Erməni xalqı iqtidardakı "müharibə partiyası"nı niyə devirdi? - TƏHLİL
Ermənistanda baş qaldıran xalq etirazları qısa zamanda öz nəticəsini verdi. Azərbaycan və insanlıq düşməni Serj Sərkisyan məxməri bir inqilabla devrildi və istefaya məcbur edildi. Bu, Azərbaycan və region üçün olduqca mühüm, tarixi hadisədir.
Baş verən hadisənin qısa özəti belədir: Erməni xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran “Qarabağ klanından” canını qurtardı. Öz ölkəsini hərbi xunta kimi idarə edən Sərkisyanın iqtidardan gedişi ilə bərabər, erməni xalqı öz hakimiyyətini yenidən formalaşdırmaq imkanı qazandı.
Azərbaycan üçün Serj Sərkisyan əsas düşmən statusunda idi və indi də elə qalır. O, 1992-ci ilin 26 fevralında baş verən Xocalı soyqırımının əsas səbəbkarı və aktiv iştirakçısıdır. Onun rəhbərlik etdiyi həbi xunta Ermənistanı və erməni xalqını çox ciddi problemlərə ürcah etdi. Sərkisyan rejimi Azərbaycan və Türkiyə düşmənçiliyi siyasəti aparmaqla yanaşı, iqtidarda olduğu müddətdə daha çox öz xalqına zülm etdi. Ölkəsini özünün biznes məkanına çevirən mafioz bir klan və onun başçısı erməni xalqını bütün böyük layihələrdən kənarda buraxdı, nəticədə, xalqı ac və səfil bir kütləyə çevirdi.
Əslində Sərkisyan istefa ilə canını qurtara bilməyəcək və bilməməlidir. Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmiş bu qatil həm də öz xalqına qarşı da ciddi cinayət əməlləri törədib. Arzu olunur ki, Sərkisyan bu əməllərinə görə öz cəzasını alsın. Əgər Ermənistan daxilində hər hansı bir cəza almazsa belə, artıq onun bir prezident, ya da baş nazir kimi heç bir immuniteti qalmayıb. Bu səbəbdən də, Azərbaycan onu etdiyi və sübuta yetirilmiş cinayətlərinə görə beynəlxalq tribunallara verə, barəsində beynəlxalq axtarış qərarı çıxartdıra bilər. İstənilən halda, bu cani əcəli ilə ölmədən Azərbaycan xalqı və dövləti tərəfindən cəzasını almalıdır.
O və digər Xocalı qatilləri məsuliyyətə cəlb olunmalıdır. Fikrimizcə, elə bu cür tələblə Azərbaycan dövləti Ermənistana rəsmi müraciət etməlidir. Doğrudur, yeni formalaşacaq Ermənistan hökuməti də dərhal “Qarabağı qaytarırıq”, deməyəcək. Ola bilsin, Paşinyan kimi daha radikal “qırğı”ların timsalında savaş ritorikası bir müddət daha da güclənsin. Lakin artıq faydası yoxdur. “Monolit Ermənistan” mifi puç olub. İqtidardan düşürülən “Qarabağ klanı” Ermənistanın yeni iqtidarına qarşı, hətta ola bilsin, Ermənistan dövlətinə qarşı ciddi müxalifət faktoruna çevriləcək. Azərbaycanın işğal olunmuş torpaqlarında qurulan qondarma bir rejimin təmsilçiləri özlərini də, Ermənistanı da kifayət qədər zəiflətmiş, bir növ, çıxılmaz duruma gətirmişdir. Buna və Azərbaycan dövlətinin apardığı ağıllı, ardıcıl siyasətə görə tamamilə gücsüz, demoralizə vəziyyətə düşmüş erməni cəmiyyətinin, onun təsisatlarının, xüsusi ilə, silahlı dəstələrinin bundan sonra hər hansı ciddi müqavimət, böyük qarşıdurma sərgiləyə biləcəyi inandırıcı görünmür.
Azərbaycanı və Türkiyəni özünə düşmən bilən Ermənistan və onun artıq keçmiş rəhbərliyi bu cür aqressiv siyasətin nəticəsini yaşamaqdadırlar. Bu mənada, hazırda Ermənistanda baş verən olaylar həm də Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin bu epizod üzrə qələbəsi sayıla bilər.
Ermənistanın yeni qurulacaq hökuməti eyni aqibəti yaşamaq istəmirsə, Azərbaycanın və beynəlxalq qurumların illərdir davam edən haqlı tələblərini nəzərə almağa məhkumdur. Artıq “müharibə partiyası”nın rəhbəri də devrildi; qorxmağa və xuntanın şantajlarından çəkinməyə gərək yoxdur.
Ermənistanda kim real hakimiyyətə - baş nazirliyə gəlsə, Qarabağ danışıqlarının önünü açmalı, Azərbaycanın daha radikal addımlar atmasına imkan verməməlidir. Seçimi erməni xalqı və dövləti edəcək: bizim torpaqları sülh yolu iləmi, yoxsa, savaşda məğlub olaraq, böyük itkilər verərəkmi qaytaracaqlar. Yəni bu mövzuda Azərbaycanın seçim imkanı yoxdu – ölkəmiz işğaldakı torpaqlardan və özünün halal ərazilərindən heç bir vəcdlə güzəştə getməyəcək, bu, mümkün deyil!
Əgər Serj Sərkisyanın siyasəti və savaş ritorikası, o cümlədən və xüsusən də, anti-türk pafosu davam etsə, Ermənistanın bir dövlət kimi mövcudluğu sual altına düşəcək.