Araz Əlizadənin ildə bir neçə dəfə başına düşən “Rəsulzadə daşı”...


Razi Nurullayev: “Belə fikirlər səsləndikcə Rəsulzadəyə xalqın məhəbbəti daha da artır”; Nəsiman Yaqublu: “Bu şəxs dediklərimə inanmırsa, getsin tarixi oxusun”

Azərbaycanın dövlət qurucuları haqqında daim hiddət doğuran açıqlamalar verən ASDP sədri, deputat Araz Əlizadə növbəti dəfə gündəmə gəlib. A.Əlizadə sfera.az-a açıqlamasında Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə və AXC-Müsavat hökuməti ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

Deputat M.Ə.Rəsulzadəyə heykəl qoyulmaması ilə bağlı suala belə cavab verib: “AXC-Müsavat hakimiyyətdə olduğu bir il ərzində nə üçün Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymayıb? Çünki həmin vaxtı xalqı qarət etməklə məşğul idilər. Məgər Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymağa vaxtları çatmadı? Görünür, onlar özlərini Azərbaycan Xalq Cümhuriyyətinin xələfi kimi göstərmək istəyirlər. Kim Məhəmməd Əmin Rəsulzadənin abidəsini görmək istəyirsə, getsin onun doğulduğu Novxanıya. Novxanı da Bakının ərazisidir. Məni bağışlayın, axı bir adama neçə heykəl qoyulmalıdır? Vaxtilə Vladimir Leninə də nə qədər abidə, heykəl qoyulmuşdu, amma sonra hamısı götürüldü. Müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevdir, vəssalam! AXC-Müsavat fəalları istəyir ki, Məhəmməd Əmin Rəsulzadəyə hər yerdə abidə qoyulsun, bunlar da hər yerdə car çəksin ki, müasir Azərbaycanın yaradıcısı Məhəmməd Əmin Rəsulzadə və ya digər şəxslərdir. Bir də gördün ki, sabah gəlib İsa Qəmbərə, Əli Kərimliyə də abidə qoyulmasını dedilər. Mənim atam müasir şərqşünaslıq elminin banilərindən biridir. Ancaq atamın cəmi bir abidəsi var, o da qəbiristanlıqdadır. Bir də atamın abidəsi onun yaratdığı elmi əsərləri və yetişdirdiyi tələbələridir. Heykəli qoyub sonra yığışdırmağın nə mənası var? Vaxtilə heykəlləri yığışdıranlar məhz Rəsulzadənin tərəfdarları olub. Bilirsiniz, heykəl sənət əsəridir. Sənət əsəri kimi də Məhəmməd Əmin Rəsulzadəyə Novxanıda çox gözəl heykəl qoyulub. Nə üçün radikal müxalifət Fətəli xan Xoyskiyə, Əlimərdan bəy Topçubaşova deyil, məhz Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulmasını istəyir? Məgər Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun Azərbaycana xidmətləri Məhəmməd Əmin Rəsulzadədən az olub? Radikal müxalifət ona görə sırf Məhəmməd Əmin Rəsulzadənin adını irəli çəkir ki, Rəsulzadə Müsavat Partiyasının lideri olub. Bütün bunlar da bir daha onu göstərir ki, Müsavat boş-boş söhbətlərin başında dayanır. Mən demirəm ki, Məhəmməd Əmin Rəsulzadənin xidmətləri olmayıb. Sadəcə olaraq, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun xidmətləri daha çox olub”.

Qeyd edək ki, indiyə qədər A.Əlizadə və qardaşı, politoloq Zərdüşt Əlizadə dəfələrlə bu cür açıqlamalar verərək, Rəsulzadə başda olmaqla, dövlət qurucularını aşağılayıblar. Onlara lazımi reaksiyalar verilmədiyi üçün bu qardaşlar sarsaq fikirlərinin dozasını durmadan artırırlar. Bir faktı deyək ki, A.Əlizadə iki il yarımdır deputatdır və bu müddət ərzində ən çox belə fikirləri ilə gündəmi zəbt etməyi bacarıb. Onun haqqında Milli Məclis tərəfindən bir dəfə də olsun ölçü götürülməyib. Heç deputat həmkarları da onu ən azından qınamırlar. Hətta onun bu cür fikirləri ilə bağlı deputatlardan mövqelər almaq istədikdə ya suallardan yayınır, ya da cavab vermək istəmirlər. Bu dəfə də belə oldu. Bir neçə deputatdan mövqe almaq cəhdlərimiz uğursuz oldu.

Razi Nurullayev ile ilgili görsel sonucu

Prezident seçkilərində namizəd olan və seçki debatlarında M.Ə.Rəsulzadə və mərhum prezidentlər Əbülfəz Elçibəy, Heydər Əliyevə ayrı-ayrılıqda layiqli qiymətin verilməsini vacib sayan yeni AXCP-nin sədri Razi Nurullayev isə “Yeni Müsavat”a açıqlamasında A.Əlizadəyə bu cür reaksiya verdi: “Belə məsələlərin bu şəkildə müzakirəsinə qarşıyam. Həm Araz Əlizadə, həm də qardaşı Zərdüşt Əlizadə zaman-zaman belə fikirlər səsləndirirlər. Media da bunu bütün Azərbaycana yayımlayır. Bütün bu məsələlərə belə diqqət vermək lazım deyil. Onun üçün də bu qardaşların fikirlərinə münasibət bildirməyəcəm, amma öz bildiklərimi deyəcəm. Məhəmməd Əmin Rəsulzadə məhəbbəti xalqımızın içindədir. Onu silmək mümkün deyil. Bunu Azərbaycan cəmiyyəti dəfələrlə sübut edib. Onun üçün də hakimiyyət Cümhuriyyətimizin yüz illiyinin dövlət səviyyəsində qeyd olunması barədə qərar qəbul etdi. Mənə elə gəlir ki, hakimiyyətin bu qərarı verməsi onların Rəsulzadə və Cümhuriyyətimizə olan münasibətini də ortaya qoydu. Bundan sonra Rəsulzadə və onun komandası haqqında belə fikirlər səsləndirməyin heç bir mənası olmayacaq. Əbülfəz Elçibəy də Azərbaycan xalqının azadlıq simvoludur. Bu simvol daim qalacaq. Ölkəmizə ikinci müstəqilliyin gətirilməsində önəmli rolu olan şəxsiyyətlərdən biri də odur. Bunu da xalqın qəlbindən silmək mümkün deyil. Heydər Əliyevə də xalq məhəbbəti var. Bunu hər addımda görə bilirik. Bundan çıxış edərək o fikirləri səsləndirmişdim ki, Azərbaycanın indiki inkişaf dönəmində bu şəxsiyyətləri bir-birindən ayırmaq cəmiyyətdə qarşıdurma yaradır. Bunun üçün də indiki vaxtda hər üç şəxsiyyətə bərabər qiymət verilməlidir. Heydər Əliyev layiq olduğu qiyməti alıb, hər zaman təbliğ olunur, heykəlləri hər tərəfdə qoyulub, bütün dövlət tədbirlərində anılır, Fəxri xiyabanda onu ziyarət etmək protokollara salınıb. Bu dərəcədə olmasa da, Əbülfəz Elçibəy və Rəsulzadəyə də belə münasibətin göstərilməsinin tərəfdarıyam ki, cəmiyyətdə bir barış mühiti yaransın. Sonrakı nəsillər qiymət versin ki, kim birinci, ikincib yaxud da üçüncüdür. Hər üç şəxsiyyətin tənqid olunmasını anormal hesab edirəm. Araz Əlizadə və onun kimi başqalarının belə fikirlər səsləndirmələrinə heç zaman normal yanaşmaq olmaz. Mən də belə açıqlamalardan çox narahat oluram. Sanki onların adları çəkilən şəxsiyyətlərə qarşı patoloji nifrətləri var. Burada söhbət ideoloji nifrətdən getmir. Onların nə üçün belə etdikləri sualının cavabını tapa bilmirəm. Belə məsələlərlə gündəmə gəlməz olmaz. Onlar da çox gözəl bilirlər ki, xalq onların dediklərini qəbul etmir. Təəssüflər olsun ki, dediklərinə davam edirlər. Bununla bağlı iqtidar və ya Milli Məclisin tədbir görüb-görməməsi onların öz səlahiyyətləridir. Münasibət bildirməmək də onların öz hüquqlarıdır. Rəsulzadə və Elçibəy sevərlər heç zaman bu cür yanaşmaları qəbul edə bilməzlər. Bu cür fikirlər səsləndikcə Rəsulzadə və Elçibəyə xalqın məhəbbəti daha da artır”.

NÉsiman Yaqublu musavat.com ile ilgili görsel sonucu

Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu qısa danışdı: “Tutduğu mövqeyə görə Rəsulzadə Xalq Cümhuriyyətinin başçısı sayılır - yəni Milli Şuranın sədri olması ilə. Əgər bu şəxs fikirlərimə inanmırsa, getsin tarixi oxusun. Onda görəcək ki, orada nə cür yazılıb. Elçibəy hakimiyyəti dövründə Rəsulzadəyə heykəllər, büstlər qoyulub. 1993-cü ilin mayında Zaqatalada Rəsulzadəyə qoyulan heykəlin böyük bir açılışı olub, mən də o açılışda iştirak etmişəm. Təkcə bu fakt onun dediklərinin uydurma olduğunu göstərir. Təəssüflər olsun ki, zaman Elçibəy hökumətinə daha böyük yerlərdə Rəsulzadəyə heykəllərin qoyulmasına imkan vermədi. Cümhuriyyət quruculuğu dövründə heç kimin fəaliyyəti digərindən üstün olmayıb. Hamının fəaliyyəti eyni cür olub. Onlar xalq, vətən üçün birgə çalışıblar. O şəxsləri vəzifə maraqlandırmırdı. Əlimərdan bəy Topçubaçov parlamentin sədri seçilsə də, bir saat belə o kürsüdə oturmamışdı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 24-04-2018, 09:29
Xəbəri paylaş





Xəbər lenti