Sərkisyan “Qarabağ kart”ını işə saldı - Politoloq
Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan özünü xilas etmək üçün “Qarabağ kartı”nı işə salıb.Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Sərkisyan öz hakimiyyətini qorumaq üçün Qarabağdan istifadə edir:
“Onun son çıxışında belə bir ifadə var: ”Mənim baş nazir seçilməyimin sadə səbəbi var: Bölgədə qarışıq geosiyasi durum mövcuddur və biz bu durumda Qarabağı qorumalıyıq”. Yəni bu adam demək istəyir ki, mən başda olmasam, Qarabağ əldən gedəcək.
Bu arada, Ermənistan hakimiyyətinə yaxın saytlar belə xəbərlər yayırlar ki, guya İrəvanda qarşıdurma fonunda Azərbaycan ordusu intensiv olaraq atəşkəsi pozur. Bu da Sərkisyanın cəmiyyətə mesajıdır ki, İrəvanda vəziyyət gərginləşsə, Azərbaycan ordusu hücuma keçəcək”.
Politoloq vurğulayıb ki, bu durumda Azərbaycanın maraqlarına nə uyğundursa, o da həyata keçirilməlidir.
Qeyd edək ki, Ermənistanda aprelin 13-dən aksiyalar keçirilir. Aksiyaçılar Sərkisyanın istefasını tələb edirlər.
Tarix: 21-04-2018, 23:36