“Rusiyadakı siyasi mərkəzlər öz ekspertləri vasitəsilə indi də Qazaxıstanı hədəf seçiblər. Qazaxıstan Rusiyanın müttəfiqi olsa da, müstəqil dövlət olaraq müstəqil xarici siyasət yürüdür və addımlar Rusiyanın əleyhinə deyil”.
Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, buna baxmayaraq, Kremlə yaxın dairələr Astanadan narazıdırlar: “Birincisi, həmin mərkəzlərin təbirincə desək Qazaxıstan nədən Rusiyanı Suriya məsələsində dəstəkləmir, ABŞ, Fransa və Böyük Britaniya Suriyanı bombalayarkən Moskva ilə eyni mövqe nümayiş etdirmir? Rusiyanı qıcıqlandıran odur ki, Amerikanın müttəfiqləri Vaşinqtonla eyni mövqedə olduğu halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqi olan Qazaxıstan Suriya məsələsində Moskvadan məsafə saxlayır.
İkincisi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən ilin dekabr ayında Vaşinqtona səfər edib ABŞ prezidenti Donald Trampla görüşmüşdü. Moskvanı şübhələndirən odur ki, Tramp çox az adamı Ağ Evə dəvət edərkən keçmiş SSRİ məkanında Qazaxıstan prezidentinə üstünlük verib. Bundan da şübhələniblər.
Üçüncüsü, Rusiyadakı dairələr Qazaxıstanın kiril əlifbasından latın əlifbasına keçidini də tənqid edirlər və hətta lağlağı edib deyirlər ki, qazaxların nə zaman öz əlifbaları olub ki, latına keçidi zəruri sayıblar? Yəni, Rusiyadakı mərkəzlər açıq-aşkar müttəfiqinin daxili işlərinə qarışırlar, başqa dövlətin daxili və xarici siyasətini təftiş edirlər. Hətta bəzən deyirlər ki, Qazaxıstan özünü yaxşı aparmasa, Ukraynanın gününə salarıq. Bunları söyləməkdə məqsədim Azərbaycanda bəzi rusrpəsərtlə anlasınlar ki, əgər Rusiya müttəfiqinin daxili işlərinə qarışırsa, gör başqalarının başına nə oyunu açar”.