İlham Əliyev İsrailə getsinmi....


Elxan Şahinoğlu: “Netanyahu Azərbaycan prezidentinin bu səfərə hazır olduğuna işarə verib”; Elşən Mustafayev: “Kimsənin nə deyəcəyinə məhəl qoymadan orada səfirlik açılmalıdır”

İsrailin baş naziri Benyamin Netanyahu prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. O, İ.Əliyevə prezident seçkilərində qalib gəlməsi münasibətilə göndərdiyi təbrik məktubunda qısa zamanda Azərbaycan rəhbərini İsraildə görəcəyinə ümid etdiyini bildirib.

Baş nazirin bu dəvəti çoxsaylı müzakirələr doğurub. Məlumdur ki, Azərbaycan müstəqillik qazandığı ildən bu günə qədər ölkəmizə rəhbərlik edən prezidentlərdən heç biri İsrailə səfər etməyib. Bunun da bəzi səbəbləri var. İran başda olmaqla müsəlman ölkələrinin İsraillə münasibətləri hər zaman soyuq olub. Xüsusilə, regionun güclü ölkələrindən Türkiyə və İranın bu ölkə ilə əlaqələri olduqca gərgindir. Doğrudur, Azərbaycanın İsraillə münasibətləri gərgin deyil. Əksinə dövlətlərarası əlaqələrdə yaxınlıq var. Ölkəmizin ən modern silahları aldığı dövlətlər sırasında İsrail öndə gələnlərdəndir. Amma o da bir reallıqdır ki, Azərbaycanın Təl-Əvivdə səfirliyi belə yoxdur.

Bütün bu reallıqların fonunda İ.Əliyev İsrailə səfər edərsə, bunun nəticələri barədə mövqelər müxtəliflik təşkil edir.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan prezidentinin İsrailə səfəri təsdiqlənərsə, bu iki dövlətin münasibətləri tarixində yeni səhifə olacaq: “20 il ərzində İsrail prezidentləri və baş nazirləri bir neçə dəfə Azərbaycana rəsmi səfər ediblər. Azərbaycan prezidenti isə bu günə qədər İsrailə səfər etməyib, səfirliyimiz də bu ölkədə yoxdur. Mənə elə gəlir ki, İsrailin baş naziri Benyamin Netanyahu İlham Əliyevi İsrailə rəsmi səfərə dəvət etməklə Azərbaycan prezidentinin bu səfərə hazır olduğuna işarə verib. Azərbaycan-İsrail münasibətləri hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Bunu həm Türkiyə, həm də  İran anlamamış deyillər. İlham Əliyevin İsrailə səfəri reallaşarsa, Azərbaycanın bu ölkədə səfirliyinin açılması prosesi də sürətlənə bilər. Azərbaycanla İsrail arasında iqtisadi əlaqələr genişlənir. Bu baxımdan İsrail hökuməti səfirliyin açılmasını arzu edir. Buna baxmayaraq İsrail hökuməti səfirliyin açılması məsələsində rəsmi Bakını tələsdirmir də. Hər halda bu məsələnin çox uzadılmasının da mənası yoxdur”.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev İsraildə səfirliyimizin olmamasını təəccüblü qarşılayır: “Müstəqillik əldə ediləndən bu günə qədər İsrail dövlətində Azərbaycan Respublikasının səfirliyinin olmaması anlaşılan deyil. Əvəzində İsrailin Azərbaycanda səfirliyi var, iki ölkə arasında əməkdaşlığın elə nöqtələri var ki, dünyada yalnız bir neçə ölkə həmin sahələrlə əməkdaşlıq etmək iqtidarındadır və cəsarətindədir . O zaman bizim orada diplomatik nümayəndəlik açmamağımız təəcüblü görünür. Aydındır ki, Azərbaycan guya bununla bir sıra ərəb dövlətlərini, o cümlədən, İranı incitməmək və ya onlarla münasibətləri korlamamaq üçün edir. Reallıqda isə İsraillə qarşılıqlı münasibətlərimiz bizim onlarla əməkdaşlığımızı istəməyənlərdən qat-qat artıqdır. Türkiyə ilə bağlı əminəm ki, bu məsələdə bir problem olmamalıdır. Həm də Türkiyənin İsraillə hər zaman problemi olmayıb . Münasibətlərdə olan gərginliklər həmişə keçici olub. Digər dövlətlərə gəlincə isə Azərbaycanın öz mövqeyi var və özünün yürütdüyü siyasəti olmalıdır. Azərbaycan Fələstin məsələsi ilə bağlı bir çox hallarda obyektiv münasibət ortaya qoyub. Ona qalsa İsrail dövləti bizimlə əlaqələrin inkişafında maraqlı olmamalıdır. Ancaq bunlara rəğmən Türkiyə xaric kimsənin etmədiyi dəstəyi çox zaman onlardan görmüşük. Səfirlik açacağımız halda hansısa dövlətlərin buna necə münasibət göstərəcəyi isə bizi maraqlandırmamalıdır. Həmin ərəb dövlətləri, İran Azərbaycanın torpaqlarını işğal etmiş, on minlərlə insanı qətlə yetirmiş Ermənistanla diplomatik münasibətləri kəsibmi? Tək Pakistandan başqa yerdə qalanların əksəriyyəti Ermənistanla dost münasibətlərindədilər, hətta yardımlar da edirlər. Buna görə Azərbaycanın mənəvi haqqı olduğu halda həmin dövlətlərə rəsmi etirazlarını bildirib əlaqələri dayandırıbmı? Xeyr. Ona görə də kimsənin nə deyəcəyinə məhəl qoymadan səfirlik açılmalıdır. Ölkə prezidentinin İsrailə səfərinə gəlincə isə hesab edirəm ki, səfirlik açılmadan öncə də ora səfər edə bilər və heç kimin bu addımın əleyhinə bir söz deməyə haqqı da olmamalıdır. Mənə elə gəlir ki, hal-hazırda elə bir dövrdə yaşayırıq ki, açıq siyasət yürütmək vacib faktora çevrilib. Bununla da hamını Azərbaycanın mövqeyinə hörmət etməyə çağırmalıyıq. Kim bizim bu addımımıza anlayışla yanaşıb hörmət etməyəcəksə , onlar zatən əvvəldən də bizə hörmət etməyənlərdir. Belə siyasətin aparılmasında qazanacağımız daha çox olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 25-04-2018, 23:28
Xəbəri paylaş





Xəbər lenti