Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən başlanan mitinqlər daha da böyüməkdədir. Artıq proseslərin Serj Sərkisyanın hakimiyyətini laxlatdığı göz önündədir. Parlament sədrinin təcridxanaya gedib Nikol Paşinyan və saxlanılan digər deputatlarla görüşməsi, həbs olunanların bir çoxunun azad edilməsi, bu gün aprel döyüşçülərinin və din xadimlərinin etirazçıların sırasına qoşulması, Avropadakı erməni diasporunun müxalifəti dəstəkləməsi Serj Sərkisyanın dayaqlarının sarsıldığını göstərir. Əli qanlı terrorçu Serj Sərkisyanın hakimiyyətdən getməsi ehtimalı hər keçən gün ciddiləşməkdədir.
Bəs Serj Sərkisyanın hakimiyyətdən getməsi Azərbaycanın xeyrinədirmi? Qarabağ məsələsinə təsir edə bilər?
Politoloq Elxan Şahinoğlu musavat.com-a bildirdi ki, Serj Sərkisyanın və onun rəhbərlik etdiyi hərbi xunta, Qarabağ separatçıları 20 ildir Ermənistanı girov saxlayır. Ermənistanın onların girovluğundan qurtarmasını istərdik. Çünki bu hərbi xunta, Qarabağ separatçıları hakimiyyətdən getsə onların yerinə konstruktivliyə meylli normal qüvvə gəlsə Qarabağ məsələsində Ermənistanın mövqeyində müəyyən dəyişiklik yarada bilər. Əlbəttə biz istərdik ki, Ermənistanda hakimiyyətə elə qüvvə gəlsin ki, Qarabağ savaşında iştirak etmiş qüvvə olmasın və işğalçılıq mövqeyində olmasın. Həmin qüvvə Azərbaycan və Türkiyə ilə münasibətlər qurmasının Ermənistan üçün imkanlar açacağını anlasın. Bu baxımdan Azərbaycana da xeyirlidir ki, Serj Sərkisyan hakimiyyətdən getsin və yeni hakimiyyətlə danışıqlara başlayıb konstruktiv ortaq məxrəcə gələ bilək. Ermənistanda dəyişiklik demirəm Qarabağ məsələsinin həllini tezləşdirəcək, amma hər halda yeni qüvvə ilə ortaq nöqtələr tapmaq ehtimalı var. Əgər yeni qüvvə ilə də razılıq mümkün olmasa o zaman onlara hərbi gücümüzü anlatmalıyıq”.
Politoloq qeyd etdi ki, Serj Sərkisyan ya son anda kəskin güc yoluna əl atacaq, silah gücünə erirazları yatırmağa çalışacaq, ya da polis və orduda parçalanma baş verəcək və bu zaman vətəndaş müharibəsi də istisna deyil.
Konfliktoloq Əvəz Həsənov isə hesab edir ki, Serj Sərkisyanın hakimiyyətdə qalıb-qalmaması ilə Dağlıq Qarabağ məsələsinin həllində Ermənistanın mövqeyində ciddi dəyişiklik gözlənilmir: “O, uzun müddət danışıqlar prosesində iştirak etmiş bir insan kimi ölkəsində Dağlıq Qarabağ ilə bağlı ritorikaya təsir edə bilməyib. Onun yerinə gələcək hakim partiyanın nümayəndəsi olacaq insan da bu ritorikanı dəyişməkdə maraqlı olmayacaq. Əks halda növbəti istefa dalğaları bundan da güclü olacaq”.
AMİP katibi Əli Orucov bildirir ki, öncə Ermənistanda baş verən hadisələrin mahiyyətinə və bu proseslərin nəticələrinin regiona necə təsir göstə biləcəyinə varmaq lazımdır. 131 nəfərlik Ermənistan Milli Məclisinin 4 fraksiyasında biri olan Paşinyanın rəhbərlik etditi “Çıxış” fraksiyasının 9 deputatdan ibarət olmasına rəğmən bu gün etirazların aparacı qüvvəsi kimi çıxış etməsi inandırıcı deyil. Hakimiyyətin daxilində də Sərkisyana ciddi müavimət var. Lakin Ermənistanda baş verən hadisələrin Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməsi üçün fürsət olacağına inanım yoxdur. Problemin həlli Rusiyandan asılıdır. Təcrübə göstərir ki, Dağlıq Qarabağla bağlı Levon-ter Petrosyandan üzü bəri prezidentlər dəyişsə də siyasət və yanaşma dəyişməyib. Çünki Rusiya istəməyib”.
Politoloq Şahin Cəfərli isə qeyd edib ki, istənilən halda, dünyada Ermənistanın demokratik ölkə imicinin yaranması bizim xeyrimizə deyil. Ermənistanda proseslərin gözlənilən nəticələrinə gəlincə, ekspertin fikrincə, Serj Sərkisyanın 2 yolu qalır: “Birinci yol, fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürmək; 2. İstefa verib, erkən seçki qərarı almaq. Birinci variantı tətbiq etməyə Sərkisyanın resursu varmı, şübhəlidir. Bu, yalnız Rusiyanın ciddi dəstəyi sayəsində mümkün ola bilər. Amma Rusiya o halda bu addıma gedə bilərdi ki, əlində Serjiki əvəz edə biləcək alternativ variant olmasın. Rusiyanın isə alternativi var: hazırda baş nazirin 1-ci müavini olan “Qazprom”un kadrı Karen Karapetyan.
İkinci variant məncə, hazırkı situasiyada daha ağlabatan görünür. Serj həm baş nazirlikdən, həm də Respublika Partiyası liderliyindən istefaya gedir, yerinə Karen Karapetyan keçir, seçkidə yenə Respublika Partiyası qalib gəlir və beləliklə, hakimiyyət dinc, demokratik yolla Rusiyanın xas adamı Karapetyana ötürülür. Xalq da razı qalır, Rusiya da. Qərbin də hadisələrin bu cür inkişafına etirazı ola bilməz.
Amma Serj Sərkisyan mövcud pat vəziyyətindən çıxmaq üçün üçüncü yol da tapa bilər, hər halda, ötən müddətdə zəngin siyasi təcrübə toplayıb”.
Etibar SEYİDAĞA