İrəvan rəqibə çevrilsə, Kreml də ona düşmən olacaq – Yeni hədə

 İrəvandakı hadisələr gözlənilməz idi və Moskva hələlik heç kimə böyük dəstək göstərmir.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Fyodr Lukyanov deyib.
“Moskvada belə qənaət var ki, situasiya tam olaraq Respublika Partiyasının nəzarəti altındadır. Serj Sərkisyan cəmiyyətin əhval-ruhiyyəsini düzgün dəyərləndirə bilmədi. Ona görə də indi baş verənlər gözlənilməzdir. Moskva anlayır ki, bu prosesin daxili səbəbləri var və ictimaiyyət eyni siyasi xadimlərdən yorulub. Buna görə də Moskvanın hadisələrə müdaxilə arzusu yaranmır. Moskva həmçinin özünün favoritlərini də seçmək istəmir. Belə ki, Rusiya bunu etməyi bacarmır. Çoxillik təcrübə göstərir ki, Rusiyanın öz favoritini seçmək cəhdi nəzərdə tutulan nəticəni əldə etməyə mane olur.
Moskva erməni siyasətçilərinin realist olduğunu düşünür. Ermənistanın geosiyasi situasiyası, üzərində olan uzunmüddətli təhdidlər digər ölkələr kimi məsuliyyətsiz davranmasına imkan vermir. Ermənistanda Rusiyaya fərqli yanaşmalar ola bilər, amma fakt odur ki, Rusiya Ermənistanın təhlükəsizliyinin yeganə qarantıdır. Əgər İrəvan Moskvaya qarşı düşmən münasibət göstərsə, Rusiya Ermənistana qarşı eyni mövqeni sərgiləyəcək. O zaman Ermənistanda situasiya kəskinləşəcək. Rusiya hələlik erməni siyasətçilərinin realizminə güvənir.
Hazırda Karen Karapetyan kimi tanış siyasətçi Moskva üçün yararlı ola bilər, amma bu, hələlik, Rusiyanın dəstəyini qazanmaq üçün yeganə kriteriya deyil. Hər şey Paşinyan və Karapetyanın Ermənistanda daxili stabilliyi necə bərpa edəcəyindən asılı olacaq”, – deyə o bildirib.
Tarix: 27-04-2018, 14:57
Xəbəri paylaş





Xəbər lenti