şişirdilmiş aparatın təkmilləşdirməsinə diqqət çəkəcək. Azərbaycanda hələ sovet hakimiyyəti illərindən qalmış nazirlik və komitələr var. Nazirliklərin bəzilərinin olması vacib məsələdir. Amma elə komitələr var ki, büdcədən maliyyələşir, amma onların nə işlə məşğul olduğunu söyləmək çətindir. Ölkənin siyasi kursu var. Prezident İlham Əliyevin çıxışlarında, həmçinin akademik Ramiz Mehdiyevin ideoloji prinsipləri əks etdirən məqalələrində Azərbaycanın Avropa dövləti olmaq istəyi açıq şəkildə ifadə olunur. İslahatlar da bu yöndə aparılır və prezidentin dediyi kimi, bu dönəmdə daha da dərinləşəcək. Prezidentin nitqində daha bir məqam ondan ibarətdir ki, cəmiyyətdən gələn mesajlar diqqətdə saxlanacaq. Bu, həm də məmurlara bir xəbərdarlıq kimi də hesab oluna bilər”.
Prezidentliyə keçmiş namizəd, deputat Zahid Oruc bildirdi ki, prezidentin nitqində anonsunu etdiyi məsələlər yaxın vaxtlarda gerçəkləşəcək: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibində dəyişikliyin olacağını, həmçinin sturuktur islahatlarının, iqtisadi, siyasi islahatların davam etdiriləcəyini inauqurasiya mərasimində açıq bəyan etdi. Prezident cəmiyyətdən gələn mesajları yaxşı bildiyini bir daha bəyan etdi və gələcək siyasi gündəliyin formalaşdırılmasında bunlardan geniş şəkildə faydalanacaq. Ölkə rəhbəri fəaliyyəti üçün təkcə siyasi mədəniyyət nümunəsi kimi deyil, cəmiyyətdə barış, əməkdaşlıq, dialoq mühitinin bərqərar olması naminə seçki dönəmində namizədlər tərəfindən də irəli sürülmüş dövlət idarəçilik sisteminə, islahatlara, problemlərin aradan qaldırılmasına yönəlik baxışlardan rasional olanların nəzərə alınacağını vurğuladı. Hesab edirəm ki, bunların hamısı çox ciddi mesajlar idi və hər bir qüvvə, hərəkat, təşkilat tərəfindən rəğbətlə qarşılanır.
Struktur islahatları çərçivəsində hansı qurumların ləğv ediləcəyi, hansıların birləşdiriləcəyi müzakirə mövzusudur. Hansı strukturların birləşdiriləcəyi hazırda çox böyük aktuallıq kəsb edir. Adlar çəkmək, kimlərin yerdə qalıb, kimlərin komandaya daxil ediləcəyilə bağlı danışmağımız düzgün olmaz. Çünki bu, kompetensiya olaraq ölkə rəhbərinin xalqın iradəsilə qazandığı bir hüquqdur".(“Yeni Müsavat”)