Prezident hökuməti niyə “7"lərə etibar etdi - mühüm səbəblər


Sabiq baş nazirin və müavinlərinin “nəvəsi yaşında olanlar”a nazir portfeli verilməsi niyə indi mümkün oldu?;  hökumət vitrininin ASAN-laşdırılması Qərb dövlətlərinin də diqqətindən yayına bilməz...

Prezident İlham Əliyev aprelin 23-də hökuməti tam formalaşdırıb başa çatdırdı. Hələ seçkidən əvvəl hökumətdə gözlənilən dəyişikliklər ciddi müzakirə mövzusu idi. Prezidentin andiçmə mərasimindən dərhal sonra Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin geniş məqaləsində kadr islahatları ilə bağlı tezisləri hökumətin tərkibində ciddi dəyişikliklər olacağının anonsu idi. 

Amma onu da etiraf etmək lazımdır ki, İ.Əliyevin yeni hökuməti ən optimist proqnozları belə yaxşı mənada alt-üst etdi. Artur Rəsi-zadənin yeni hökumətdən uzaqlaşdırılmasının ardınca baş nazirin və müavinlərinin “nəvəsi yaşında olanlar” nazir portfeli almağa başladı.  İnam Kərimov (1977-ci il təvəllüdlü) kənd təsərrüfatı naziri, Sahil Babayev (1980-ci ildə anadan olub) əmək və əhalinin sosial müdafiəsi naziri, Samir Nuriyev (1975-ci il) isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edildi.

Şənbə və bazar günlərinə təsadüf edən bu təyinatların “şok”u adlamamış bəzi nazir və komitə sədrlərinin də təyinatı açıqlandı. Bu dəfə Ceyhun Bayramov (1973-cü ildə doğulub) təhsil naziri, Fuad Muradov (1979-cu il) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri,  Fuad  Nağıyev (1975-ci il) yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri, Vüsal Hüseynov (1980-ci il) Dövlət Miqrasiya Xidmətinin rəisi, Qoşqar Təhməzli (1970) Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyinat aldılar. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə (1977) və vergilər naziri Mikayıl Cabbarovun (1976-cı il) Nazirlər Kabinetində yerlərini qoruduğunu da nəzərə alsaq, hökumətdə olan “qan dəyişikliyi”nin real mənzərəsi daha aydın olar. Yada salaq ki, 2013-cü il prezident seçkisindən sonra kabinetin tərkibində yalnız iki nazir vəzifəsini itirmişdi.  

kollaj manshet 25 aprel.jpg (578 KB)

Azərbaycanda 40 yaşında nazir təyinatı ilk dəfə deyil, amma ilk dəfədir ki, yeni hökumətin tərkibində bu masştabda ciddi dəyişiklik baş verir və nazirlərin doğum tarixində “7"lər bu qədər üstünlük təşkil edir.

***

Hökumətin tərkibində baş vermiş kadr dəyişikliyini  ehtiva edən bir neçə mühüm səbəb var.

Əvvəla, bu, daxili faktorla bağlıdır. İllərdir ki, hökumət əsas etibarilə sovet dövründə təcrübə toplamış məmurlardan və YAP elitasından qurulurdu. Müstəqilliyin ilk dövrlərində mərhum prezident Heydər Əliyev əsasən özü ilə işləmiş  məmurların təcrübəsindən yararlanmağa üstünlük verdi. Azərbaycanda 1993-cü ildən sonrakı illərdə siyasi sabitlik möhkəmlənsə də, yaşlıları əvəz edə biləcək kadr potensialı qıtlığı var idi. Hakimiyyət bunları nəzərə alaraq yaşlılarla işləməyə üstünlük verir, bəzi hallarda hətta buna məcbur olurdu. Amma zaman keçdikcə kadr bazası yaradılmağa başladı ki, bunun da əsasını yenə hakim partiyanın elitası təşkil edirdi. İlham Əliyevin hakimiyyətə gəlməsinin ilk illərində də yaşlı komanda əsas etibarilə görəvdə qaldı.

Son 10 ildə isə zaman-zaman gənclərə nazirlik-komitələrdə və xüsusən Prezident Administrasiyasında “yaşıl işıq” yandırılmağa başladı. Doğrudur, indi adlarını çəkmək istəmədiyimiz bəzi gənc kadrlar hakimiyyətin etimadını doğrultmadı və siyasi sapmalara yol verdikləri üçün karyeralarına son qoyuldu.  Amma müxtəlif nazirliklərdə xaricdə oxumuş, müasir dünya ilə ayaqlaşan və yeni idarəçilik təcrübəsi keçmiş kadrlar fəaliyyətlərini  davam etdirirdilər ki, indi onların bir çoxuna prezident yüksək etimad göstərib.

Ä°lgili resim

Prezident İlham Əliyev bir çox çıxışlarında gənclərə böyük etimad göstərdiyini dəfələrlə dilə gətirib. Seçkidən sonra Heydər Əliyev Mərkəzinin qarşısındakı bayram çıxışında da İ.Əliyev bir daha Azərbaycanın gələcəyini gənclərin müəyyən edəcəyini vurğuladı. Yəni prezidentin gənclər və xüsusən hökuməti “Asan”laşdırmaq siyasəti illərdir ki, hazırlanırdı və 2018 bu məsələdə həlledici il oldu.

Hökumətdə ciddi dəyişikliyi zəruri edən daha bir səbəb, şübhəsiz ki, iqtidarın siyasi sabitlik və iqtisadi tarazılıq yaratması ilə birbaşa bağlıdır.

Əvvəlki təlatümlü illərdə hökumətdə hər hansı bir dəyişiklik əks-effekt verə bilirdi. Təcrübədən də görünüb ki, hökumətdən uzaqlaşdırılan bəzi şəxslər əks düşərgədə yer alırdı. Müxalif düşərgə də onlara dərhal qucaq açırdı. İqtidar komandanın monolitliyini qorumaq üçün ciddi dəyişikliyə xüsusi həvəs göstərmirdi ki, bu da başadüşülən idi. İndi nə əks düşərgə, yəni müxalifət deyilən bir ciddi və güclü qüvvə qalmayıb. Üstəlik, İlham Əliyev faktoru ölkədə siyasi sabitliyin yeganə qarantıdır.

Siyasi sabitliyi möhkəmləndirən iqtisadi “yol xəritələri”nin işlək hala gəlməsi ilə iqtidar xeyli rahatlanıb. Neftin qiymətinin sabitləşməsi manatın kursuna olan təhlükəni aradan qaldırıb. Məhz yaradılmış siyasi sabitlik fonunda İ.Əliyev  xeyli yaşlaşmış, üstəlik, yeni dünyada dəyişən idarəçilik modelini icra etməyə imkanı olmayanları yola salmağa qərar verdi. Prezident Administrasiyası rəhbərinin yuxarıda xatırlatdığımız məqaləsindəki sitatı xatırlatmaq  yerinə düşür. Sitata diqqət edək: “Öz fəaliyyətini siyasi müstəvidəki konyuktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik”.

prezident aparatı ile ilgili görsel sonucu

Hökumətdə dəyişikliyi zəruri edən əsas səbəblərdən biri də, PA rəhbərinin dediyi kimi, zaman itkisinə yol verməməkdir. İlham Əliyevin 7 illik prezidentlik müddətində qarşıya qoyduğu əsas məqsədlərdən biri,  əlbəttə ki, çevik hökumətlə Azərbaycanın qeyri-neft sektorunun inkişafına nail olmaq, əhalinin sosial təminatı və ölkənin xaricdə nüfuzunun daha da artırılmasıdır. Təsadüfi deyil ki, hökumətdə məhz bu üç istiqaməti kurasiya edəcək nazir və komitə sədri dəyişdirilib.

Kənd təsərrüfatı naziri təyin edilən İnam Kərimovun “ASAN xidmət” rəhbəri olduğu müddətdə fəaliyyəti bəyənilirdi. Şəffaflıq prinsipi ilə formalaşdırılan “ASAN xidmət” modelinin, nə qədər qəribə səslənsə də, kənd təsərrüfatında tətbiqi gözlənilir. Kənd təsərrüfatı qeyri-neft sektorunda əsas prioritetdir ki, sabiq nazir Heydər Əsədov bunun öhdəsindən gələ bilmədi. Bu sahədə monopoliya və rüşvətxorluq yığışdırılmadı. Yeni nazir isə kollektiv qarşısında ilk çıxışında əsas  3 fəaliyyət prinsiplərini açıqlayıb: düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq), innovasiyaların tətbiqi. Aydındır ki, bu, sadəcə, gəlişigözəl sözlər deyil, prezidentin yeni nazir qarşısında qoyduğu tələbdir. Gözlənilir ki, ümumiyyətlə, yaxın illərdə hökumət tam “ASAN xidmət” modelinə keçsin. Bunun üçün həm gəncləşmiş komanda və siyasi iradə var.

Nəhayət, yeni hökumətin tərkibi, əlbəttə ki, Qərbdə də ciddi maraq doğuracaq. Sirr deyil ki, Qərbdən zaman-zaman prezidentin komandasının yaşlandığına işarələr edilirdi. Xaricdən gələn bu cür iradlara İ.Əliyevin mövqeyi bəlli olsa da, hökumətin tərkibindəki bu cür ciddi dəyişiklik Qərb dövlətlərinin diqqətindən yayına bilməz. Çünki hökumət bir vitrindir və bunu xaricdən gizlətmək mümkün deyil.

Prezident həm də bu vitrini dəyişdi...

“Yeni Müsavat”

Tarix: 25-04-2018, 10:18
Xəbəri paylaş





Xəbər lenti