Ölkə prezidenti baş nazir təyinatı ilə növbəti dəfə hamını təəccübləndirdi. Hətta parlamentin bəlkə də dövlətçilik tariximizdə ilk dəfə keçirilən şənbə iclası başlayanadək, deputat Zahid Orucun Facebookda açıqladığı namizədin hökumətə rəhbər təyin olunacağına bir çoxları şübhə edirdi. Ancaq prezidentin keçmiş köməkçisi Novruz Məmmədov iclas zalına daxil olanda...bütün şübhələrə son qoyuldu.
İqtisadiyyatla əlaqəsi olmayan şəxsin hökumətin başına gətirilməsinə bu cür reaksiyanın verilməsi ilk baxışda təbii qarşılana bilər. Heç şübhəsiz ki, dövlət başçısına, onun yürütdüyü siyasi kursa illərin sınağından çıxmış sədaqət burada az rol oynamayıb. Amma hakim komandada prezidentə sədaqəti ilə seçilən digər məmurlar da var idi. Cənab Novruz Məmmədovun adının indiyədək hakimiyyət daxilindəki heç bir qruplaşmalarda hallanmaması, hansısa neqativ məsələlərdə çəkilməməsi də faktdır. Lakin bunu da iddia etmək olmaz ki, hakim düşərgədə belə keyfiyyətlərə malik digər məmurlar yoxdur. Təbii ki, var, onlar da prezidentin rəğbətini qazandıqları üçün illərdir komandada təmsilçilik hüququ qazanıblar. Deməli, prezidentin seçimində başqa məqamlar da öz sözünü deyib. Bu barədə bir az sonra...
Bu yerdə Novruz Məmmədovun bir müsbət keyfiyyətini də xatırlayaq. O, çalışdığı illər ərzində sadəliyi, təvazökarlığı ilə yanaşı, mətbuata açıq olan məmurlardan biri kimi də seçilib. Hətta bu sətirlərin müəllifi illər öncə Administrasiyanın beynəlxalq şöbəsinin müdiri olan cənab Məmmədovdan Qarabağla, Azərbaycanın xarici siyasəti ilə bağlı açıqlamalar alıb və mətbuatımızda belə nümunələr kifayət qədərdir.
Şəxsən mən, 20 illik jurnalist təcrübəmdə çox arzu edirdim ki, Azərbaycanın 22 il baş naziri olmuş Artur Rasi-zadə ilə bircə dəfə kəlmə kəsim, “Yeni Müsavat” qəzeti üçün müsahibə alım, heç olmasa onunla bir xatirə şəklimiz olsun... Amma böyük Cavid nəslinin nümayəndəsi Artur müəllim bütün müsbət keyfiyyətləri ilə yanaşı, publikadan kənar bir məmur idi və bu, media üçün heç də xoşagələn hal deyildi.
Yeni baş nazir isə bu mənada tam fərqli birisidir. Hətta onun mobil telefonu bu günə qədər açıqdır. Düzdür, Novruz müəllim Milli Məclis tribunasından “Bu günə qədər danışmağı sevirdim. Görünür, artıq bundan sonra başqa bir sahəyə keçmək lazımdır, daha çox işləmək lazımdır”, -söylədi. İnanmaq istərdik ki, yeni baş nazir sələfi kimi bütün media ilə əlaqəni kəsib kabinetinə çəkilməyəcək, vaxtaşırı mətbuatın qarşısına çıxacaq, mətbuat konfransları keçirəcək, sualları cavablandırmaqla həm də hökumət üzvlərinə nümunə göstərəcək.
Hər halda, mükəmməl bildiyi ana dili ilə yanaşı, rus, fransız, ingilis, türk dillərində də səlis danışan yeni baş nazirimizin xalqa deməyə kifayət qədər sözü olacaq qarşıdakı dönəmlərdə. Çünki prezident ona etimad göstərməklə yanaşı, ondan həm də qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə icrasını, yol xəritələrində əksini tapan hədəflərə nail olunmasını gözləyir.
Ölkənin iqtisadiyyatına gəldikdə, onsuz da burada ayrı-ayrı sahələrin başında duran nazirlər var və olacaq. Məsələn, ASAN-ın keçmiş rəhbəri İnam Kərimovun kənd təsərrüfatı naziri təyin olunması həm də ondan xəbər verir ki, prezident qeyri-neft sektorunun inkişafına da böyük önəm verir, bu sahədəki çətinlikləri də ASANlaşdırmaq istəyir, bu isə ayrı söhbətin mövzusudur...
****
Məncə, Novruz Məmmədovun təyinatında rol oynayan birinci amil... Qarabağ məsələsidir. Əvvəla, hələ növbədənkənar prezident seçkisi elan olunanda bir sıra ciddi mənbələr israrla bu qəfil qərarı Qarabağla əlaqələndirirdilər. Prezident İlham Əliyev inauqurasiya mərasimində bir daha nümayiş etdirdi ki, onun üçün ən önəmli məsələ Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasıdır. Yəni Cocuq Mərcanlıdan başlayan BÖYÜK QAYIDIŞın Şuşaya, Kəlbəcərə qədər davam etdirilməsidir. Belə olan təqdirdə hökumətin başına dövlətin Qarabağ siyasəti ilə birbaşa əlaqəli olan təcrübəli məmurun, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisinin gətirilməsi tam məntiqlidir və yerində verilmiş qərardır. Novruz Məmmədov mərhum prezident Heydər Əliyevin apardığı danışıqlardan üzü bəri illərdir ki, Qarabağla bağlı gedən prosesin içərisindədir. Deyilə bilər ki, Qarabağ danışıqlarını baş nazir aparmır. Bəli, bu günə qədər vəziyyət belə idi. Bəs, sabah?
****
Qarabağ danışıqlarında ikinci tərəf Ermənistandır. İşğalçı ölkə artıq parlamentli üsul-idarəçiliyə keçib və ölkənin baş naziri Serj Sərkisyandır. İrəvanda keçirilən anti-Sərkisyan aksiyalarının bir gün oyun olduğu üzə çıxa, yaxud elə güc yolu ilə dağıdıla, Xocalı qatili hökumət başçısı kimi öz postunda illər boyu davam edə bilər. Hər halda 22 apreldə müxalifət lideri Nikol Paşinyanla görüşdən sonra Serj Sərkisyanın dedikləri, ardınca da etdikləri və Paşinyanın saxlanması ondan xəbər verir ki, bu cani istefa vermək niyyətində deyil. O, “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına nail olduqdan sonra vəzifədən gedəcəyini” bildirib. Deməli, bundan sonra Qarabağ danışıqlarında İrəvanı yenə də Serj Sərkisyan təmsil edəcək, sadəcə, prezident yox, baş nazir kimi. O halda Azərbaycan prezidentinin onunla bir masa arxasında oturması mümkünsüz ola bilər. Əvvəla, ona görə ki, prezident Əliyev son illərdə dəfələrlə S.Sərksiyana ağır cavablar verib, hətta BMT tribunasından onun cani olduğunu bildirib, yəni ortada etimad deyilən bir şey qalmayıb. İkincisi də, Ermənistanı Qarabağ danışıqlarında baş nazir təmsil edəcəksə, o halda Azərbaycan da bu görüşlərdə baş nazir səviyyəsində iştirak etməli olacaq. Bu halda Novruz Məmmədovun baş nazir postuna uğurlu kadr olaraq seçildiyini demək mümkündür. Gerçəklik budur ki, biz istəsək də, Qarabağ danışıqlarından imtina edə bilməyəcəyik, hətta müharibə alovlansa belə, bir gün oturub danışmaq lazım gələcək. Deməli, Ermənistan hökumətinin başında uzun illər qalmağı planlaşdıran Serj Sərkisyan danışıqlar zamanı qarşısında Azərbaycanın baş nazirini görəcək.
Novruz Məmmədov özünün “Tvitter” səhifəsində dəfələrlə Sərkisyanı ifşa etməsi ilə də diqqət çəkib. Məsələn, prezidentlərin sonuncu görüşünün ardınca Serj Sərkisyanın razılaşmanı pozaraq danışıqların detallarını açıqlamasına reaksiyasında cənab Məmmədov belə yazmışdı: “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı”.
Və təsəvvür edin ki, Sərkisyan günün birində onu “utanmaz” adlandıran azərbaycanlı baş nazirlə Qarabağ danışıqlarını aparır. Serj üçün bu danışıqlar heç də asan keçməyəcək. Təbii ki, söhbət Azərbaycan prezidentinin iştirak etmədiyi danışıqlardan gedir.
****
Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatından sonra ilk təbrik Rusiyadan gəldi. Üstəlik, cənab Məmmədov hələ 1998-ci ildə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə Fransa prezidenti tərəfindən “Fəxri Legion” ordeni ilə təltif edilib. Hər halda, söhbət iki həmsədr ölkədən gedir. Nədənsə mən Novruz Məmmədovu iqtisadi komandanın başında duran şəxsdən daha çox, prezidentin Qarabağ siyasətində çiynini bu ağır yükün altına verəcək baş nazir statusunda görürəm. Əslinə buna çox böyük ehtiyac var idi. Necə ki, dünyanın bir sıra güc və terror mərkəzləri ilə döyüşən Türkiyə prezidenti Ərdoğanın yanında baş nazir Binəli Yıldırım var. Hansı ki, bu vəzifəyə təyin olunanda çoxları dodaq büzürdü. Yaşa qalanda, Binəli bəyin də yaşı az deyil. Əsas enerji və təcrübədir. Bizim “danışmağı sevən adam”-baş nazirsə hədəfini də elan edib - iş görmək. Gözləyək...
Elşad Paşasoy,
“Yeni Müsavat”