“Hərbi xunta Dağlıq Qarabağ kartı ilə erməni xalqını istismar etdi, ona zülm etdi. Erməni xalqı cinayətkar xuntaya yox dedi”.
Bunu APA-ya açıqlamasında Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədə keçirilən aksiyalar nəticəsində baş nazir vəzifəsindən istefa verməsinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Q. Hüseynli qeyd edib ki, erməni xalqı 11 gün gecə-gündüz etirazını bildirərək 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtardı: “Erməni xalqı ölkəni öz biznesinə çevirən mafioz klandan canını qurtardı. Bu prosesdə tələbələr də xüsusi rol oynadı. Sarkisyan təzyiqlərə dözə bilmədi”.
Politoloq hərbi xuntadan yaxasını qurtaran erməni xalqının öz hakimiyyətini formalaşdırmaq imkanı qazandığını söyləyib: “Bəziləri hesab edirlər ki, Daşnaksütyun Partiyası və Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının razılaşması əsasında parlament yeni baş nazir seçəcək, mövcud rejim davam edəcək. Ancaq bu, inqilabdırsa, proses sona qədər gedəcək. Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Serj Sarkisyanın adamıdır. Deməli, parlament də, prezident də dəyişməlidir. Əgər Serj Sarkisyanın gedişi ilə kifayətlənsələr, inqilab son məqsədlərinə çatmaya bilər”.
Q. Hüseynli S. Sarkisyan kimi radikal millətçinin hakimiyyətdən getməsinin müsbət hadisə olduğunu vurğulayıb: “Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu. Bu, Ermənistanda daxili münasibətlərə təsir göstərməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara da müəyyən qədər təsir göstərə bilər. Bu, hadisələrin gedişindən və Ermənistanın götürəcəyi kursdan asılı olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu APA-ya açıqlamasında bildirib ki, Qarabağ klanı 20 ildir Ermənistanı girovluqda saxlayıb: “Ter-Petrosyan başa düşürdü ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı uçuruma aparır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planını qəbul etmək istəyirdi. Ancaq Köçəryan-Sarkisyan cütlüyü buna imkan vermədi və Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırıldı. Biz istəyirik ki, indi də Ermənistanda Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliklə Ermənistanın böyük regional layihələrdən, inkişaf perspektivindən kənarda qaldıqlarını anlasınlar”.
E. Şahinoğlu bir gün əvvəl S. Sarkisyanın müxalifət lideri Nikol Paşinyanla görüşdə çox özünə arxayın olduğunu, əsas hadisələrin isə bu gün baş verdiyini qeyd edib: “Bu gün Serj Sarkisyanı fakt qarşısında qoydular. Bu gün hərbçilərin bir hissəsi də aksiyalara qatıldı. Yəqin ki, generallar onunla danışaraq ultimatum veriblər. Bildiriblər ki, vətəndaş müharibəsi baş verə və çox istədiyi Qarabağı da itirə bilər. Buna görə də Serj Sarkisyan istefa vermək məcburiyyətində qalıb. Ermənistanda yeni qüvvələrin qarşısında iki alternativ olmalıdır və biz də bu alternativləri onlara təqdim etməliyik. Əgər Ermənistan sülh istəyirsə, işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalı, regional layihələrdən bəhrələnməlidir. Yox, Serj Sarkisyanın indiyə qədər yürütdüyü siyasət davam edəcəksə, Ermənistanda səfalət artacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri S. Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalının da yüksək olduğunu nəzərə çatdırıb: “Biz Serj Sarkisyanın Xocalı soyqırımına görə məsuliyyətə cəlb olunması üçün məhkəmə iddiası qaldırmalıyıq. Sarkisyan tək Azərbaycan xalqına deyil, erməni xalqına qarşı da cinayət törədib. Birinci dəfə prezident seçilən zaman keçirilən etiraz aksiyaları dağıdılarkən onlarla insan qətlə yetirilib”.
E. Şahinoğlu S. Sarkisyanın məsuliyyətdən yayınmaq üçün Rusiyaya üz tutacağını ehtimal edir: “Robert Köçəryan da bir müddət Rusiyada yaşadı. Yəqin ki, Serj Sarkisyan da Rusiyaya gedəcək”.