İlham Əliyev Heydər Əliyev dövrünün komandası ilə vidalaşır - bir klanın qürubu...



 

İndi Nazirlər Kabinetində keçiriləcək ilk iclasa göz dolusu baxmaq olar: gənc nazirlər, yarısı yenilənmiş komanda, görməkdən gözümüz yorulmuş nazirlərin yoxluğu...
AnaXeber.az yazır ki, 2018-ci il seçkiləri 2013-cü il seçkilərindən çox fərqləndi. İlham Əliyev 5 il geriyə baxanda indi daha da güclənmiş görünür.
15 illik hakimiyyəti dövründə heç zaman bu qədər dəyişikliyə getməmiş prezident ilk dəfə NK-ni silah kimi söküb-yığdı.
Artıq köhnə qvardiyadan az sayda və təcrübəli nazirlər qalıb. 2025-ə qədər isə Azərbaycan hökumətində köhnə qvardiyadan bir məmur belə saxlanmayacaq.
Çünki İ.Əliyev mərhum Heydər Əliyevin dövründən qalan komanda ilə vidalaşmaq istəyir.
Onlar yenilikçi, islahatların lokomotivi ola bilmirlər, zamanın sürəti, tələbləri ilə ayaqlaşmırlar, texnoloji biliklərdən uzaqdırlar.
Hökumət idarəçiliyində isə çevik, dinamik və enerjili kadrlar zəruridir. Ona görə də H.Əliyevin zamanında təyin olunan nazirlər, məmurlar bir-bir yola salınırlar.
Yeni gələn kadrlar isə Bakı qruplaşmasının  siyasi qanadının çətiri altında olan Qərb təhsilli və gənc nazirlərdirlər.
Sahil Babayev, İnam Kərimov, Vüsal Hüseynov, Fuad Muradov hakim ailəyə yaxın və onların etimadını qazanmış məmurlardır.
Beləliklə, Naxçıvan qruplaşması ilə Bakı klanı arasında əvvəllər gizli gedən rəqabət indi açıq müstəviyə çıxıb. Bakı qruplaşması tam gücü ilə strateji postlara, nazirliklərə öz kadrlarını yerləşdirir.
Baş nazir vəzifəsinə köhnə qvardiyadan kadr təyin olunması heç də Naxçıvan klanının qüdrətinin təzahürü deyildi.
Onsuz da vitse-prezidentlik institutu təsis edildikən sonra Baş nazir postu formal xarakter daşıyır.
O baxımdan təhsil, vergi, səhiyyə, miqrasiya, diaspor, sosial müdafiə, aqrar və qaçqınların hüquqlarına aid sektorlar Bakı qruplaşmasının tam nəzarətinə keçdi.
Bu sahələrə təyin olunan nazirlər birbaşa islahatçı klana yaxın və onların təqdimatı əsasında vəzifə alanlardırlar.
Artıq kadr seçimində Prezident Administrasiyası rəhbərinin təsir və mövqeyinin olmadığı görünməkdədir.
İ.Əliyev kifayət qədər siyasi iradəyə malikdir və istədiyi naziri vəzifəsindən azad edə bilər. 2003, 2005, 2008 dönəmində müstəqil şəkildə komandanı dəyişmək imkanları məhdud idi.
AnaXeber.az yazır ki, yeni nazirlərdən əsas gözləntilər innovativ dəyişikliklərdir. Aşağılarda rüşvətin yığışdırılması, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində nəzərəçarpan irəliləyişlər ola bilər.
Gömrük komitəsinə müavinin sədr gətirilməsi isə kosmetik dəyişikliklərə hesablanıb. Qarşıdakı dövrdə Baş nazirin müavini Əli Həsənov, Hacıbala Abutalıbov, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev və digərləri də yola salınacaq.
Və İ.Əliyev bu dəyişiklikləri ağrısız, intriqasız, hakimiyyət daxilində gərginliyə, parçalanmaya səbəb olmadan həyata keçirir. Əvvəlki illərdə təyinatlarla bağlı müəyyən təhlükələr var idi.
Bəzi qruplaşmalar siyasi şantaja keçirdilər, ruspərəst və “5-ci kolon”a yaxın məmurlar təzyiq rıçaqlarını işə salırdılar, hətta müxalif resurslardan istifadə olunurdu.
Amma İ.Əliyev komandanın lideri kimi və təkbaşına qərarları vermək iqtidarına malik olan xarakteri ilə bu mərhələləri də aşmağa nail oldu. İndi qarşısında heç bir sədd yoxdur və öz istədiyi Nazirlər Kabinetini formalaşdırır.
Əgər ötən dönəmdə istəmədiyi və PA rəhbərinin, ayrı-ayrı qubernatorların istəkləri reallaşırdısa, atasının komandası ilə işləmək lazım idisə, indi öz komandasını yaratmaq zamanı yetişib.
Həm cəmiyyətdən gələn sosial sifarişdir, həm idarəçilik modelində ciddi islahatlar vaxtıydı, həm də həmin nazirlər yetərincə vəzifədə olmuşdular.
Digər bir rakursdan baxanda, regionda və Yaxın Şərqdə baş verənlər bir mesaj idi. Hökumət rəsmiləri də vaxtaşırı etiraf ediblər ki, Azərbaycanı Suriyaya çevirmək istəyənlər var. Bu halda iki yol qalırdı: ya köhnə qvardiya ilə korrupsiyaya bulaşmış mövcud sistemi saxlayıb tarana getmək, ya da islahatlar...Qərb də Azərbaycan hakimiyyətindən məhz islahatlar tələb edirdi.
Ona görə də növbədənkənar seçkidən sonra dərhal Nazirlər Kabineti İ.Əliyevin öz istədiyi komandadan formalaşdı.
Digər tərəfdən, hakimiyyət daxilində vaxt uzandıqca parçalanmalar dərinləşirdi və siyasi böhrana gətirib çıxara bilərdi.
İ.Əliyev daxili auditoriyadakı vəziyyətlə bərabər xarici faktorları da müşahidə edirdi, səfərlərdə ona verilən informasiyalar əsasında addımlar atırdı.
Rusiyada martda keçiriləcək prezident seçkilərinin Azərbaycana təsir amillərini də nəzərə alaraq, İ.Əliyev özü namizəd olmağa və mürəkkəb situasiyadan çıxmağa qərar verdi.
AnaXeber.az
 Turan
Tarix: 24-04-2018, 08:57
Xəbəri paylaş





Xəbər lenti